Azad Həsənovun xanımı səfirliklərə müraciət etdi

Azad Həsənovun xanımı səfirliklərə müraciət etdi

22-03-2019 17:37 / Bu xəbər 1227 dəfə oxundu

Həbsdə olan Müsavat fəalı Azad Həsənovun xanımı Təranə Həsənova Litvada fəaliyyət göstərən Avropa ölkələri səfirliklərinə müraciət edib.  

Bu haqda "Basta”ya Həsənova özü məlumat verib.

Müraciətdə qeyd olunub ki, Azad Həsənov 10 oktyabr 2018-ci ildə xəstə atasını görmək üçün siyasi sığınacaq aldığı Litvadan Bakıya qayıtdıqdan dərhal sonra siyasi motivlərlə həbs edilib və ona qarşı uydurma narkotik ittihamı irəli sürülüb.  

Hüquq müdafiəçiləri Azad Həsənovu siyasi məhbus kimi tanıyıb.

Təranə Həsənova müraciəti İngiltərə, Fransa, Norveç və digər Avropa ölkələrinin Litvadakı səfirliyinə təqdim edib və Azad Həsənovun işi ilə bağlı məlumat verilməsi üçün səfirlik nümayəndələri ilə görüş istəyib.

Artıq müraciətdən bir gün sonra Norveç səfirliyi Təranə Həsənova ilə əlaqə saxlayıb və Azad Həsənovun həbsi ilə bağlı təfərrüatları öyrənib.

Azad Həsənov oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib. 

Evinin yaxınlığında saxlanılan Azad Həsənov narkotika ittihamı ilə həbs edilib. Müsavat Partiyası Azad Həsənova qarşı itihamın uydurma olduğunu bəyan edib. 

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində ona qarşı məhkəmə prosesi davam edir. 

Hüquq müdafiəçiləri A.Həsənovu "vicdan məhbusu” kimi tanıyıblar.