Azər Qasımlının xanımı: "Hətta uzanmalarına belə imkan vermirlər"

Azər Qasımlının xanımı:

04-06-2018 19:10 / Bu xəbər 3358 dəfə oxundu

Bakı Apellyasiya Məhkəməsi REAL Partiyasının təmsilçiləri Azər Qasımlı və Nəriman İsmayılovu həbsdə saxlayıb. 

Bu gün, iyunun 4-də onların apellyasiya şikayətləri rədd edilib.

Bu haqda məhkəmədən sonra vəkil Elçin Sadıqov məlumat verib.

Azər Qasımlının həbsindən verilmiş şikayətə hakim Qədim Babayevin, Nəriman İsmayılovun şikayətinə isə hakim Vaqif Mirsaqulovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.

Elçin Sadıqovun deməsinə görə, proseslərdə rayon məhkəmələrinin REAL təmsilçilərinin inzibati qaydada həbs edilməsi barədə qərarları qüvvədə saxlanıb.

Vəkil deyib ki, bunu "qanunsuz və əsassız” sayır.

"Hüquqlarını müdafiə etdiyimiz şəxslərlə məsləhətləşib, bundan sonra atacağımız addımları müəyyən edəcəyik”, - vəkil bildirib.

Azər Qasımlı və Nəriman İsmayılovun məhkəmə prosesində iştirakı təmin edilib.

Azər Qasımlının məhkəmədə çıxış etdiyi və həbsinin əsassız, qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyini bildirdiyi söylənir. Onun çıxışı haqda həyat yoldaşı Samirə Qasımlı məlumat verib.

Həyat yoldaşı ilə də görüşmək imkanı əldə edən Samirə Qasımlının dediyinə görə, Azər Qasımlı bildirib ki, həbs edilərkən təqsirsizlik prezumpsiyası pozulub: "Şahid ifadələri olmadı, məhkəmə polisin ifadəsinə söykənərək qərar qəbul etdi. 30 gün inzibati həbs cəzası ilə bağlı yüngüllüşədirici hallar da nəzərə alınmadı... ”.

O, həbsinin siyasi sifariş olduğunu ifadə edib.

Həyat yoldaşı ilə söhbətləşən Samirə Qasımlı REAL-çıların saxlanma şəraitinin dözülməz olduğunu da bildirib: "Mən saxlanma şəraiti ilə bağlı Azərdən soruşdum, o bunu bircə kəlmə ilə "gestapo rejimi” ilə müqayisə etdi. Bir həftədir ki, REAL-çıların yaxınları ilə görüşməsinə, telefonla danışmasına belə icazə verilmir. Bütün günü otaqda saxlayırlar, havaya çıxmalarına, başqaları ilə təmas qurmalarına, hətta uzanmalarına belə imkan vermirlər”.

Samirə Qasımlının bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Ancaq bundan əvvəl rəsmilər dəfələrlə bəyan ediblər ki, Azərbaycandakı təcridxana və cəzacəzaçəkmə müəssisələrində saxlanan şəxslərə heç bir ayriseçkilik göstərilmir, onlarla qanun çərçivəsində davranılır. Üstəlik, rəsmilər bəyan edirlər ki, Azərbaycanda insanlar siyasi baxışları ilə bağlı yox, törətdikləri əmələ görə məsuliyyətə cəlb edilirlər.

Mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL Partiyasının üzvləri, ayrı-ayrı fəallar və vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirakı ilə yürüş keçirilib. Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlıya 30 sutka həbs cəzası verilib.

Polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah etmişdi.

Mayın 30-da isə Nizami Rayon Məhkəməsi eyni ittihamla REAL Partiyası təmsilçisi Nəriman İsmayılova 30 sutka inzibati həbs cəzası verib. Son günlər REAL Partiyasının ümumilikdə 4 üzvü inzibati qaydada cəzalandırılıb.

REAL-çılar İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib.

Söhbət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan gedir.