Azərbaycan hökuməti Avropa İttifaqının tədbirinə dəvət almayıb

Azərbaycan hökuməti Avropa İttifaqının tədbirinə dəvət almayıb

23-11-2018 01:26 / Bu xəbər 1581 dəfə oxundu

Əvəz Həsənov: ''Təsəvvür edin ki, səfirliyin rəsmisi bir dəfə gəlib oğruncasına oturub, danışmadan, heç kimə xəbər etmədən çıxıb gedib''

Azərbaycan hökuməti 10-12 dekabrda Tbilisidə keçiriləcək Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik Məclisinə dəvət almayıb.

Brüsseldəki diplomatik mənbələr "virtualaz.org”-a bildiriblər ki, Avropa İttifaqı Azərbaycan hökumətinə dəvət göndərməyib. Qərara alınıb ki, rəsmi Bakının iştirakı Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi formatında məhdudlaşdırılsın. Bundan başqa, Azərbaycan diplomatı iclasda müşahidəçi statusunda iştirak edəcək.

Mənbə Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın tədbirdə fəxri qonaq qismində iştirak edəcəyini bildirib.

Azərbaycan Xarici İşlər Naziri dəvətin göndərilməməsini araşdırdığı haqda açıqlama verib:

"Bu məsələ Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı Nümayəndəliyi tərəfindən araşdırılır. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq”.

Hüquq müdafiəçisi Əvəz Həsənov Meydan TV-yə deyib ki, bu məsələnin üç böyük səbəbi var:

"Birinci, Azərbaycan hökumətindən heç vaxt heç kimi belə tədbirlərə dəvət etmək mümkün olmurdu. Hətta bizim səfirliklərdən də heç kim bu tədbirlərə gəlmirdi. İkinci, Azərbaycan hökuməti Vətəndaş Cəmiyyəti Forumu ilə işləmirdi, onlara dırnaqarası baxırdı. Vətəndaş cəmiyyəti Azərbaycanda iflic hala salınandan sonra isə bizim Şərq Tərəfdağı Vətəndaş Cəmiyyəti Forumunda mövqeyimiz zəiflədi, bizi adam yerinə qoyan olmadı. Üçüncü, hakimiyyətə loyal yanaşan QHT-ləri Vətəndaş Cəmiyyəti Forumuna cəlb etsək də, onların beynəlxalq auditoriyadan düzgün istifadə etmək bacarığı olmadığından, yeri gəldi-gəlmədi təbliğat aparmaq cəhdləri forumda növbəti dəfələrə seçilməməsinə səbəb oldu. Onların yerinə Azərbaycandan mühacirət etmiş vətəndaş cəmiyyəti nümayəndələri bu gün forumda daha çoxluq təşkil edir, digər Şərq tərəfdalığı ölkələrindən olan nümayəndə heyətlərində hətta hakimiyyətdə təmsil olunan QHT-lər olduğu halda bizim nümayəndə heyətində hökumətə loyal təşkilatlar öz mövqelərini çox tez itirdilər”.

Əvəz Həsənov Azərbaycan rəsmilərinin bu tədbirlərə qatılmadığını xüsusi vurğulayaraq deyib ki, Gürcüstan, Moldova xarici işlər nazirləri, spikerləri tədbirlərdə iştirak edib. İndiyə qədər Polşoda, Litvada, Moldova və digər ölkələrdə 10 assambleya keçirilsə də, hətta səfirliyin rəsmiləri də iştirak edib, vətəndaş cəmiyyəti ilə təmas qurmayıblar:

"Təsəvvür edin ki, səfirliyin rəsmisi bir dəfə gəlib oğruncasına oturub, danışmadan, heç kimə xəbər etmədən çıxıb gedib. Mən koordinator olduğum zaman Azərbaycan səfirliyindən kimsə yaxınlaşıb forum haqda sual verməyib, beləsini görmədim. Halbuki, onları görmüşəm”.