"Azərbaycan iqtisadiyyatını siyasi qərarlar yönləndirir" - Ekpsert şərh edir

21-10-2016 12:36 / Bu xəbər 829 dəfə oxundu

"Zaman-zaman dolların məzənnəsinin möhkəmlənməsi prosesi gedir. Son günlərdə də ABŞ-ın ayrı-ayrı qrumlarının açıqlamaları dolların möhkəmlənməsi prosesinə hesablanıb". 

Bunu Toplum.tv-yə dollar, avro və manat məzənnələrinin dəyişməsi ilə bağlı açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib.

Onun sözlərinə görə, məzənnələrin dəyişməsi iqtisadiyyat üçün hər zaman baş verən proseslərdən biridir: "Eyni zamanda nəzərə alsaq ki, dünən Avropa Mərkəzi Bankının tədbiri keçirilib və orada növbəti dövr üçün avro ilə bağlı qərarlar qəbul olunub və bu qərarlarda hələ ki, avronun kursunun bir qədər yumşaldılması istiqamətində addımlar var, bu, istər-istəməz dünya bazarında dolların möhkəmlənməsi və avronun bir qədər zəifləməsini qaçılmaz edir. Lakin bu prosesə Azərbaycan manatının reaksiyası heç də hər zaman adekvat olmur. Yəni bu proseslər Azərbaycanda Mərkəzi Bank tərəfindən nəzarətdə saxlandığına görə, hazırda dolların möhkəmlənməsi, manatın ucuzlaşması  müşahidə olunmalı olduğu halda, bizdə əks prosseslər baş verir. Lakin önümüzdəki dövr üçün dolların möhkəmlənməsi baş verəcək və bu, neftin qiymətinin aşağı düşməsi, nəticədə ölkəyə neft gəlirlərinin daxil olmasının azalması, istər-istəməz manatın məzənnəsinin düşməsi ilə müşahidə olunacaq”. 

Növbəti devalvasiya ehtimalı ilə bağlı ekspert bunları deyib: "Azərbaycan höküməti kəskin devalvasiyaya getməkdən imtina edərək üzən məzənnə kursuna keçdiklərini bəyan edib. Hökumətin imkanı var ki, kəskin devalvasiyaya getmədən manatın məzənnəsini aşağı salsın. Ancaq sonrakı dövrlər üçün qəbul olunan siyas qərarların nə olacağını demək çətindir. Mən hər zaman demişəm ki, Azərbaycan hökumətinin nə vaxt hansı qərarları verə biləcəyini proqnozlaşdırmaq mümkünsüzdür. Çünki bunlar iqtisadiyyatdan doğan nəticələr deyil, əsasən siyasi qərarlardır".

Ekspert banklarda dollar satışının dayandırılmasının səbəbini dollar qıtlığının olması ilə əlaqələndirib: "Avqustun axırı sentyabrın əvvəlində olan proseslər zamanı məlum oldu ki, banklar özlərinin xaricdən aldıqları borcları ödəmək üçün vəsait toplayıblar. Sonradan Neft Fondu və Mərkəzi Bank tərəfindən dollar satışa çıxarılması ajiotajı bir qədər səngitdi və müxtəlif strukturların müxtəlif zamanlarda dollara ola təlabatı artdığından bütün bunlar ölkə iqtisadiyyatında dollar qıtlığına gətirib çıxarır. Hökumətin atdığı bu addımlar həmin problemin həllini qısa müddətli aradan qaldırmaq üçündür. Yəni ölkədə dollar qıtlığı var və bununla bağlı xaricdən gələn məhsullara bir sıra məhdudiyyətlər qoyulur ki, xaricə dollar axınının qarşısını alsın. Lakin dollara olan tələbat səngiməyəcək və dollar qıtlığının olması qaçınılmazdır”.

Qeyd edək ki, bu gün  dünya brjalarında dolların bahalaşması, avronun və neftin ucuzlaşması prosesi gedir.

Gülzar Məmmədli