"Azərbaycan daimi yaşamaq üçün cəlbedici ölkə sayılmır"

15-01-2020 20:19 / Bu xəbər 4337 dəfə oxundu

2019-cu ildə Azərbaycanda daimi yaşayış və iş icazəsi alan əcnəbilərin sayı azalıb.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yanvarın 13-də  2019-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, keçən il ilə müqayisədə 37 faiz azalma var: "2019-cu ildə 2041 əcnəbi daimi yaşamaq üçün icazə alıb. Bu, 2018-ci illə müqayisədə 37 faiz azalma deməkdir”.

Xidmət rəisinin sözlərinə görə, daimi yaşamaq üçün icazə alanlardan 747 nəfəri Gürcüstan, 571 nəfəri Rusiya, 196 nəfəri Türkiyə, 95 nəfəri İran, 88 nəfəri Ukrayna, 343 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.

İqtisadçı Natiq Cəfərli Toplum TV-yə deyib ki, daimi yaşamaq üçün icazələrin azalması Azərbaycanın cəlbediciliyi ilə bağlıdır: "Əvvəlki illər baxsaq, görürük ki, əvvəlki illərdə müəyyən artım var idi. Əsasən də qonşu ölkələrdən. Türkmənistandan müraciətlər artmışdı. Yəqin ki, iş yerləri, gəlirlik sahələri ilə və getdikcə çətinləşən, bahalaşan həyatla bağlıdır ki, artıq Azərbaycan daimi yaşamaq üçün cəlbedici ölkə sayılmır". 

İqtisadçı həmçinin bildirib ki, Azərbaycanda miqrant  ehtiyacı  çox aşağı səviyyədədir: "Çünki əhalinin artım tempi kifayət qədər yüksəkdir, yəni öz vətəndaşlarımızın işlə təminatı ilə bağlı ciddi  problemlər var. İşsizlik problemi bu gün də  aktual problemlərdən biridir”.///Toplum.tv