Azərbaycan parlamentinin yaradılması

Azərbaycan parlamentinin yaradılması

07-12-2016 15:20 / Bu xəbər 1885 dəfə oxundu

Yadigar Sadıqov
 
Dekabrın 7-də Tağıyev qızlar məktəbinin (indiki Əlyazmalar institutu) binasında parlamentin təntənəli açılışı olub

Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsinin 6-cı maddəsində ölkənin gələcək üsuli-idarəsini müəyyən etməkdən ötrü Müəssislər Məclisinin çağrılacağı fikri əks olunmuşdu.

Lakin gərgin ictimai-siyasi vəziyyət, xüsusən də Bakının azad olunması uğrundakı hərbi əməliyyatlar bu istəyi təxirə salmağa məcbur etdi.

Sentyabr ayında Bakının azad edilməsi ilə ərazi bütövlüyünün bərpasından sonra hökumətin atdığı ilk addımlardan biri Müəssislər Məclisinin çağrılması üzərində işləyəcək komissiyanın yaradılması oldu. Lakin növbəti siyasi təbəddülatlar yenə planları alt-üst etdi.


Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin birinci iclası. 7 dekabr, 1918-ci il.

Dörd il davam edən Birinci cahan savaşı 1918-ci ilin payızında Osmanlı imperiyasının da daxil olduğu Mərkəz dövlətlərinin məğlubiyyəti ilə yekunlaşdı. Hadisələrin belə gedişi gənc Azərbaycan dövlətini yeni və çox ciddi problemlər qarşısında qoydu.

Azərbaycanın yeganə müttəfiqi olan və təhlükəsizliyinin qarantı kimi çıxış edən Osmanlı dövləti oktyabrın 30-da ingilislərin "Aqamemnon" kreyserində qalib Antanta dövlətləri ilə Mudros barışığını (türkcə: Mondros mütarikesi) imzaladı. Sənədə əsasən, osmanlılar İran cə Cənubi Qafqazda nəzarətə götürdüyü əraziləri təcili tərk etməli idilər. Bakı ingilislərin nəzarətinə keçəcəkdi.

Həmin dövrdə İstanbulda olan Əlimərdan bəy Topçubaşov Mudros müqaviləsinin imzalanmasından artıq 1 gün sonra Azərbaycan hökumətinə Ənzəlidə məskunlaşmış ingilis qüvvələrinin komandanı general Tomsonla əlaqə saxlamağı məsləhət gördü. Çünki ehtimallara görə məhz Tomsonun rəhbərlik etdiyi qüvvələr Bakıya göndəriləcəkdi.
Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti. Paris, Klaris oteli, 1919-cu il

Noyabrın əvvəllərində Azərbaycanın siyasi xadimlərindən N.Yusubbəyli, A.Ağayev və M.Rəfiyev Ənzəlidə Tomsonla görüşdülər. Danışıqlar arzu olunan nəticə vermədi. General nə Azərbaycan dövlətini, nə də onun hökumətini tanımaq istəmirdi. Milli Şura ilə Nuru paşa arasındakı ixtilafdan qaynaqlanan İyun böhranını nəzərdə tutan Tomson iddia edirdi ki, ölkəyə xalq tərəfindən seçilməyən, türk komandanlığının intriqaları sayəsində yaradılmış hökumət başçılıq edir.

Yaranmış gərgin vəziyyət Azərbaycan siyasi xadimlərini Milli Şurann fəaliyyətini yenidən bərpa etməyə sövq etdi. Halbuki, həmin İyun böhranından sonra Milli Şuranın fəaliyyəti dayandırılmışdı. Beş aylıq fasilədən sonra Milli Şuranın ilk iclası noyabrın 16-da baş tutdu.

Çıxışlar zamanı vurğulandı ki, yaranmış vəziyyət təcili qərarların qəbulunu tələb edir, buna görə də Müəssislər Məclisinin çağrılmasına qədər gözləmək mümkün deyil. Bundan əlavə, ingilislərin xüsusən xristianlara münasibətdə demokratik dəyərlərə önəm verdiyini nəzərə alaraq Azərbaycan Milli Şurası tərəfindən yaradılmış və sırf azərbaycanlılardan ibarət hökuməti tanıyacaqlarının mümkünsüzlüyü qeyd olundu.

Xatırladaq ki, Azərbaycan Milli Şurası 1917-ci ilin noyabrında Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərin nəticəsində formalaşmışdı. Bolşeviklərin Müəssislər Məclisini qovmasından sonra Cənubi Qafqazdan olan nümayəndələr Tiflisdə toplaşaraq regionun öz parlamentini – Seymi formalaşdırmaq qərarına gəldilər. Cənubi Qafqazın 3 müstəqil dövlətə parçalanmasından sonra Seymin azərbaycanlı fraksiyası özünü Milli Şura və Azərbaycan ərazisində əhalidən mandata sahib yeganə legitim hakimiyyət orqanı elan etdi. 44 nəfərdən ibarət Milli Şuranın 30 üzvü Müsavat Partiyasını təmsil edirdi.

Milli Şuranın 16 noyabr toplantısında Azərbaycandakı bütün millətləri təmsil edəcək parlamentin yaradılması haqqında qərar qəbul edildi. 3 gün sonra qəbul olunan müvafiq qanunda qeyd olunurdu ki, qəbul olunan qanunlar çoxmillətli əhalinin hamısını məmnun etməli olduğu kimi, parlament də 44 nəfərdən deyil, ölkənin bütün əhalisindən ibarət olmalı və onların iradəsini əks etdirməlidir.

Parlamentlə bağlı qərarda ölkə əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlılar (bu zaman bütün müsəlman xalqlar nəzərdə tutulurdu) üçün 80 yer ayrılırdı. Bu zaman Milli Şuranın 44 üzvünə daha 36 nəfər əlavə edilirdi. Ermənilərə 21, ruslara 10, alman, yəhudi, gürcü və polyakların hərəsinə 1 yer verilirdi (qeyd edək ki, son 2 xalq əslində parlamentdə təmsil olunmaq üçün yetərli saya malik deyildilər). Daha 3 yer həmkarlar ittifaqlarına, 2 yer isə neft sənayeçiləri şurasına və ticarət-sənaye ittifaqına verildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 120 nəfərdən ibarət olmalı idi.

Seçkilər haqqında qanun milliyətindən, dinindən, cinsindən və əmlak həddindən asılı olmayaraq hamıya səs hüququ tanıyırdı. Nəticədə Azərbaycan türk və müsəlman dünyasında qadınlara səs hüququ verən ilk ölkə olaraq bu məsələdə ABŞ-ı 2 il, İngiltərəni isə 5 il qabaqladı.

Lakin onu da qeyd etmək lazımdır ki, təxirəsalınmaz vəziyyəti nəzərə alaraq ilk parlamentin ümumxalq səsverməsi ilə deyil kooptasiya üsulu ilə formalaşdırılması nəzərdə tutulmuşdu. Yəni partiya və təşkilatların rəhbərliyinin rəyi ilə seçilən nümayəndələr parlamentə göndəriləcəkdilər. Müsavat Partiyası Milli Şurada malik olduğu 30 yerlə kifayətlənərək yeni azərbaycanlı üzvlərin seçilməsini digər partiyalara (İttihad, Əhrar, Hümmət və s.) güzəştə getdi.

Sözügedən qanunun qəbulundan hələ 2 gün öncə, noyabrın 17-də Tomsonun rəhbərlik etdiyi Britaniya qüvvələri dəniz yolu ilə Bakıya çıxmışdılar. Tomsonun şəhər əhalisinə müraciətində "Azərbaycan" adı çəkilmirdi və bu da ingilislərin "vahid və bölünməz Rusiya" ideyasından daşınmadıqlarının təzahürü idi.

Tomsonla birlikdə Lazar Biçeraxovun ağqvardiyaçı dəstələri də Bakıya gəlmişdi. Gəlişinin ilk günündə Tomson Bakının rus, noyabrın 23-də isə erməni icmasının nümayəndələri ilə görüş keçirmişdi. Azərbaycanın istiqlaliyyətinə düşmən münasibət göstərən qüvvələrin ingilis generalı tərəfindən qəbulu hökumət və Milli Şura üzvlərini narahat etməyə bilməzdi.

Doğrudan da, Tomsonla görüşdə ruslar vahid və bölünməz Rusiyadan o qədər şövqlə danışdılar ki, general öz görüşlərinə rəğmən onlara gerçəkliyi xatırlatmağa, belə bir Rusiyanın hazırda mövcud olmadığını söyləməyə məcbur qaldı. Yepiskop Baqratın rəhbərlik etdiyi erməni nümayəndə heyətinin taktikası isə ənənəvi idi. Onlar "müsəlmanların əsarəti altında olan xristian və əzabkeş erməni xalqının iztirabları"ndan xeyli bəhs etdilər.

Lakin reallıqlarla daha yaxından tanış olduqca, Tomsonun baxışlarında təkamül baş verirdi. Üzeyir Hacıbəyov sonralar bu haqda yazırdı: "Bizi vəhşi bilənlər və bizdən yalnız qan içməkliyi gözləyənlər ilə və bizim vicudumuzu aləmi-mədəniyyət üçün təhlükə ədd edənlər ilə bir balaca təmas lazım imiş ki, bu fikrin və bu nəzərin yalan və yanlış olduğu meydana çıxsın. İngilislər bizim içimizə girərkən, özlərini vəhşi bir heyvan qarşısına çıxmış bir avçı vəziyyətində saxlamaq ehtiyatına heç bir lüzum olmadığını bir-iki gün sonra kəmali-təəccüblə anladılar".

Doğrudan da, gəlişindən bir neçə gün sonra Tomson Azərbaycan hökumətinin ölkə ərazisində yeganə legitim hakimiyyət orqanı olduğunu bildirdi və baş nazir Fətəli xan Xoyskinin isə Bakıda ən bacarıqlı adamlardan biri kimi xarakterizə etdi. Generalın bu sözlərinin erməni və rus icmasını nə qədər məyus etməsini yalnız təsəvvür etmək olar.

Ermənilər və ruslar parlamentə öz nümayəndələrini göndərməkdən imtina etmişdilər. Lakin hökumət bacarıqlı siyasi gedişlərlə onlar arasında fikir ayrılığı yaratmağa nail oldu. Rusların bəziləri boykotla barışmayaraq rus milli komitəsindən çıxdılar və rus-slavyan cəmiyyətini yaratdılar. Bu cəmiyyət parlamentə 4 nümayəndə göndərdi. Ermənilərin də bəziləri, o cümlədən Daşnaksütun partiyası onlar üçün nəzərdə tutulmuş 21 yerdən 11-nə yiyələndilər. Yəhudilərin, almanların, gürcülərin və polyakların parlamentdə təmsil olunması ilə bağlı problem yaşanmadı.

Parlamentin açılışı öncə dekabrın 3-nə nəzərdə tutulmuşdu. Lakin ingilislərlə bəzi fikir ayrılıqları səbəbindən təxirə salındı. İxtilaf aradan qaldırıldıqdan sonra dekabrın 7-də Tağıyev qızlar məktəbinin (indiki Əlyazmalar institutu) binasında parlamentin təntənəli açılışı oldu.

İngiltərə, İran, Gürcüstan, Dağlı Respublikasının və digərlərinin nümayəndələrinin iştirak etdiyi iclası Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə açdı: "Möhtərəm millət vəkilləri. Azərbaycan Cümhuriyyətinin ilk parlamentini açmaq səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə fəxr edirəm... Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və istiqlaldadır... Biz Qafqasya əhalisinin ruhunda hər zaman hürriyyət fikrinin təmsilçisi olan Prometey Qafqasya dağlarında zəncirbənd edilmişdi. O daim zəncirlərini qırmaq təşəbbüsündə idi. Prometeyin ruhu Qafqasyanın bütün millətlərində vardır... Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi-qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı, Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır... Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz hər zaman sinəsində bir atəşi-müqəddəs bəsləməlidir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman təşkil eləməlidir... Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir məşəl təşkil edib də hürriyyət və istiqlala doğru getdiyimiz maneəli yolları işıqlandırsın!"

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, bitərəf Əlimərdan bəy Topçubaşov parlamentin sədri oldu. Onun müavini Həsən bə Ağayev və parlamentin katibi Rəhim bəy Vəkilov isə Müsavat Partiyasını təmsil edirdilər. Yeni hökumətin formalaşdırılması yenə də bitərəf Fətəli xan Xoyskiyə həvalə olundu.

Hökumət quruculuğu ilə məşğul olan F.Xoyski ruslara 3, ermənilərə isə 2 nazir postu təklif etdi. Lakin ermənilər təklifdən imtina etdilər. Beləcə 14 nəfərdən ibarət olan III hökumətdə ruslar maliyyə, səhiyyə və ərzaq naziri postlarına yiyələndilər. Parlament yeni hökumətə dekabrın 26-da etimad göstərdi. İki gün sonra isə general Tomson onu Azərbaycan ərazisində yeganə qanuni hakimiyyət kimi tanıyaraq hər cür köməklik göstərəcəyini vəd etdi. Bu inanılmaz diplomatik qələbə idi.

Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin birinci iclası. 7 dekabr, 1918-ci il.

Cümhuriyyət liderlərinin mükəmməl siyasi davranışı və tədbirləri Britaniya hərbi qüvvələri komandanlığının münasibətində kəskin dönüşə səbəb oldu, dövlətin xarici və daxili vəziyyətini xeyli möhkəmləndirdi. Bunu anti-Azərbaycan qüvvələrinin 1919-cu ilin ilk günlərində L.Biçeraxovun rəhbərliyi altında Qafqaz-Xəzər hökuməti adlı qurum yaratmaq istərkən üzləşdikləri fiasko da sübut edir. Yanvarın 22-də Bakıya gələn ingilis general Corc Mill bir daha təsdiq etdi ki, onlar yalnız Xoyski hökumətini tanıyırlar. 1 ay sonra isə Azərbaycan hökumətinin tələbi ilə ingilislər Biçeraxovun dəstələrini ölkədən çıxardılar.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin demokratik tədbirləri ölkənin üzləşdiyi ağır sınaqlardan uğurla çıxmasına səbəb oldu. Rəsulzadə öz xatirələrində qeyd edirdi ki, vəziyyət o qədər mürəkkəb idi ki, vətənpərvərliyinə şübhə edilməyən bəzi şəxslər belə müstəqillikdən imtinanı müzakirəyə çıxarmağı təklif edirdilər. Lakin M.Ə.Rəsulzadə başda olmaqla Müsavat Partiyasının, eləcə də F.Xoyski, Ə.Topçubaşov kimi bitərəflərin müstəsna xidmətləri nəticəsində beynəlxalq birlik Azərbaycan xalqını müstəqil yaşamağa layiq bilərək onun azadlıq hüququnu tanımalı oldu.

1920-ci ilin aprelin 27-dəki bolşevik işğalına qədər fəaliyyət göstərən parlamentin 145 iclası keçirilmiş, 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılmış, bunlardan 230-u qəbul edilmişdi. Bu dövrdə parlament ölkəyə tam hakim idi, bütün proseslər onun nəzarəti altında baş verirdi.

Sonralar M.Ə.Rəsulzadə yazırdı: "Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə – vəzifə yox idi. Parlament hakimi-mütləq idi".

Aprel işğalından sonrakı dövrdə Azərbaycanda parlamentin səlahiyyətlərini Mərkəzi İnqilab Komitəsi mənimsədi. 1921-ci ildə ilk Konstitusiyanın qəbulundan sonra Ümumazərbaycan sovetlər qurultayının formalaşdırdığı Mərkəzi İcraiyyə Komitəsi qanunverici orqan kimi çıxış edirdi. 1937-ci il Konstitusiyasına əsasən isə respublikanın qanunverici orqanı Ali Sovet oldu.

Lakin bu dövrdə parlamentarizm sırf görüntü xarakterli idi. Bütün mühüm qərarlar Kommunist partiyasının mərkəzi komitəsində qəbul olunur, Ali sovetə onları rəsmiləşdirmək düşürdü. Hazırkı dövrdə də vəziyyət oxşardır, sadəcə mərkəzi komitənin rolunu Prezident aparatı icra edir.

Bu gün bir xalq olaraq üzərimizə düşən vəzifələrdən biri, bəlkə də birincisi ölkədə həqiqi parlamentarizmi bərpa etmək, Milli Məclisi hakimi-mütləqə çevirməkdir.

Meydan.Tv