''Azərbaycan bu şansdan yararlana bilmədi''

''Azərbaycan bu şansdan yararlana bilmədi''

26-11-2017 01:22 / Bu xəbər 362 dəfə oxundu

Ekspert: "Ermənistana daha çox investisiyanın cəlb olunması üçün şərait yaradılır"

Həftəsonu Azərbaycan siyasi gündəmi üçün əsas mövzu Brüsseldə Avropa İttifaqının "Şərq tərəfdaşlığı” ölkələrinin beşinci sammitinin nəticələri idi.

Sammitin yaddaqalan hadisəsi Azərbaycandan fərqli olaraq, Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzalaması oldu.

Avropa İttifaqının xarici işlər komissarı Federika Mogerini bu razılaşmanı icra etməyin çox mühüm olduğunu bildirib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə ölkəsinin bundan sonra da bu sazişə və qarşılıqlı maraqlara əsaslanan bütün sahələrdə Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək əzmində olduğunu ifadə edib.

Brüssel və Yerevan rəsmiləri deyiblər ki, bu razılaşma Ermənistanın Rusiya ilə yaxın münasibətlərinə əngəl yaratmayacaq.

Fazil Mustafa

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Meydan TV-yə deyib ki, rəsmi Bakı dövlət maraqlarını əsas götürərək sazişi imzalamayıb:

"Əgər Azərbaycanın marağına uyğun olmayan hansısa məqam varsa, imza atmağın bir mənası qalmır. Sonradan bu imzanın girovuna çevrilə bilərik. Ona görə hadisəyə Ermənistanla müqayisə kontekstində baxmaq doğru deyil. Hər halda Azərbaycan öz maraqlarını daha yaxşı bilir. Konkret hansısa maddənin bizim marağımıza uyğun olmadığı barədə mənim bilgim yoxdur. Elə həssas məqamlar var ki, bu, açıqlanmaya bilər. Bu baxımdan məsələyə tələsik münasibət sərgiləmək doğru olmazdı”.

Natiq Cəfərli

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Ermənistanın Avropa Birliyi ilə imzaladığı hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasında güzəştlərin kifayət qədər olduğunu bildirib.

İqtisadçı deyib ki, ilkin olaraq sənədi imzalayan dövlətlərə güzəştli şərtlərlə ildə 250 milyon avro ixraacat kvotası ayrılır:

"Bu vəsait Ermənistan kimi iqtisadiyyatı kiçik ölkə üçün böyük dəstəkdir, 250 milyon avroluq məhsulun ixraacatı ölkəyə əlavə qazanc gətirəcək. İkinci, sənədi imzalayan ölkələrə investisiya mühitinin yaxşılaşdığı və yaxşı olduğu mesajı verilir. Bununla Avropa Birliyi ölkələrindən Ermənistana daha çox investisiyanın cəlb olunması üçün şərait yaradılır. Saziş çərçivəsində dəstək proqramları var, həm qrantlar, həm də infrastrukturların qurulması şəkilində Avropa Birliyindən kifayət qədər dəstək verilir. Çox güman ki, Ermənistan bu dəstəkdən yararlanacaq və ölkənin müəyyən problemlərinin həlli üçün geri dönüş olmayan vəsaitlər alacaq. Bunlarla bərabər idarəetmənin, məhkəmə hakimiyyətinin təkmilləşdirilməsi üçün vəsaitlər ayrılacaq".

N.Cəfərlinin sözlərinə görə, Azərbaycana ixraacatla bağlı müəyyən addımların atılması üçün ilkin olaraq bu təkliflər verilmişdi: "Çox təəssüf ki, Azərbaycan bu şansdan yararlana bilmədi. Ermənistanın Azərbaycandan əvvəl sazişi imzalaması bu dövlətə əlavə fürsətlər yaradır".

24 noyabrda Brüsseldə keçirilən sammitdə yekin bəyannamə qəbul olunub.

Bəyannamədə Avropa Birliyi bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir.

Sənəddə qeyd olunur ki, sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edir. Sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırır.

Münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir.

2009-cu ildən yaradılan "Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.///meydan.tv