Azərbaycan səhiyyəsinin "mühacirət dövrü"

Azərbaycan səhiyyəsinin

21-02-2018 18:26 / Bu xəbər 2787 dəfə oxundu

Xəstələr də xaricə gedir, həkimlər də...

"Bir ildən çoxdur ki, Almaniyadayam. Almaniyanı seçməyimə səbəb maddiyyat məsələsidir, düşünürəm ki, yüksək maaşdan heç kim vaz keçməz”.

Hazırda Almaniyada yaşayan Fərhad Vahidoğlu belə deyir. 

O, ixtisasca həkimdir. Elə peşəsi üzrə də çalışır.

"Karyera qurmağım üçün yetərincə şans var”

Azərbaycan səhiyyəsi ilə bağlı təəssüratlar ürəkaçan deyil. Mətbuat mütəmadi İrana, Gürcüstana, Türkiyəyə müalicə üçün üz tutan insanların fikirlərini dərc edir. Son zamanlar isə ölkədən gedən yalnız müalicə olunmaq istəyənlər deyil, elə gənc həkimlər də işləmək üçün xaricə üz tuturlar. 

Səbəb nədir? 

Toplum Tv buna aydınlıq gətirmək üçün hazırda Avropada işləyən gənc həkimlərlə əlaqə saxlayıb.

Fərhad Vahidoğlu deyir ki, Azərbaycanda təcrübəli həkimlər gənc həkimlərə öz biliklərini öyrətməkdən çəkinirlər.  

Onu öz ölkəsində deyil, Almaniyada yaşamağa vadar edən səbəblərdən biri də budur: "Digər tərəfdən isə Almaniya həyat standartları yetərincə yüksək olan, rifah içində yaşanılan bir ölkədir. Burada karyera qurmağım üçün yetərincə şans var. Azərbaycanda cavan həkimlərin inkişafı sual altındadır. Çünki daha təcrübəli həkimlər "xəstəm əlimdən çıxmasın" ritorikası ilə gənc həkimlərə öz bildiklərini aşılamırlar, onları maarifləndirmirlər, kifayət qədər öyrətmirlər. Belə olduqda stress yaşayırsan və vaxt itkisi ortaya çıxır. Önümüzdə dəyərləndirməli olduğumuz Almaniya, Türkiyə və digər ölkələr kimi şanslar qalır”.

Səhiyyənin bəlası...

F.Vahidoğlu deyir ki, əslində Azərbaycan səhiyyəsindəki rüşvət ölkədə tibbin inkişafını əngəlləyir: "Monopoliyaya alınmış tibbi ləvazimatların və dərman preparatlarının keyfiyyətsizliyi də əsas problemlərdəndir. Bu günün özündə qətiyyətlə demək olar ki, Azərbaycanda satılan əksər preparatlar plasebo (mütəxəssis tərəfindən müalicə edilən vəziyyət üçün xüsusi bir təsir göstərməyəcəyi müəyyən olunan  və simvolik təsir üçün istifadə edilən bir müalicə forması, ya da müalicə prosesini sürətləndirən bir vasitə-red.) effekti verir. Yəni tutaq ki, pasiyentin başı ağrıyır, mən pasiyentə bildirmədən ona ağrıkəsici əvəzinə vitamin verirəm. Pasiyent bunu ağrıkəsici kimi içir və ağrısı keçir. Psixoloji olaraq elə düşünür ki, ağrı keçdi. Bu preparatlar da belədir. Antibiotik adıyla içirik ki, iltihab getsin. Ya plasebo təsir edir, ağrı keçir, ya da xəstə sağalmır. Həkim səhvlərindən də yan keçmək olmaz. Keyfiyyətsiz təhsilin bəhrəsini xəstələrin mövcud xəstəliklə yenidən xəstəxanaya müraciət etməsində görə bilərik”.

"Almaniyada olan cazibədar təkliflər Azərbaycanda da olsaydı…”
 
F.Vahidoğlu hesab etmir ki, bu situasiyada məhz həkimlər günahkardır: "Ancaq nəzərə də alaq ki, xəstəliklər yalnızca simptomatik olaraq müalicə edilib, başdan edilməməlidir. Təəssüf ki, çox zaman mənfi nəticə ilə üzləşirik. Almaniyada olan cazibədar təkliflər Azərbaycanda da olsaydı, işləyə bilərdim. Lakin mövcud şəraitdə Azərbaycanda çalışa biləcəyimi düşünmürəm”.  

"Azərbaycanda iş tapmaq çətindir”

İşləmək üçün sənədlərini Almaniyaya göndərən Fərid Rüstəmli isə deyir ki, həkimlərin Almaniyada işləməsinə səbəb Azərbaycanda iş tapmağın çətinliyidir: "Reallığı nəzərə alsaq, bu gün gənc həkimlər rezidenturanı bitirdikdən sonra kadr olaraq xəstəxanalara təyin olunmalıdırlar. Azərbaycanda isə maaş çox az olur, təxmini 150 - 200 manatarası. Ən böyük problemlərdən biri də səni rezident kimi təyin etdikləri həkim kifayət qədər bilgili və savadlı olmur. Bilgisi və savadı olduğu təqdirdə isə içində olan paxıllıq hissindən irəli gələrək ona tapşırılan gənc həkimi lazımi qaydada yetişdirmir. Azərbaycanda rezidenturanı bitirdikdən sonra yüksək maaşla işə düzəlməyin qarantiyası yoxdur. Dövlət xəstəxanalarında şərait olduqca bərbaddır, məcbur olaraq yaxşı iş şəraiti və yüksək maaş istəyən həkimlər özəl klinikalara üz tuturlar və pasientlərin də müraciəti daha çox özəl klinikalara olur. Özəl klinikalar da daha çox xaricdə təhsil almış və işləmiş həkimlərə üstünlük verir”.  

Fərid Rüstəmli deyir ki, problemlərdən biri də rezidentura müddətində işini doğru şəkildə həyata keçirən gənc həkimin əslində layiq olduğu yeri ondan zəif bir həkimin tanışlıq, yaxud da rüşvət qarşılığında almasıdır: "Bunun kimi problemlərə görə də, gənc həkimlərdə Almaniyada təhsilini davam edib, elə orada işləmək istəyi yaranır. Almaniyada tibbi kitablara hər il yeni nəzəriyyə əlavə olunur, ancaq universitetdə bizə 70-ci ilin nəzəriyyəsi ilə dərs keçirilirdi. Əslində, problem elə universitetin verdiyi təhsildən qaynaqlanır”. 

"Almaniyada iş tapmaq çətin deyil”

Gənc həkim deyir ki, Almaniyada işlə təmin olunmaq elə də çətin deyil: "Öncə alman dilini kifayət qədər yaxşı bilmək tələb olunur, daha sonra həkimə ehtiyacı olan klinikalara müraciət edirsən və həmin klinika sizi uyğun bildiyi halda işə çagırır. Eyni zamanda ixtisas dili imtahanı verməlisiniz, hansı ki bu da iş icazəsini almaq üçündü və iş icazəsi alınmadığı halda Almaniya hökuməti sizin işləməyinizə icazə vermir. 2 il işlədikdən sonra isə diplom təsdiqləmə imtahanı olur. Avropa Birliyi olkəsi olmayan ölkələrdən gələn həkimlər bu imtahanı verirlər ki, diplom Almaniya və Avropa Birliyi ölkələri tərəfindən təsdiq olunsun”.

Fərid Rüstəmli düşünürəm ki, Azərbaycanda səhiyyədə düzəldilməsi lazım olan ilk iş həkimə düzgün yanaşmadı: "Səhiyyə Nazirliyinin qayğı göstərməsi vacibdi. İlk öncə əmək haqlarının yüksəldilməsinə, xəstəxanalarda şəraitin daha da yaxşılaşdırılmasına və ümumiyyətlə, xəstəxana daxilində etik qaydalar barədə maarifləndirilməyə ehtiyac var. Tələbə olarkən 1 saylı Mərkəzi Klinik Xəstəxanada gördüklərimə çox təəccüblənirdim, tibb bacısı həkimə tabe olmurdu. Düşünürəm ki, sırf bununla bağlı ayrıca maarifləndirilmə işləri həyata keçirilməlidir. Bizim ölkədə tək həkimlərin yox, elə xəstələrin də həkimlərə qarşı münasibəti çox pisdir”. 

"Həm öyrənmək, həm də yaxşı qazanmaq istəyirlər"

Hazırda Almaniyada yaşayan və yaşlılar üçün reabilitasiya mərkəzinin həkimi kimi çalışan Rəşad Museybzadə deyir ki, xaricə gedən həkimlər də həmin ölkələrdə problemlərlə qarşılaşırlar:  

"Azərbaycanlı həkimlər daha çox Türkiyə və Almaniyaya üz tuturlar. Hər iki ölkədə həm həkim işləmək, həm də iş tapmaq çətindir. Çünki iş icazə alana kimi bir neçə imtahan vermək lazımdır. Xaricə getməyə səbəb isə həm sahəni daha yaxşı öyrənmək, həm daha yaxşı şəraitdə işləmək, həm də daha yaxşı qazanmaqdır".

Lalə İsgəndərli
Toplum.Tv