Azərbaycan dilində ilk rəqəmsal kitab çap olunacaq

Azərbaycan dilində ilk rəqəmsal kitab çap olunacaq

21-04-2016 15:42 / Bu xəbər 1945 dəfə oxundu

 
Azərbaycan dilində "Rəqəmsal Marketinq – Bələdçi” ilk ixtisaslaşmış kitabı çap ediləcək.

Arqument.az bu barədə kitabın müəllifi Pərviz Əzimov məlumat verib.

Pərviz Əzimovun sözlərinə görə, kitabın çapını may ayına planlaşdırır.

Müəllifin sözlərinə görə, kitabdakı mövzular və məzmun ancaq praktik əsaslandırma ilə olacaq və kitab bir növ türklər demiş "klavuz” rolunu oynamağı qarşısına məqsəd qoyub: "Ümumilikdə rəqəmsal marketinqə yeni başlayanlar üçün nəzərdə tutulan kitab, oxuculara aşağıda qeyd olunan mövzular üzrə bələdçilik edəcək.

Məsələn, Siz kitabda Google Adwords bölməsinə aid mövzuları oxuyandan sonra, sərbəst şəkildə, heç kimdən texniki kömək istəmədən öz adwords reklamlarınızı yaradıb, onları idarə edə və nəticələrini izləyə bilərsiz.

Kitab ümumilikdə 3 əsas mövzu və 20-dən çox yardımçı mövzulardan ibarət olacaq. 3 əsas mövzu – Google Adwords və Adsense, SMM (Sosial Media Marketinq) və Affiliate marketinqdir.

Məsələn, hər 3 əsas mövzunun yazılma mexanizmi elə qurulub ki, oxucu mövzunu və onun köməkçi bölmələrini oxuyandan sonra qeyd olunan platformalarda öz rəqəmsal reklamlarını çox rahat şəkildə aktivləşdirə bilər".

Müəllif qeyd edir ki, kitabda həmçinin Azərbaycanda indiyənə qədər istifadə olunmayan və ya çox az istifadə olunan rəqəmsal alətlər haqqında da geniş bilgi var: "Məsələn, bu mövzulardan biri qeyd olunan hər 3 rəqəmsal platforma üzrə "Pixel” bildirişlərinin yaradılması və quraşdırılmasıdır. "Pixel” bildiriş – reklam etdiyiniz məhsulla bağlı görmək istədiyiniz nəticəni izləmək üçün olan kodlaşma sistemidir. Sizin hər hansı web kodlaşmadan dərin məlumatlı olmağınıza heç bir ehtiyac yoxdur. Kitab sizə addım – addım, "Pixel” bildirişlərinin yaradılması və quraşdırılması, həmçinin işləmə mexanizminin izlənməsi üçün məlumatları verəcək.

Və ya digər yardımçı alətlər olan və Rəqəmsal Marketinq sahəsində yeni olanlar üçün rahat sayıla biləcək İframe və Agorapulse proqramları. Bu proqramlar sizə idarəçisi olduğunuz Sosial Media səhifələrində ənənəvi metodlardan fərqli olaraq yeni funksialar yaratmaq imkanı verir. Agorapulse ilkin mərhlədə ödənişsiz olsa da, peşəkar istifadə üçün ödənişli xidmətdir. Ancaq sadə bir misalla demək olar ki, bu proqrama ödəniş etməyə dəyər.

Məsələn, siz səhifənizdə hər hansı yarışma keçirmək istəyirsiz və ya oyun yerləşdirmək istəyirsiz. Bunu etmək üçün Agorapulse Sizə inanılmaz yeni imkanlar verir. Bütün bunlar təbii ki, adi "Like” yarışmaları deyil. Daha kreativ və daha peşəkar nümunələrdir.

Kitab həmçinin sizə rəqəmsal marketinqdə istifadə edə biləcəyiniz 20-dən çox platforma və ya şirkət, onların əlaqə vasitələri, işləmə mexanizmləri, həmçinin başlanğıc üçün rahat online dizayn platformaları haqqında məlumat verəcək".

Arqument.az