Azər Qasımlı: Milli Məclis konstitusiya pozuntusuna yol verib

Azər Qasımlı: Milli Məclis konstitusiya pozuntusuna yol verib

05-05-2019 16:34 / Bu xəbər 1262 dəfə oxundu

''Parlament imzaları yoxlanması üçün MSK-ya göndərə bilməzdi''

"REAL Partiyasının Milli Məclisə təqdim etdiyi qanun layihələrinin prosedur qaydaları pozulub”.

ONA-nın məlumatına görə, bu qənaətə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində gəlinib.

Mayın 3-də keçirilən iclasda Milli Məclisə qanun layihələrinin təqdim edilməsi ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, ümumxalq səsverməsi ilə ölkə Konstitusiyasına edilən əlavələr və dəyişikliklərdən sonra seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü hüququ 96-cı maddədə öz əksini tapıb. Burada aydın şəkildə qeyd olunur ki, vətəndaşların bu hüquqdan istifadə etməsi qaydası qanunla tənzimlənir.

İclasda bildirilib ki, Milli Məclisə bir qrup vətəndaşın imzası ilə bir neçə qanun layihəsi daxil olub. Bununla bağlı imzaların yoxlanılması üçün işçi qrupu yaradılıb.

İclasda iştirak edən Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev işçi qrupunun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, aparılan araşdırma zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, sənədlərdə olan 41500 vətəndaşın imzası nəzərdən keçrilib və əldə edilən nəticəyə əsasən, lazım olan 40 min imza toplanmayıb.

Müzakirələr zamanı komitə üzvləri Elşən Musayev, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Sabir Hacıyev, Tahir Kərimli məsələ ilə əlaqədar öz fikirlərini açıqlayıblar, bu sahədə dünya təcrübəsindən danışıblar. Müzakirələrin sonunda qərara alınıb ki, Azərbaycan Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin prosedur qaydaları pozulduğuna görə müzakirəyə çıxarılmasın.

ReAL Partiyasının Məclis başqanı Azər Qasımlı isə Meydan TV-yə deyib ki, Milli Məclisdə iştirak edən MSK üzvü Etibar Quliyev ReAL-ın adını çəkməyib və bu, qeyri-müəyyənlik yaradır:

"Biz nə bilək ki, söhbət ReAL Partiyasından gedir? Məlumatda partiyanın adı çəkilmir, bir qrup vətəndaş deyirlər. Konkret hansı qanun layihəsindən söhbət getdiyi də qeyd olunmur. İkinci, parlament imzaları yoxlanması üçün MSK-ya göndərə bilməzdi, bu, qanun pozuntusudur. MSK-nin funksiyası seçki keçirməkdir, Konstitusiyanın 96-cı maddəsində vətəndaşların təsbit olunan hüquqları ilə bağlı hansısa prosedur qaydalar keçirməkdən ibarət deyil. Heç yerdə MSK-nın 40 min imzaları yoxlaması yazılmayıb, bunu Milli Məclis etməlidir. Yəni Milli Məclis prosesi düzgün istiqamətə yönəltməyib və konstitusiya pozuntusuna yol verib. Üçüncü, məlumatda neçə imzanın saxta olması məlum deyil. Mən spiker Oqtay Əsədova müraciətimdə Konstitusiyanın 96-cı maddəsinə istinad etmişəm, bildirmişəm ki, rəsmi cavab gözləyirik, artıq 2 ay keçib, hələ cavab yoxdur. Biz rəsmi məktub göndərmişiksə, rəsmi cavab alandan sonra reaksiyamız olacaq. Yəqin ki, bazar ertəsi, mayın 6-da media açıqlamımız yayılacaq, hansı addımlar atacağımızı qeyd edəcəyik”.