Azadlıq üfüqlərindən doğan günəş

Azadlıq üfüqlərindən doğan günəş

31-01-2019 17:27 / Bu xəbər 1814 dəfə oxundu

Vüqar Mirzəbəy

Əbəs yerə deyilməyib ki, Azərbaycan kiçik ölkə olsa da, böyük insanlar yetişdirib və itirib. 

Mən bu fikirlə sonuna qədər razıyam. Ümumiyyətlə, Azərbaycanın, azərbaycanlıların, Azərbaycan mədəniyyətinin nə qədər aşağı səviyyədə olduğu gerçəyi ilə tam şəkildə razılaşanlardanam. 

Bunu təhqir olaraq qəbul etməyin, tarix boyu əzilən, sıxışdırılan, istismara məruz qalmış, mədəni cəhətdən geridə qalmış olduğumuz gerçəyi tarix kitablarının vərəqlərini çevirdikdə daha aydın olur. Baxmayaraq ki, həmin kitablarda millət olaraq neçə geridəqalmış olduğumuz açıq şəkildə yazılmayıb. 

Lakin tariximizdə elə bir dövr var ki, bəzən həmin dövr haqqında danışmaq, yazmaq, film çəkmək, kitab nəşr etdirmək həmin dövrün nə qədər möhtəşəm olduğunu ifadə etməyə bəs etmir. 

Elə möhtəşəm dövrdür ki, 23 ay olmağına baxmayaraq bütün tariximizə bədəl ola biləcək səviyyədədir. Səhv anlamayın, həmin dövrü möhtəşəm edən azərbaycanlıların qəhrəmanlığı, igidliyi, şücaəti yox – bir neçə ziyalının əl-ələ verərək bu "qara camaat”a bir gün ağlamaq istəyidir. 

Həmin dövr elə bir günəşdir ki, o bu torpaqlar üzərində cəmi bir dəfə doğub, sonra da batırılıb. Sonrası isə yoxdur, ondan sonra biz də bata-bata getmişik... 

Başda Rəsulzadə olmaqla digər həqiqi ziyalılarımız tərəfindən xalqımıza verilən o nemət bu gün təəssüflər olsun ki, tapdaqlar altındadır. 

Bu gün Rəsulzadə adlı günəşin Azərbaycan adlanan məmləkətə azadlıq üfüqlərindən doğduğu gündür. 

O elə bir günəşdir ki, bizlər o günəşi kölgəsinə hər daim möhtacıq. Lakin yanlış anlaşılmasın, bizlər Rəsulzadənin ideyasına, əqidəsinə sadiq olmalıyıq, onun əqidədaşı olmalıyıq. Yoxsa ki, əslində, o da adi bəşər övladıdır və hazırda qəbrində sümüyü belə qalmayıb. Lakin onun fikirləri, ideologiyası adi deyil, əksinə ölməzdir!

Faktlar onu göstərir ki, tarix boyu bəzi şəxsiyyətlərin cəmiyyətə olan qatqılarından narazı olan, gözü götürməyən insanlar peyda olub. Bax bu bir xalqın tarixində ən qorxulu haldır. Lakin ondan da qorxulu hal ondan ibarətdir ki, həmin insanlar idarəetmədə yer alsınlar, xalqın gələcəyinə istiqamət verə bilmək qüdrətləri olsun. 

Bir çox nümunə göstərmək olar bu hala. Düşünəndə ki, belə şeylər öz vətənimizdə baş verir, insanın içini qəhər bürüyür... Lakin bilməli olduğumuz odur ki, gələcəyə ümidlə baxmaq, Rəsulzadə və cümhuriyyət ideaları ilə yaşamaqla öz taximizi unutmarıq, əksinə o fikirləri öz qəlbimizdə yaşadarıq.

Unutdurmağa çalışsalar da, barelyefini oğurlasalar da, onu bizim qəlbimizdən silə bilməyəcəklər. Necə ki 70 illik Sovet hakimiyyəti Onu və cümhuriyyəti bizlərə unutdura bilmədi. Çox qüdrətli ola bilərlər, lakin qəlbimizdə olan cümhuriyyət sevgisini yox etməyə gücləri çatmaz.  

Və elə Rəsulzadənin dediyi kimi şübhəsidir ki, bir gün həqiqət parıldayacaq! 

Bizlər yenə o sönməz günəşin kölgəsində olacağıq, onu bizə unutdurmağa çalışan qara buludların yox. 

Doğum günün qutlu olsun, cənab Rəsulzadə...