Azad Qaradərəli: Yüz təmiz adam haqqında ağı (YENİ HEKAYƏ)

Azad Qaradərəli: Yüz təmiz adam haqqında ağı (YENİ HEKAYƏ)

22-03-2018 21:11 / Bu xəbər 2955 dəfə oxundu

Kod

(Ön söz əvəzi)
                               Yasaq şeylərə toxunma,
                               Açma sirdirsə hər şey.
                                     Çeslav Miloş
 
Seçilmişlər tanrı yanında da üzü ağdılar. Onları tanrı da seçdi. Əlini çəkdi üstlərinə. Pak ailələrə atıdı onları. Halal süd əmdilər, halal çörək yedilər.Təhsil gördülər. Tərbiyə aldılar. Onların amalı Vətən və xalq, özgürlük, bir də haqq və ədalət oldu.  Kimsənin göz yaşına səbəb olan iş tutmadılar. Kiməsə əzab vermədilər... 
Onlarçün din, dil, irq deyil, insan və insanlıq əsas oldu. Onlar Didro ilə Nəsimiyə, Nizami ilə Hüqoya, Göte ilə Mövlanaya, Sabirlə Homerə, Sədi ilə Şekspirə, Nazim Hikmətlə Əli Kərimə fərq  qoymaz. 
Onlarçün bəşər var, onun idealları və hər kəsə yetəcək arzuları var.
Onların Şarl de Qol olub Fransada,  Pilsudski olub Polşada, Rəsulzadə olub Azərbaycanda, Mandela olub Afrikada, Atatürk olub Türkiyədə, Havel olub Çexiyada doğulmaları şərt deyil. Onların ən böyük adı İNSAN. 
Onları əvvəl tanrı seçdi. Sonra ailələri seçdi. Sonra xalq seçdi. Onlar müqəddəs yolun yolçularıdır. Onlarçün kamil insan var ki, o, nəfsinə tüt deyər, heç vaxt başqasının malına göz dikməz. Onlarçün ailə, nəsil, şəcərə, tayfa, qəbilə deyil, xalq var, dövlət var...
Belələrindən biri də Əbülfəz Elçibəy idi.
Çox az təmasımız olsa da, bu böyük insanı bir neçə dəfə yaxından görmək, əl tutmaq, əhvallaşmaq, mükalimə etmək imkanım olub. Qarabağ, xüsusən Zəngilan işğal olunanda, dövlətçiliyimiz təhlükədə olanda  ondan üz döndərəcək dərəcəyədək  qopdum. Amma hara çönəcəksən? Üzümü hara döndərdimsə, O idi. Yaradanın naqislikləri ilə birgə sevdiyim xalqıma 20-ci yüzilin sonu, 21-ci yüzilin əvvəlində qıydığı yeganə lider. İstəsək də, istəməsək də o idi. Elçibəyə olan istəyim zaman-zaman yerinə qayıtdı – dənizlərdəki qabarma, çəkilmə hadisəsi kimi. Və bir də baxdım ki, Bəydən silsilə hekayələr yazmağa başlamışam. 
Bu silsilə məsələsi bir az çətin işdir. Mən cəmi üç sislilə yazmışam: "Müharibə uşaqları” , ayrıca kitab şəklində Alatoran yayınlarında çıxıb. İkincisi "Dünyanın ən böyük adamı” adlı kiçik hekayələrdir ki, anama həsr etmişəm, zira hələ tamamlanmayıb. Nəhayət, əlinizdəki ağı-hekayələrdir ki, mərhum Elçibəyə həsr olunub. Bu silsilə də hələ bitməyib. Çətin yazılır. Dağdan bir misqal qoparmaq kimi... Amma yazılır. Yazılacaq... Axı o silsilə SEÇİLMİŞLƏRDƏN olan insan haqqındadır. Onu da  tanrı seçmişdi. Sonra xalqı seçdi – axıracan arxasında durmayan, sağ gözü kimi istədiyi xalqı... (Təbii, ilk dəfə xalqa seçmək imkanı verilmişdi – bu imkanı da Bəy  yaratmışdı -  xalq da öz doğru seçimini etdi. Sonradan onu yanlış yola yönləndirsələr də, ox yaydan çıxmışdı. Bu xalq bir dəfə doğru seçim edib. Onun kodunda o həqiqiqət var. Haçan istəsəniz, o düyməni basın, Elçibəy kodu işə düşəcək.) 
Bir də Elçibəyin ustadı, hamımızın öndəri Məhəmməd Əmin Rəsulzadə var bu silsilədə. O kişinin azadlıq mücadiləsi və bu savaşda ona yardımçı olan həyat yoldaşı polyak qızı Vanda xanım...
Və sonda. Bu mövzu, nə yazıqlar ki, bu gün yasaqdır.  Amma zaman-zaman yasaq olan nəsnəyə maraq olub həmişə. Və o şey ki əbədidir, ölümsüzdür, onu yasaqlar belə gizləyə bilməz.  
 
("Demokratiya haqqında ağılar" silsiləsindən)

- Göydən qada gələcey... Göydən qada gələcey... Qada... gələcey...

"Tıq-tıq-tıq”... Onun özündən qabaq  "yeriyən” çubuğunun səsidir. Dediyi sözlərin sanki ahəngini tutur bu səslər: tıq-tıq-tıq... Küçənin sakitliyində adamın beyninə işləyir. Kimsəsiz otaqda divar saatının səsi adamın əsəblərinə necə toxunar, bax elə...

Həmişə bu vaxt – gecədən xeyli ötmüş çubuğunu asfalta döyəcləyə-döyəcləyə gəlib burdan keçir məşhur sözlərini deyə-deyə: "Göylərdən qada gələcey...”

Mən də, əslində dükanı o vaxtlar bağlayıram. Günün istisində işləmək olmur, ona görə gündüzün xeyli hissəsini gedib bu şəhərin hər yerindən görünən binanın 6-cı mərtəbəsindəki mənzilimdə yatıram. Balkonun qapı-pəncərəsini taybatay açıram, otaq sərin olur. Başımı atıb axşam sərini düşənəcən yatıram, sonra da gəlib dükanımı açıram. Dükan deyəndə ki...

Bura şəhərin mərkəzinə yaxın yerdir. Zərgərpalan küçəsi...  Əlini  uzat, Beşmərtəbədir... Atam da, babam da, burda doğulub. Yox, yalançıya lənət. Atam doğulmağına burda doğulub, amma babam həmşəridir. Ərdəbil əhliymiş. Gəlib burda neft buruğunda işləməyə, evlənir, o qalan qalır...

Dükanımla üzbəüz  doqquzmərtəbə bu tərəflərdə yeganə çoxmərtəbəli binadır. O vaxt, yetmişlərdə tikilib. Atam Neft Daşlarında işləyirmiş, bu binadan ev veriblər. Zərgərpalandakı dar, alçaq tavanlı, üfunətli ikiotaqlı həyət evindən canımız qurtarıb.

Mən də neftçiydim. Qəza oldu, qıçımdan ağır yaralandım. Bir il xəstəxanalarda süründüm. Axırı, "Taytaq Lətif” ayaması qazanıb bu dükanı açdım. Bir yanı doğrudan dükandı: qənd, çay, zavod çörəyi, sabun, duz, lezva, konfet-şirni, çərəz, düyü... nə bilim axı, gündəlik mallar. Bu biri tərəfini sonralar açmışam. Ayaqqabı təmiri yeridir. Elə bil allahdan mənə vəhy gəldi: bir gün gedib qəlib aldım, ayaqqabı təmiri üçün lazım olan dəri, badoş-filan tədarükü gördüm... Və başladım bu işə...

...Oturmuşam bir boy-buxunlu kişiynən üzbəüz. Deyir, həm boyca hündürəm, həm də tutduğum vəzifə elədir ki, bax o qənşərdəki doqquzmərtəbə bina kimi hamı görür məni. Ayaqqabılarım yamanmalıdır. Amma elə yama ki, yamaqlı olduğu bilinməsin. Sonra yaxşıca mazla, təzəyə oxşasın...

Məəttəl qalsam da, bu adama qanım qaynayır. Elə bil Neft Daşlarında birgə işləmişəm bununla. Siqaretini tüstülədə-tüstülədə deyir ki, 100 adam axtarıram, tapa bilmirəm. Çox demirəm, 100-cə adam lazımdır mənə. Bir, savadı olsun; iki, tamahkar olmasın; üç, ölkənin müstəqilliyini, azadlığını dəstəkləsin, öz milli kimliyini tanısın...

"Tapa bildüz” deyirəm. Ah çəkir:

"Yüz nədi, heç onunu tapa bilmədim. Kimi irəli çəkdim, cibini güddü. Ölkənin mənafeyini yox, ailəsinin mənafeyini düşündü. Sovet tankının qabağında duruş gətirənlər pulun qabağında dayana bilmədilər...”

İstədim deyəm ki, a bəy, neynəsinlər e, sənin kimi yamaqlı ayaqqabıdamı gəzsinlər? Deyəmmədim. Qıymadım...

Onda gördüm,  küçənin yuxarı başından çıxdı, azançı səsi kimi qəhərli avazla məşhur  sözlərini "tıq-tıq-tıq” sədaları altında söyləyə-söyləyə baş götürüb gəldi: "Göydən qada gələcey... Qada  gələcey... gələcey...”

Kişi dik qalxdı. Bizə yaxınlaşan sürücüsünə nəsə deyib qayıdıb yerində oturdu. Sonra üzümə baxıb gülümsündü. "İndi yəqin deyirsən ki, bu yamaqlı ayaqqabı geyənin ədasına bax, hə? Köhnə çust geyir, rüşvət almayan adam axtarır... Məhəmməd Peyğəmbər, İsa Peyğəmbər dünyaya ağalıq edəsi kişilər olublar, amma dünyanın ahəngini pozmayıblar... Bilirsən, səninlə niyə bir belə söhbət edirəm? Pinəçilər, dərzilər, dəlləklər dünyanın ən qədim peşə sahibləridilər... Sizlərin bilmədiyi şeyə qurd düşər. Bax, o kor qocanı görürsən? Dünya onun çubuğunun həngindən asılıdır. Arximed necə demişdi? Bir dayaq nöqtəsi verin, dünyanı mehvərindən tərpədim... Bax, əzizim, dünya o korun çubuğundan həng alır... O çubuğa tapınan bu dünyanın sahibidir... "

Yamadığım ayaqqabını geyinir, sevinən kimi olur. İnsafən heç yamaq yeri hiss olunmur. Axı qara maz da vurmuşam. "Əlinə sağlıq” deyib cibindən pul çıxardır. "Qonaq olun” deyirəm. Razı olmur. Mənim kiçik pəncərəmdən haralara isə baxır və qayğılı-qayğılı deyir:

”Mənim yüz təmiz adam haqqında nağılım sizi kədərləndirməsin. Biz böyük millətik. Analarımız bu gün o yüz adamı doğmadısa, yarın hökmən doğacaq... Ehhhh... Bir filosofumuz olub, Şeyx Cəmaləddin Əfqani  adında... Onun bir ağrılı deyimi var:”Qəddarlıq qılıncı qoymadı ki, Şərq xalqlarının oyanmasını görəm. Cəhalətin mənfur əli imkan vermədi ki, xalqların azadlıq deyən səsini eşidəm. Bax, o kişini də bizim ana doğub. 19-cu əsrin böyük mütəfəkkiri olan Əfqani Əfqanıstanın baş naziri olub, Tehranda farsca, İstanbulda türkcə, Londonda ingiliscə, Parisdə fransızca, Moskvada rusca  çıxışlar edib...”

...Qabaqdan  sürətlə gələn maşın korun düz iki addımlığında yeri eşib güclə dayandı. Səsdən diksinib ayıldım. Bu nə yuxuydu görürdüm?..

..Səksən yaşlarında bir qocadır bu dəfəki müştərim. Yox, daha bu yuxu deyil... aşkarda gördüyümdür... Bir də  kim deyir ki, o boy-buxunlu, ayaqqabısını yamadığım kişiylə olan yuxuymuş? Yuxu-zad deyildi... And olsun bizi yaradana. Mən sonralar o kişini gördüm! Elə bu küçədə. Sürücüsüylə gəlmişdi. Düşüb siqaret yandırdı. Mənə də başıyla salam verib keçdi. Nəsə xəstəhaldı, özündə deyildi. Sürücü isə qoltuğunda bağlama kor kişinin dalınca bizim bloka girdi...

... -Bu da ağzın açdı də genə!.. – Qoca hıqqıldaya-hıqqıldaya deyir və korun sözlərinin təqlidini çıxardır. "Qada gələcək, qada gələcək ... Cəhənnəmə gəlsin!..” Day bunnan sohra nə qadabazlıxdı...

Mən Qarabağdan qaçqın düşmüş, bizim binada oğluyla qalan qocaya çəp-çəp baxıram:

- Sən ağsaqqalson, belə nöş danışırsan?! Deginən ki, allah qorusun... allah mınnan betərünnən saxlasun!..

Qoca həsdiyir:

- Hə, orası elədi, ay oğul... Mənim sürüynən malım vardı, qoyunum vardı... Ailədən birinə  qada-bala gələndə əlin-ayağın  yuyub tökərdik  pəyədə mal-heyvanın üstünə ki, qada-bala mala gəlsin... İndi  malımız da yoxdu... bir günün içində qaldıq biyabanda... Yiyəmiz yoxdu... Ənəhtdikdi, başlı-başın saxlasındı...

Qoca  altını dəyişdiyim ayaqqabısını alıb gedir. Gedə-gedə öz-özünə nəsə deyir. Çox qulaq versəm də sözləri anışdıra bilmirəm. Təxminən belə qımıldanırdı: "Yaram yarama sarmadı... Sarmam sarmada durmadı...” Sonuncu sözü yaxşı tutmadı qulaqlarım: "durmadı” dedi, ya "durnadı”?

                                                       ***
İndi müştərim həmin tanıdığınız Kordur. O qədər vərdiş edib ki, oturduğu yerdə çubuğunu döşəməyə vurur. Amma tez yadına düşür ki, əlini saxlayır.

- Əşi, Əlqəmə kişi, neynürsen? Keyfün, halun?

- Eeee... Nə keyf, alə? Keyf hayannan olsun? Biri vardu,  yaxçi xozeyindü, əşağda çörey zavodunun direxduruydu - Əlsəmüd müellim... Altı iliydi çöreyimi müfte-müsəllah verdigi bes degüldü, helə  ayda bir dəyfə əlli manat donnux da verürdü mənə... Öldü aqibetüxeyir. Meni de qoydu yaman güne...

Hirs vurur başıma:

 - Əlqəmə kişü! Alə ayıb dögül? Deynən allah rehmet elesün, yeri behişt olsun... Yoxsa başlamısan ki, aqibetixeyir-filan...

Kişinin dozanqurdu deşiyinə oxşayan göz çalaları çevrilir, uşaq kimi büzüşür:

- Dimədüm, alə? Kül menim başıma olsun hələ! Allah min rehmet eləsün! Senün de atonan bərabər! Surətül, mübarəkətül fatihə! Min rehmet!.. Başım qaçub, həmşərim! Bəğişdə...

Hə, bu Əlqəmənin babası Ələkbər kişi mənm babamla  Ərdəbildən gəliblər o vaxt. Əlqəmənin atası  savadlı adam olub. Xalq Təsərrüfatı  İnstitutunu  bitirəndən sonra atası aparıb Mirzə İbrahimovun yanına. Mirzə müəllim onu düzəldib  nazirlikdə işə. Sonra kişi gedib müharibəyə, tək ayaqla qayıdıb. Bir arvadı, bir özü, bir də bu anadangəlmə kor Əlqəmə bizim bu Zərgərpalanda yaşadılar uzun illər. Dinməz-söləməz, sakit, başıaşağı ailəydilər.

Sonra bizim binadan atasına müharibə əlili kimi ev verdilər. Yazıq Əlqəmə atası ölüncən heç yerə çıxmadı. Bax, binanın həyətindəki o taxta stolda oturmaqla günü axşam eliyərdi. Ta ki, evləlincən. Aşağı küçədəki dul Zamirəni aldı və  uşaqları olan kimi zamirə kişini qabağına qatıb apardı idarələrə, Beşmərtəbədəki mağazalara, kafelərə dilnməyə...

Elə o vaxtdan Əlqəmə çöllərdədir. Gecədən keçmiş gəlir evinə çubuğunu tıqqıldada-tıqqıldada. Və məşhur kəlamını söyləyə-söyləyə...

 - Əlqəmə, dalıncan bir maşun gəlir, kimdür alə, onnar?

 - Mən nə bilim, alə? Gözüm görür bəyəm? Soruşmax da əyib olar axı?

 - Babat kömek eilyüller?

 - Allah bərəkət versün... Olanda pul  verürlər, olmıyanda yemey-içmey getirürlər... Keçen dəyfe bağlamıya bir arax da qoymuşdular... İstiyirəm e, mən də o kişiylə üzbesuret danışam, bir çox sağol diyem, amma özü üze çıxmur, gələn şoferidür...

- Özü maşınnan düşmür... Düşəndə də fikirlü-fikirlü siqaret çəkir... İnanmayassan, Əlqəmə... Ayaqqabısının yanı partlamışdı... Xahiş etdü ki, elə yamamaginen, ama elə yama, yamağı bilünməsün...

Əlqəmə dik qalxdı, çubuğunu yerə çırpa-çırpa üstümə gəldi. Amma ki,  görmədiyinə görə ayrı səmtə üz tutdu və bağırdı:

- Yalan deyürsən, qafil oğlu qafil! O kişü varlı adam olmalıdur! Gözüm kor olmağına kordur. Amma hissiyyatım var axı! Mənə gələn yeməklər ən bahalu yeməklər olur! Lüle, tike, cüce-plov, çoban kababı... Alə, sen heç çoban kababı yemüsen?! Hardan yiyeceksen ki? Sen, sen, həmşerüm, mənüm dostuma böhtan atma! O çox kişi adamdur!..

Cibindən bir paçka KAMЭL  siqareti çıxardıb yenə mənə yox, ayrı səmtə uzadır:

- Alə, dəsterxana mınnan qoyur e! Bu Keml bilirsen neçiyedür?

Əlqəmə çubuğunu yerə döyə-döyə qapıdan çıxır. Çıxa-çıxa da bu dəfə lap ucadan deyir:

- Göyden qada gelecey! Daş yağacey!

                                                                  ***
Bu əhvalatın üstündən bir xeyli keçdi. Bilmirəm, bir ilmi, ya iki ilmi?.. O maşın indi dəyişmişdi, daha bahalı, dövlət nömrə nişanlı maşın olmuşdu. Amma sürücü həmin adamdı. Dəyişən o idi ki, kişi özü gəlmirdi. Və o kişini mən, artıq tanımışdım. Uzun boylu, gur saçlı, gödək saqqallı adamdı. İndi onu ölkədə tanımayan yox idi...

                                                                ***

Bir gün Əlqəmənin arvadı Zamirə bir torba uşaq ayaqqabısı tökdü qabağıma ki, ay usta, bunları yamaginən, uşaqların ayağı yalındır. Dilim dilim olasan dilim! Özümü saxlaya bilmədim, qayətdım ki, ay Zamirə, nöş kişini aparmırsan Beyin yanına? İndi o ölkenin yiyesüdür axı?

Arvad ayağı ilə yeri eşələyə-eşələyə inamsız-inamsız gülümsündü:

- Lətüf qədeş, sən bu işi hardan bilürsən?.. Hə-hə... Burdan görmüsən... Bilürsən, o imkannı adam döyül ha... Ölkənin sahibi olmağına baxmaginən... Getmişdim yanına... Pendir-çörək yeyirdi... Motal pendiri... Düzdür e, tapşırdu, mənə klubda süpürgəçi işi verüblər, əmbə o səndiyen var-dövlət yoxdu o adamda... Əlqəməyə də maaşını alannan-alana kömey eliyir... Allah canınu sağ eləsün...

                                                                     ***

Bir neçə il keçdi. Daha o sürücü də gəlmirdi. Eşitdim ki, Bəy naxoşdur. Bir xeyli sonra isə rəhmətə getdi... Deyirlər ki...

Qoy başdan danışım. Demək, Yuxarı Dağlıda bir professor qalırdı. Bir gün gəlmişdi yanıma. Ayaqqabısını  gətirmişdi. Ordan-burdan danışdıq. Söz gəlib çıxdı o Bəyin üstünə. Professor dedi ki, mən onda İstanbuldaydım. Dedilər, Bəy xəstədir, İstanbula gətiriblər. Getdim yanına. Soruşdu yenəmi Yuxarı Dağlıda qalırsan? Dedim hə. Dedi orda bir kor Əlqəmə vardı, durur? Dedim durur. Gözləri doldu. Sürücüsünü çağırtdırdı. Qulağına nəsə dedi. Sonra mənə sarı döndü:

- Yadınızdadır, mənə 100 adam verin dedim! Yüz təmiz adam... Ölkəni idarə edərəm o yüz adamla... Tapılmadı o yüz adam... Hamısı julik, maşennik çıxdı... Mən də ki, hamıya inanan, fağırın biri... Üzümü  çevirmişəm bu yana, onlar o yandan ölkəni çapıb-talayırlar... Əlqəmə bilirsən nə deyirdi? Çubuğunu yerə döyə-döyə deyirdi: "Qada gələcək! Göydən qada gələcək! Daş yağacaq...” Yağdı da! Gəldi də qada!.. Qadanın buynuzu olmaz ki... Ölkəmizdə bilirsən nə qədər ac Əlqəmə var? Bir Əlqəməyə çörək verməklə iş düzəlməz ki... Mən onların hamısına çörək vermək istəyirdim... Eləyə bilmədim... Bu gün Əlqəmə yadıma düşmüşdü...

Gözləri doldu, hamımızı qəhərləndirdi...

                                                                  ***

Bəy, neçə gün olardı ölmüşdü. Daha sürücü də görünmürdü. Amma bir gün o sürücünü gördüm. Takisylə gəlmişdi. Qucağında da böyük bir bağlama. Deyəsən, bağlamadakı qazan idi.  Girdi bloka, heç on beş dəqiqə çəkməmiş çıxıb getdi.

Üstündən bir az keçmişdi ki, binanın balkonundan Əlqəmənin zarıltısı eşidildi:

- Ay allah oyyyyy! Ay yeri-göyü xəlğ eliyən, nöş onu öldürdün? Mən burda dura-dura nöş o öldü?! Ay allah, ay ana vayyyy! Üüüüüüüü, ühüüüüüüüüü!.. Nöş daş yağmır? Nöş qada gəlmir? Üüüüü-ühüüüüüüü.....................

O gecə Əlqəmənin zarıltısından Zərgərpalandakılar yatmadılar.

Zamirə and içirdi ki, plovun ölüsü olan Əlqəmə Bəyin qırxına bişirilmiş ehsandan dilinə də vurmadı.

08.01.2016