Azərbaycan XİN: "Ermənistan XİN-i daha praqmatik olmağa dəvət edirik"

Azərbaycan XİN:

19-04-2019 14:54 / Bu xəbər 1214 dəfə oxundu

"Biz Ermənistan Xarici İşlər Nazirliyini "3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik.
 
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və ya ATƏT-in Minsk qrupunun həmsədləri ilə keçiriləcək görüşlər, atılacaq addımlara dair şərhləri "3+2” formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir. 

Sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir. Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyildir və bu proses həmişəlik davam edə bilməz".

Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi, onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər. Eyni zamanda onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar", - XİN-in sözçüsü əlavə edib.