Azərbaycan MHŞT-dən çıxdı

Azərbaycan MHŞT-dən çıxdı

10-03-2017 18:07 / Bu xəbər 1746 dəfə oxundu

Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxdı. Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru, MHŞT üzrə Hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov bununla bağlı bəyanat yayıb. 

APA-nın məlumatına görə, Ş.Mövsümov bəyanatında Azərbaycanın MHŞT sahəsində bir çox ilkərə imza atan ölkə olduğunu, 2003-cü ildən biri gördüyü işləri, 2009-cu ildə 2009-cu ildə tamhüquqlu üzv statusunu əldə etdikdən sonra verdiyi hesabatları diqqətə çatdırıb. Bildirib ki, ümumilikdə 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlayıb. 

Bundan başqa, sədr qeyd edib ki, Dövlət Neft Fondu (ARDNF) 2007-ci ildə MHŞT-nin uğurlu tətbiqi nəticəsində "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə "BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülüb.

Bəyanatda deyilir: 

"Biz inanırıq ki, cari qaydalara edilmiş mühüm dəyişikliklər ilə Azərbaycan  İslahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olmuşdur. Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb.  Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər. 

2003-cü ildə Azərbaycan hökuməti maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulmuş və hər zaman yaxşı idarəetmə, hasilat sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinə yüksək səviyyədə əməl etmişdir. Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcək.  Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm".

2017-ci il martın 8-9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 36-cı iclası keçirilib.

İclas zamanı bir sıra məsələlər müzakirə olunub, o cümlədən 4 ölkənin – Tacikistan, Qırğızıstan,Solomon adaları və Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib.