Azərbaycan təhsilinin "Elina faciəsi"

Azərbaycan təhsilinin

23-10-2019 14:32 / Bu xəbər 1591 dəfə oxundu

162 saylı məktəbdə baş verən qanunsuzluqlar və Təhsil Nazirliyinin bu qanunsuzluqları dəstəkləməsi...

Azərbaycan təhsilinin və cəmiyyətinin "Elina faciəsi" sıradan bir intihar hadisəsi deyil. Bu olaya reaksiyalar da göstərir ki, vəziyyət düşündüyümüzdən də acınacaqlıdır. 

İndi cəmiyyəti ən çox düşündürən sual da məhz budur: Elina niyə intihar etdi?

Bildiyiniz kimi, aprelin 4-də Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Hacıyeva Elina Ədalət qızı təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edib.

Nəticədə həmin məktəbin direktoru Sevinc Abbasova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. 

Hazırda işə Bakı şəhəri Səbail rayon  məhkəməsi tərəfindən baxılır. Həmin məktəbin fəaliyyəti ilə tanış olduqda müəyyən edilir ki, Sevinc Abbasova sözügedən hadisə baş verməmişdən də əvvəl qanunsuz hərəkətlərə yol vermiş, məktəbdə qeyri-sağlam mühit yaratmış və xoşlamadığı şəxslərə qarşı şiddətli qısnama siyasətini həyata keçirib.

Ən təəssüf doğuran hal isə ondan ibarətdir ki, S.Abbasovanın qanunsuz hərəkətləri məhkəmə qətnamələri ilə müəyyən edildikdən sonra da  Bakı Şəhər Təhsil İdarəsi nəinki bu şəxs barədə bir ölçü götürməyib, əksinə onun məktəbdəki "dərəbəy”liyinə geniş imkanlar yaradıb.

Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilib ki, 162 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseynova Məlahət Yarməmməd qızı Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 03 fevral 2017-ci il tarixli 11/120 nömrəli əmrinə əsasən tutduğu vəzifədən azad edilib.

Əmrdə 162 saylı məktəbin direktoru (Sevinc Abbasova) və müəllimlərdən Hüseynova Məlahət barəsində daxil olan şikayət ərizələrinə istinad edilib. 162 saylı məktəbdən bildirilib ki, guya 27 ilin pedaqoqu M.Hüseynova üzürsüz səbəbdən işə gəlmir, müəllimlərə qarşı qeyri-etik, təhqiredici ifadələr işlədir, jurnalları düzgün tərtib etmir və s.

Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Allahmanova Zahirə Məmməd qızı (məktəbin ingilis dili müəlliməsi), İbişov Telman Salman oğlu (məktəbin təsərrüfat işləri üzrə direktor müavini), Qasımova Elnarə Fikrət qızı (idman müəllimi) öz izahatlarında bildiriblər ki, məktəbə yeni təyin edilmiş Sevinc Abbasova məktəbin əvvəl direktor vəzifəsini əvəz etmiş Hüseynova Məlahət Yarməmməd qızına qarşı pis münasibət bəslədiyindən bütün müəllimləri təzyiq altında Məlahət Hüseynovadan Bakı şəhəri üzrə Təhsil İdarəsinə haqsız şikayət yazmağa məcbur edilib.

Müəllimlər yeni direktorun təzyiqindən qorxaraq həmin aktları imzalayıblar. İdman müəlliməsi isə təzyiqə məruz qalsa da, böhtan xarakterli aktları imza etməkdən imtina etməyə özündə güc tapıb.

Məhkəmə baş verənlərə dair qətnaməsinin əsaslandırıcı hissəsində göstərir: "Abbasova Sevinc Kamil qızının direktor vəzifəsinə təyin edilməsindən sonra onun (yəni M.Hüseynovanın) barəsində 04 may 2016-cı il tarixdən 07 mart 2017-ci il tarixədək olan dövr ərzində işə gələməməsi və ya işdən tez getməsi barədə 21 sayda akt tərtib edilmişdir. Bu aktların heç birinin tərtibində M. Hüseynovanın iştirakı təmin edilməmiş, yalnız iki halda ondan izahat alınmışdır. Həmin aktlardan bir çoxunu imza etmiş məktəbin təsərrüfat işləri üzrə direktor müavini İbişov Telman Salman oğlu şahid qismində verdiyi ifadəsində həmin aktların məzmununun həqiqətə uyğun olmadığını və aktları yeni direktorun təzyiqindən qorxaraq imza etdiyini bildirmişdir”.

Nəticədə Nəsimi rayon Məhkəməsi Bakı Şəhər Təhsil İdarəsinin Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Hüseynova ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 maddəsinin "ç” bəndi ilə xitam verilməsi barədə 19.09.2017-ci il tarixli, K-615 saylı əmri ləğv edib.

Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılıb.

Bu işdə ən tükürpədici məqam ondan ibarətdir ki, direktor S.Abbasovanın 27 ilin pedaqoqunun şərləməsi və digər müəllimləri də insana və şərəfli müəllim peşəsinə yaraşmayan biabırçı hərəkətlərə sövq etməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilsə də, S. Abbasovaya dair hər hansı bir tədbir görülməyib.

Hətta nəticədə S.Abbasova istədiyinə nail belə olmuşdur. Belə ki, M.Hüsüynova başqa bir məktəbə göndərilib.

Bəlkə, bu vahiməli hadisəyə Təhsil Nazirliyi bir münasibət göstərsəydi, indi nə Elina qara torpaq altında yatır, nə də ki Sevinc Abbasova təqsirləndirilən şəxs kürsüsündə əyləşmişdi.

Aristotel deyib: "Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib”. 

Müəllimləri ən vicdansız hərəkətlərə sövq edən biri uşaqlara hansı yolu göstərəcək?! Əgər məsum Elina 162 saylı məktəbdə baş verənlərə etiraz olaraq özünə qəsd etməsəydi, həmin məktəbdə nə qədər talelər tarımar olardı?..

Təhsil Nazirliyi tərəfindən yüzlərlə uşaqların və müəllimlərin talelərini Sevinc Abbasova kimilərinə  həvalə etməsi isə bütövlükdə cəmiyyətin faciədir...

Bu faciəyə isə biganə qalmaq olmaz...

Məsud Turan