Azərbaycan Belarusla silah sazişi imzaladı

Azərbaycan Belarusla silah sazişi imzaladı

19-11-2018 18:09 / Bu xəbər 1455 dəfə oxundu

Noyabrın 19-da Azərbaycan və Belarus prezidentlərinin görüşündən sonra onların iştirakı ilə sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC-ın xəbərinə görə, iki ölkə arasında sosial-əmək, rabitə və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıq haqqında sənədlər imzalanıb. Habelə, iki ölkənin fövqəladə hallar nazirlikləri 2019-2021-ci illər üzrə Kompleks Tədbirlər Planına qol çəkiblər.

Bundan başqa, «Azərbaycan Müdafiə Nazirliyi və Belarus Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu» bağlanıb.

Eyni zamanda, kənd təsərrüfatı, məhkəmə-ekspertiza fəaliyyəti sahələrinə aid də əməkdaşlığa dair sənədlər imzalanıb.

İmzalanan sənədlər arasında prokurorluq orqanlarının əməkdaşlığı məsələsi də yer alıb.

Eləcə də, miqrasiya sahəsində əməkdaşlıq haqqında saziş bağlanıb.

Azərbaycan Rusiya, İsrail və Pakistanla yanaşı, Belarusdan da silah alır. Məsələn, Azərbaycan Belarusdan bundan əvvəl «Polonez» reaktiv yaylım atəşi sistemi alıb.

***

Belarusda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə həmkarı Aleksandr Lukaşenko arasında təkbətək görüş olub.

Bu barədə AZƏRTAC məlumat verib.

Ticarət Evi ilə tanışlıq

Prezidenti İlham Əliyev noyabrın 19-da səhər saatlarında Minsk şəhərindəki «Qələbə» meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Dövlət başçısı Minskdə daha sonra «Azərbaycan Ticarət Evi» ilə tanış olub.

Minskdə «Azərbaycan Ticarət Evi» 2017-ci ilin mayında açılıb.

Prezident İ.Əliyev noyabrın 18-i gecə saatlarında Belarusa səfər edib.

İlham Əliyev Belarusa səfər edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına gedib.

AZƏRTAC-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İ.Əliyevi Belarusun baş nazirinin müavini Mixail Rusıy və başqa rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Azərbaycan və Belarus dövlət başçılarının görüşü və iki ölkə arasında əməkdaşlığa dair bir sıra məsələlərin müzakirəsi gözlənir. Azərbaycan Rusiya, İsrail və Pakistanla yanaşı, Belarusdan da silah alır.