Azad Həsənov azadlığa buraxılıb

Azad Həsənov azadlığa buraxılıb

05-08-2019 14:44 / Bu xəbər 1116 dəfə oxundu

Müsavatçı fəal Azad Həsənov məhkəmə zalından azadlığa buraxılıb. 

Avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasdan sonra fəal 1 şərti cəza ilə azadlığa buraxılıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatdığı elan olub.

Prokuror çıxış edərək məhkəmədən Azad Həsənovun ittiham edildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü ( külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsi) maddəsinin 234.1-ci (şəxsi istehlak miqdarından artıq narkotik maddəni əldə etmə) maddəsinə tövsif edilməsini və onunn1 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

A.Həsənovun vəkili Osman Kazımov çıxış edərək müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Azad Həsənov məhkəmədə son söz deyərən narkotik ittihamını qəbul etmədiyi və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən Azad Həsənov 1 il müddətinə azadlıqdan məhrum edilib. 

Onun barəsində həmçinin Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb. 

Azad Həsənov barəsində 6 aylıq sınaq müddəti seçilib.

İyulun 22-dən iyulun 31-ə qədər Azad Həsənov aclıq aksiyası  keçirmişdi.

Azad Həsənov 2014-cü ildən Litvada mühacir həyatı yaşayıb. 

Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb.

Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. 

İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə Azad Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. 

A.Həsənov da məhkəmədəki ifadəsində ittihamı qəbul etməyib.

Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.

toplum.tv