Azad Həsənovun işi: Müstəntiq suallara cavab verməkdən imtina etdi

Azad Həsənovun işi: Müstəntiq suallara cavab verməkdən imtina etdi

24-06-2019 14:42 / Bu xəbər 1184 dəfə oxundu

Bu gün, iyunun 24-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənovanın sədrliyi ilə Müsavat Partiyasının üzvü, siyasi məhbus Azad Həsənova qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məhkəmədə Azad Həsənovun işini aparan müstəntiq Vüsal Məmmədov şahid qismində ifadə verib.
 
O, Azad Həsənov həbs olunduğu gün onun ailə üzvlərinə məlumat verildiyini və bunun istintaq sənədlərində əks olunduğunu iddia edib. Vəkil Osman Kazımov bu ifadənin yalan olduğunu, istintaq materiallarının isə saxtalaşdırıldığını deyib. 

Vəkil bildirib ki, Azad Həsənovun ailə üzvləri, o həbs edildikdən bir neçə gün sonra da, onun harada olduğunu bilməyiblər və bunu aydınlaşdırmaq üşün DİN-in 102 xidmətinə müraciət ediblər. Osman Kazımov Azad Həsənovun qardaşının 102 xidmətinə müraciətlərini əks etdirən səs yazılarının məhkəməyə təqdim olunduğunu xatırladıb.

Dindirmə zamanı bir neçə dəfə müstəntiq müdafiə tərəfinin suallarını cavablandırmaqdan imtina edib. "Sualı çıxardın” deyən müstəntiqə bu işdə hakim İradə Həsənova da yardım edib.

Məhkəmə iyulun 8-dək təxirə salınıb.

Azad Həsənov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər.
 
bastainfo.com