Azərbaycan müxalifətindən Rusiya səfirinin qətlə yetirilməsinə münasibət

Azərbaycan müxalifətindən Rusiya səfirinin qətlə yetirilməsinə münasibət

20-12-2016 19:39 / Bu xəbər 1753 dəfə oxundu

"Bu məsələni şərh etmək asan deyil. Çünki hansı tərəfdən baxsan, çox mürəkkəb bir hadisədir. Yəni məqsəd Türkiyə ilə Rusiyanın münasibətini gərginləşdirmək idisə əksinə, Türkiyə və Rusiya münasibətləri daha da  yaxınlaşır".  

Bunu Toplum Tv-yə Müsavat başqanının müavini Elman Fəttah Türkiyədə Rusiya səfirinin öldürülməsi ilə bağlı məsələni şərh edərkən deyib.
Onun sözlərinə görə, Türkiyədə terror hadisələrinin adi hala çevrilməsi belə mənfi halların baş verməsi üçün presedentə çevrilə bilər: "Hər iki ölkənin, yəni həm rəsmi Ankara, həm də Kreml rəhbərliyi açıqlama verib ki, bu cür hadisələr onların münasibətlərini pozmayacaq. Təəssüflər olsun ki, Türkiyədə ictmai təhlükəsizlik məsələsi, terror adi hala çevrilir. Bunu da davamı kimi artıq başqa bir ölkə səfirinin hansısa bir tədbirdə öldürülə bilməsi ehtimalı artır. Belə hadisələrin adi hala çevrilməsi çox ciddi narahatlıq doğuran haldır. Mən burada hansısa 3-cü 5-ci qüvvələr axtarışına çıxmaq fikrində deyləm. Hələ ki hadisənin baş vermə səbəbi ilə bağlı konkret bir məlumat da yoxdur. Amma qətli törədən şəxsin özünün elanı ondan ibarətdir ki, bu hadisə ideoloji zəmində baş verib. Yəni ideoloji təfəkkürə bağlı bir polis işçisi qeyri-qanuni yolla guya ideolojisinə görə, Suriyada baş verənlərə günahkar olan ölkənin səfirini öldürməklə öz etirazını bildirməyə çalışıb. Məsələ bundan ibarətdir".
  
AXCP sədrinin müavini Gözəl Bayramlı isə səfirə sui-qəsdin yolverilməz olduğunu deyib:
Картинки по запросу Gözəl Bayramlı
"Səfirin öldürülməsi yolverilməzdir. Bu cinayətin təşkilatçılarının tapılmasının tərəfdarıyıq. Heç bir halda bir ölkənin səfirinə qarşı bu cür sui-qəsd aktı törədilməməlidir. AXCP olaraq, bu sui-qəsdi pisləyirik. Bir daha belə halların yaşanmamasını arzulayırıq". 

D18 Hərakatının başqanı Ruslan İzzətli isə bildirib ki, Rusiyanın Ankaradakı səfirinə qarşı olan sui-qəsd hadisəsi Türkiyənin imicinə vurulan bir zərbədir:
 Картинки по запросу Ruslan izzətli
"Kimliyindən asılı olmayaraq, səbəbi nə olsa da, bir insana, insanlığa qarşı atılan terror olayı pislənməlidir. Özəlliklə indiki bir dönəmdə Türkiyə, Rusiya, İran Xarici İşlər Nazirlərinin Suriya məsələsində bir araya gəlməsi və hadisənin Türkiyədə Rusiya səfirinə qarşı edilməsi təsadüfi hadisə deyil. Kimlərsə bölgədə Türkiyəni Rusiyaya qarşı qoymaq istəyir. Kimlərsə problemlərin daha köklü şəkildə dərinləşməsini istəyir. Ona görə biz D18 Hərakatı olaraq və Azərbaycan olaraq bu terror hadisəsini pisləyirik. Qardaş Türkiyənin yanındayıq. Çox təəssüf ki, son olaylar Türkiyəni bir terror mərkəzinə çevirib. Bu Türkiyənin dövlət olaraq nüfuzuna, stabilliyinə qarşı atılan bir addımdır. Ona görə də biz kimliyindən, səbəbindən asılı olmayaraq bütün terror hadisələrini pisləyirik. Düşünürük ki, bu addımı atanlar Türkiyəni bölgədə Rusiya və digər ölkələrlə qarşı-qarşıya qoymaq istəyir. Türkiyə Rusiya Xarici İşlər Nazirlərinin görüşü vaxtı bu hadisənin olması təsadüfi deyildi".

REAL (Respublikaçı Alternativ ) Hərakatının içraçı katibi Azər Qasımlı isə məsələ ilə bağlı belə şərh verib:
 Картинки по запросу Azər Qasımlı arqument.az
"Bu hadisəyə münasibətimiz təbii ki, mənfidir. Biz istəməzdik ki, hər hansı ölkənin, xüsusən də qonşu ölkənin səfirinə qarşı terror aksiyaları törədilsin. Bununla da bağlı təbii ki, həm Rusiya rəhbərliyinə, həm də səfirin ailəsinə baş sağlığı veririk. Çünki diplomatlar siyasi fəaliyyətlə məşğuldurlar. Onlar nə hərbi, nə də digər fəaliyyətlərlə məşğul deyillər ki, onları bu şəkildə öldürsünlər. Diplomatlarla diplomatik masa arxasında danışmaq lazımdır. Silah gücüylə danışmaq lazım deyil. Biz bunu qınayırıq. Ümumən faktı götürdükdə təəssüflər olsun ki, bu, Türkiyədə baş verir. Türkiyə bizim üçün qardaş ölkədir, həmçinin regionda açar ölkələrdən biridir. Bizim bu gün gördüyümüz ondan ibarətdir ki, Suriyada gedən proseslər, bu terrorlar geopolitik müharibə məhz bu gün Türkiyə ərazisinə sızmaqdadır.  Bu da irəlidə Türkiyənin özü üçün çox ciddi risklər yaradacaq. Türkiyə bizim qardaş ölkə olduğundan, bizim bölgəyə aidiyatı olduğundan müəyən risklər var ki, irəlidə bizim bölgəyə də keçə bilsin.  Biz istərdik ki, Türkiyə rəhbərliyi bu mövzuya daha ciddi yanaşsın. Müxalifət olaraq və gələcəkdə iqtidar ola biləcəyimiz halda istərdik ki, Türkiyə bizim üçün, müsəlman aləmi və bütün dünya üçün bir demokratiya nümunəsi olsun. İlk növbədə barış nümunəsi olsun. Çox ümid edirdik ki, proseslər bu axarla inkişaf edəcək. Amma bu gün çox təəssüf olsun ki, tam əksini görürük”.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada iştirak etdiyi bir sərgidə güllələnərək qətlə yetirilib. Polisin həyata keçirdiyi əməliyyat zamanı isə qatil öldürülüb. Məlum olub ki, səfiri Karlovu qətlə yetirən və sonradan təhlükəsizlik qüvvələri tərəfindən öldürülən şəxs Mert Altıntaş adlı polis əməkdaşıdır.

Gülzar Məmmədli