"Azərbaycan hakimiyyəti avrointeqrasiya yerinə tamamilə başqa yol tutdu"

12-09-2017 18:15 / Bu xəbər 1357 dəfə oxundu

AŞPA Monitorinq Komitəsi Azərbaycandakı vəziyyətlə bağlı açıqlama verib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Azərbaycandakı vəziyyətlə bağlı açıqlama yayıb. 

Açıqlamada Azərbaycan hakimiyyətilə davam edən dialoq bəyənilib. Eyni zamanda bir sıra ləngimələr, məhkəmə sisteminin funksiyası və ifadə azadlığı ilə bağlı narahatlıqlar ifadə edilib. Açıqlama 7 sentyabrda, Komitənin Parisdə başa çatan iclasından sonra yayılıb. Bu müzakirələr sentyabrın 4-də başlanmışdı.

Komitə xüsusilə təəssüf edir ki, bir il öncə baş vermiş konstitusiya dəyişiklikləri icra hakimiyyətinin parlamentə daha az hesabat verməsinə imkan yaradır. Həmçinin, parlamentarilər cinayət siyasətinin humanistləşdirilməsi ilə bağlı prezidentin sərəncamını bəyənərək hakimiyyəti bu islahatı reallaşdırmağa dəvət ediblər.

Qurum yekunda Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tam şəkildə yerinə yetirməyi təmin etməyə, icra hakimiyyəti üzərində parlament nəzarətini gücləndirməyə, məhkəmə orqanlarının müstəqilliyini tam təmin etməyə səsləyib.

Politoloq Azər Qasımlı Toplum Tv-yə açıqlamasında AŞPA-nın tələblətinin doğru olduğunu vurğulayıb: "AŞPA-nın tələbləri tamamilə doğru tələblərdir. Həm Azərbaycan Avropa Şurasına üzv olduğu zaman, həm də Avropa Birliyi ilə sənədləri imzaladığı zaman üzərinə götürdüyü öhdəliklər var idi. Azərbaycanda hüquqi dövlət təmin olunacaqdı, azad və demokratik seçkilər keçiriləcəkdi, insanların haqq və azadlıqları qoruncaq və s. Bunların hamısı nəzərdə tutulmuşdu. Təəssüflər olsun ki, bunların heç biri olmadı. Tamamilə əksi oldu. Azərbaycan hakimiyyəti avrointeqrasiya yerinə tamamilə başqa istiqamətdə yol tutdu. Avropa Şurası Azərbaycan iqtidarı ilə bağlı müəyyən dəyişikliklər etməlidir. 2,9 milyard dollarlıq qalmaqaldan sonra Avropa  Şurası məcburdur ki, Azərbaycan iqtidarı ilə bağlı siyasətində müəyyən korrektələr etsin. İlk növbədə, Azərbaycana elə dedikləri kimi, Avropa İnsan Haqları Məhkəməsinin öhdəliyini öz üzərinə götürübsə, onların qərarlarını icra etməlidir”.

Deputat Elman Nəsirov isə açıqlamasında Azərbaycana irad bildirməyin tərəfdarı olmadığını qeyd edib: "Azərbaycan hələ 2001-ci ildə Avropa Şurasına üzv olarkən üzərinə müəyyən öhdəliklər götürmüşdü və Azərbaycan həmin öhdəlikləri yerinə yetirir. Azərbaycan demokratik inkişaf yolunu keçmiş dövlətdir. Hansı dövlət desə ki, artıq o demokratiyan zirvəsindədir, deməli, bununla da onun demokratik inkişaf yolu tükənmiş olar. Demokratiya uzun bir prosesdir və son nöqtə yoxdur. Bizdə hakimiyyətin bölgüsü var. Həmin bölgülər bir-birindən asılı deyil. Bu nöqteyi-nəzərdən, Azərbaycan öz öhdəliklərinə sadiqdir. AŞPA-dan müəyyən vaxtlarda bu kimi iradlar, yanaşmalar və s. fikirlər görürük. Azərbaycana xüsusi iradlar bildirməyə ehtiyac yoxdur. AŞPA, Avropa İttifaqı və s. kimi qurumlar insan hüquqlarından və onun müdafiəsindən çox danışırlar, lakin onların özündə bu istiqamətdə hər şeyin yaxşı olmadığını görürük”. 

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan, hələ də qurumun monitorinqi altındadır.

Alya A.
Toplum.Tv