Azərbaycan beynəlxalq təşkilatların hesabatında - 2017

Azərbaycan beynəlxalq təşkilatların hesabatında - 2017

25-12-2017 16:40 / Bu xəbər 879 dəfə oxundu

Beynəlxalq təşkilatların il ərzində Azərbaycan haqqında dedikləri 

2017-ci ildə beynəlxal təşkilatların yaydığı hesabatlarda Azərbaycanın yeri harada oldu? 

Ölkədə medianın, dinin, demokratiyanın, korrupsiyanın durumu necə oldu? 

İl ərzində beynəlxalq təşkilatların yaydığı hesabatların görə yaşadığımız ilin yekunları aşağıdakı kimi olub:   

"Freedom House” insane haqları təşkilatının aprelin 4-də açıqladığı "Keçid ölkələri 2017” (Nations in Transit 2017) hesabatında deyilir ki, Azərbaycanın demokratiya balı 7-dir. Bununla da Qafqazda sonuncudur. Gürcüstanın balı 4.61, Ermənistanda isə 5.39-dur.  

Beynəlxalq "Transparency International” təşkilatının illik açıqladığı "Korrupsiyanı Qavrama İndeksi”ndə Azərbaycan Afrikanın Cibuti, Sierra Leone, Cənubi Asiyadakı Laos, Mərkəzi Amerikadakı Honduras, Paraqvay respublikaları, Meksika və Moldova ilə bir sıradadır. Qafqazın isə korrupsiya çempionudur.

Hesabata görə, ötən il 119-cu yerdə olan Azərbaycan, bu il 30 xalla 123-cü yerdə qərarlaşıb. Ermənistan 33 xalla 113, Gürcüstan isə 57 xalla 44-cü yerdədir.

Rusiya və İran 29 xalla 131-ci, Türkiyə 41 xalla 75-ci yerdədir.

"The Economist Intelligence Unit” beynəlxalq təşkilatının açıqladığı 2016-cı ilin demokratiya indeksində isə Azərbaycan 165 ölkə arasında 148-ci, Qafqaz ölkələri arasında yenə sonuncudur.

Zimbabve (140), Qambiya (143), Cibuti (145), Bəhreyn (146), Birləşmiş Ərəb Əmirlikləri isə (147) sonar gəlir. Azərbaycandan sonar Əfqanıstanın, Afrikanın Burundi və Sudan respublikalarının və s. adı çəkilir.

Gürcüstan demokratiyanın dərəcəsinə görə 78, Ermənistan 120-ci yeri tutub. Türkiyə 97, Rusiya 134, İran 154-cü yerdədir.

Demokratiyanın səviyyəsinə görə birinci yerləri tutanlar Norveç, İslandiya, İsveç, Yeni Zelandiya, Danimarkadır.  Sonuncu – 167-ci yerdə Şimali Koreya dayanır.

Media sahəsində də durum oxşardır. Sərhədsiz Reportyorlar Təşkilatının aprelin 26-da yaydığı Ümumdünya Mətbuat İndeksi sənədində Azərbaycan 180 ölkə arasında 162-cidir. Gürcüstan 64, Ermənistan 79, Rusiya 148-ci yerdədir. 

Siyahıda Gürcüstan 64, Ermənistan 79, Rusiya 148, Türkiyə 155-ci yeri tutub.

Qlobal konsultasiya şirkəti "Arton Capital Qlobal”ın açıqladığı "Pasport İndeksi”ndə isə Azərbaycan pasportu 64-cü yerdədir, yəni azərbaycanlılar 64 ölkəyə vizasız gedə bilirlər. Gürcüstan 44 (105 ölkə), Ermənistan 69 (59), Rusiya 41 (108), İran 89-cu (36) yerdədir.  

Reytinq "vizasız bal”a əsasən hesablanır. Yəni konkret bir passport sahibi neçə ölkəyə vizasız səyahət edə bilir. Sinqapur pasportu 159 balla birinci yeri tutub. İkinci yerdə 158 balla Almaniya, üçüncü isə 157 balla İsveçdir.

Britaniyanın "Skytrax” konsaltinq şirkəti iyunda dünyanın ən yaxşı 100 avia şirkətinin reytinqini açıqladı.

Azərbaycanın milli aviaşirkəti olan AZAL sıralamada 71-ci yerdədir. 

"Qatar Airways” bu il dünyanın ən yaxşı aviaşirkəti seçilib və "World Airline Awards” mükafatını alıb.

İlk üçlükdə "Singapore Airlines” və Yaponiyanın "ANA All Nippon Airways” qərarlaşıb.

MDB ölkələri arasında "Aeroflot” 30-cu (2016-cı ildə 40-cı), "Air Astana” 46-cı (2016-cı ildə 43-cı) yeri tutub.

"Standard&Poors” ("S&P”) beynəlxalq reytinq agentliyi "2017-ci il üzrə qlobal suveren reytinq trendləri” adlı hesabatını yayıb. 

 Hesabatda Azərbaycanın suveren reytinqi investisiya səviyyəsindən spekulyativ səviyyəyə endiyi deyilir. 2017-ci ildə ölkənin suveren reytinq üzrə proqnozunun neqativ olacağı bildirilir.

Bu il Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu (IFPRI), "Concern Worldwide” və "Welthungerhilfe” təşkilatları Qlobal Aclıq İndeksini də açıqladı. Azərbaycan 119 ölkə içində 9.6 bal toplayıb.

Hesabatdan Rusiya (6.2), İran (7.6), Ermənistan (7.7) və Gürcüstanın (7.7) durumunun Azərbaycandan yaxşı olduğu görünür.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (JMK) dekabrın 12-də yaydığı illik hesabatda deyilir ki, dünyada 262 jurnalist fəaliyyətinə görə həbs edilib. Ötən il bu rəqəm 259 olub.

Sənəddə Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 10 nəfər göstərilib.

"Freedom House” növbəti illik hesabatında Azərbaycanda mətbuatın azad olmadığını deyib.

Təşkilatın media azadlığı üzrə siyahısında, Azərbaycan 199 ölkə arasında 190-cı yerdədir.

Media azadlığı siyahısında Azərbaycanın İran və Suriya ilə eyni hesabla yalnız Şimali Koreya, Türkmənistan, Özbəkistan, Krım, Eritrea, Kuba və Eqvatorial Qvineyadan irəlidə olduğu deyilir.

Amerikanın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) açıqladığı hesabata görə, Azərbaycanda din azadlığının durumu pisləşib. USCIRF Azərbaycanı 2013-cü ildən olduğu "ikinci dərəcəli ölkələr” (Tier 2) sırasında saxlayıb.

Bu qrupda Azərbaycanla yanaşı, Əfqanıstan, Bəhreyn, Kuba, Misir, Hindistan, İndoneziya, İraq, Qazaxıstan, Laos, Malayziya və Türkiyə də yer alıb. Bu ölkələrdə din azadlığının ciddi pozulduğu bildirilir. 

Dünya iqtisadi forumunun ekspertləri ən təhlükəsiz ölkələrin reytinqini açıqlayıb. 136 ölkənin daxil olduğu siyahıya Finlandiya başçılıq edir.

İkinci yerdə Səudiyyə Ərəbistanı, 3-də isə İslandiya gəlir.

İlk onluqda sonrakı yerləri Oman, Honq Konq, Sinqapur, Norveç, İsveçrə, Ruanda və Qətər tutur.

Azərbaycan siyahıda 35-ci yerdə gəlir. Gürcüstan 29-cu, Ermənistan 34-cü, Rusiya 109-cu, Türkiyə 116-cı, Ukrayna isə 127-ci yerdədir.

ABŞ  Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosunun yaydığı illik hesabatda Azərbaycanda insane haqlarının pozulmasından, işgəncə faktlarından söz açılır. 

"Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatı "DünyadaAzadlıq – 2017” adlı hesabatını açıqlayıb.

Təşkilat 195 ölkədə siyasi hüquqlar və vətəndaş azadlığını qiymətləndirib. Onların 87-si azad, 59-u qismən azad, 49-u azadolmayan ölkə hesab olunub.

Azərbaycan bu dəfə də azadolmayanların, həmdə son 10 ildə geriləyən ölkələrin sırasındadır.

Bundan başqa, "Freedom House” ötən ilin sentyabrında keçirilən referendumu "ciddi nəzarətlə keçirilən referendum” adlandırıb:

"Demokratiyanın zəif olduğu bəzi başqa ölkələrdəki kimi, Azərbaycanda da prezident İlham Əliyevin konstitusiyaya dəyişikliklər etməklə öz hakimiyyətini gücləndirdiyi, referendumun ciddi nəzarət altında keçirildiyi və seçicilərin 90 faizinin dəyişikliklərə səs verdiyi deyilir”.

"Azərbaycan azadlığın inkişafı baxımından durumun ən pis olduğu Suriyadan 20 pillə irəlidə, Kuba, Çin və İrandan öndədir. Qafqaz qonşuları da Azərbaycandan irəlidədir. Gürcüstan da, Ermənistan da "qismənazad” ölkə kimi dəyərləndirilib” -deyə,hesabatda qeyd olunub. 

Dünya İqtisadi Forumu (WEF) "İnklüziv Artım və İnkişaf – 2017” hesabatını açıqlayıb. Hesabatda Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında Litvadan sonra 2-ci yerə çıxıb.

Human Rights Watch təşkilatının yaydığı Dünya Hesabatında (World Report 2016) dünyanın 90 ölkəsində yaşayan insan hüquqlarının vəziyyətindən bəhs edilir. Bu sahədə hökumətlərin fəaliyyətinə diqqət çəkilir.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilirki, Azərbaycan hakimiyyəti fərqli səsləri boğmaqla, bir vaxtlar canlı və müstəqil olan vətəndaş cəmiyyətini ağır vəziyyətə salıb.///meydan.tv