Azərbaycan "Rio-2016"da ikinci medalı qazandı - YENİLƏNİB

Azərbaycan

12-08-2016 01:14 / Bu xəbər 2428 dəfə oxundu

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdo üzrə yarışlar davam edir. 

Qaynarinfo.Az xəbər verir ki, bu gün Azərbaycan yığmasının daha bir üzvü mübarizəyə başlayıb.

100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov olimpiadaya 1/16 final mərhələsindən start verib. Onun ilk rəqibi Rusiya təmsilçisi Taqir Xaybullayev olub. Elmar Olimpiya çempionuna heç bir şans verməyib.

Həmyerlimiz 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gəlib. Görüşdə hər iki idmançı bir vazari xalı qazansa da, Elmarın şidosunun rəqibindən az olması (1:2) ona qələbə gətirib.
 
Təmsilçimiz 1/4 finala yüksəlib. Ona yarımfinala çıxmaq üçün misirli idmançı Dərviş Ramazandan üstün olmağa cəmi 54 saniyə bəs edib. İpponla qələbə qazanan Elmar finalın biraddımlığındadı.

Təmsilçimizin final yolundakı rəqibi ukraynalı Artyom Bloşenko olub. Elmar bu rəqibini də ipponla mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Bununla da o, Azərbaycan yığmasının Olimpiadada ikinci medalını qazanmasını təmin edib.
 
İdmançımız finalda çexiyalı Lukas Krpaleklə mübarizə aparıb. Qasımov gərgin keçən mübarizədə məğlub olaraq gümüş medalla kifayətlənib. 

Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.

Arqument.Az