Azərbaycana qayıtmaq istəməyən 7 uşaq atası damarını doğrayıb

Azərbaycana qayıtmaq istəməyən 7 uşaq atası damarını doğrayıb

05-02-2019 18:12 / Bu xəbər 1769 dəfə oxundu

Həyat yoldaşı: ''İlham Əliyev yaxşı dövlət başçısı olsa, milləti pərən-pərən düşməz''

Fevralın 4-ü, gecə saatlarında 15-dən çox azərbaycanlı ailə xüsusi reyslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb. 

"Azlegat.com” bildirir ki, nəzərdə tutulmuş uçuş texniki səbəbdən baş tutmadığına görə həmin ailələr səhər saat 7 radələrində yenidən öz yaşayış yerlərinə qaytarılıblar. Hava limanına aparılanlar arasında xəstələr, ailə üzvlərindən biri və ya ikisi evdə olmayanlar da olub və bu halların heç biri deportasiya üçün gələn səlahiyyətli orqanlar tərəfindən nəzərə alınmayıb.

Sakit adlı bir nəfər azərbaycanlının xanımının xəstəxanada, oğlunun evdə olmaması nəzərə alınmayıb. O, deportasiya edilmək üçün aereporta aparılıb.

Ramal adlı başqa bir azərbaycanlının isə səhhətində ciddi problem olduğu, uçuşa icazə verilmədiyi barədə həkim sənədinin olmasına baxmayaraq, onun da ailəsi ilə birlikdə aereporta aparıldığı bildirilir.

Deportasiyadan xilas olmaq üçün özünə xəsarət yetirənlər də olub.

Kassel şəhərində mühacirətdə olan 7 övlad atası Səbuhi Hüseynov Azərbaycanın onun üçün dözülməz yer olduğunu bildirərək, Almaniyadan deport olunmaması üçün damarlarını doğramaqla prosesə etiraz edib. O, hazırda xəstəxanadadır, özünə gəlməyib.

Bu barədə Meydan TV-yə Səbuhi Hüseynovun həyat yoldaşı Könül Hüseynova məlumat verib. O, Azərbaycana qayıtmaq istəməmələrinin səbəblərindən danışıb:

"2015-ci il idi. O vaxtlar yoldaşım kamaz sürürdü. Mingəçevirə qum, daş gətirir, satırdı. Həmin il ölkədə Olimpiya Oyunları keçirilirdi. Yarışların bəzilərini Mingəçevirə salmışdılar. Düz bir ay şəhərə böyük maşınların girişini qadağan etdilər. Bizim ailə də böyükdür. 6 uşaq bir də ikimiz. 8 nəfərik. Bir ay işləməmək nə deməkdir? Nə isə, bir ay işləyə bilmədi. Ardınca da dollar qalxdı. Tamam pis vəziyyətə düşdük”.

K.Hüseynova deyir ki, vəziyyətlərinin ağır olduğuna görə ailə dəfələrlə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı ilə danışıb, qəbulunda olublar. Ancaq o, bunlara heç bir kömək etməyib. Deyib, maşın şəhərə girə bilməz, vəssəlam:

"Bir sözlə, yoldaşımın canını boğazına yığdı. Şəhərə girməsinə imkan vermədi. Belə olan vəziyyətdə vəziyyətimiz çox ağırlaşdı. "Kamaz” düz bir aydan çox Mingəçevirin girişində qaldı. Özümüz də kirayədə yaşayırdıq. Yoldaşım "Kamazs sürən vaxtlar hər ay Sosial Müdafiə Fonduna 50 manat köçürürdü. Buna baxmayaraq, o, işləməyəndə, borcun-xərcin içində batanda nə qədər müraciət etsək də, bizə sosial yardım vermədilər. Vəziyyətimiz çətinləşəndə mən Səlim Müslümova, prezidentə, Mehriban Əliyevaya, Ombudsmana məktublar yazdım, xeyri olmadı”.

Bundan sonra ailə Bakıya, prezidentin xanımı Mehriban Əliyevanın qəbuluna gedib: "Onda 7-ci övladıma hamilə idim. Getdik ki, qəbulda xeyli adam var. Mən 472-ci oldum. Dedim, mən Mingəçevirdən gəlmişəm, özü də borc-xərclə. Məni tez qəbul etsinlər, nolar. Dedilər, yox, növbən 2-3 aya çatar, onda gələrsən. Orada bir şəkili qadın vardı. Bizə yazığı gəldi. Dedi, mən 40-cıyam, növbəmi verirəm sizə. Razı olmadılar. Dedilər, hərə canı çıxmalıdır, öz növbəsində girməlidir. Mən orda pis oldum. Hirsləndim, dedim günah sizdə deyil, hakimiyyətdədir, İlham Əliyevdədir, Mehriban Əliyevadadır. Bu zaman qapıda duran polis məni yerə yıxıb, qarnımı təpikləməyə başladı. Yoldaşım dözə bilmədi. Başladı o da söyməyə. Hamilə qadına təpik vurmaq nə deməkdir? Budur Azərbaycan polisinin insanları qoruması? Bu zaman yoldaşımı apardılar polisə”.

Könül Hüseynova deyir ki, bundan sonra yoldaşından bir həftə xəbər tuta bilməyib: "Mən elə oradaca, uşaqlarımın gözü önündə özümdən getmişəm. Ayılanda gördüm ki, camaat başımın üstündə üzümə su səpir. Qaynıma zəng etdim, gəlib məni apardı. Yoldaşımdan bir həftə məlumat ala bilmədik. Harada olduğunu bilmədik. Dedilər, ölkə başçısını təhqir etdiyinə görə həbs edilib. İşgəncə etmişdilər. Sinəsinə qızdırılmış bıçaq basmışdılar. Hər görəndə o günü xatırlayır. Erməni bunlardan yaxşıdır, bilirsən ki, düşməndir. Bundan sonra bezdik. Mingəçevirə gələndə də polis gəldi qapımıza, dedilər "susmalısız”. Yoldaşım dəyər-dəyməzinə "Kamaz”ını satdı, Gürcüstandan Rusiyaya qaçdıq. 3 ay orada yaşadıq. Sonra atam rəhmətə getdi. Evin tək övladıyam. Cənazəsinə gəldim. Gələndə sərhəddən bizi buraxmadılar. Dedilər, uşağın Rusiyada doğulub, Rusiya vətəndaşıdır, uşağı buraxmırıq. 2 ay sonra sənədləri düzəldib, qayıda bildik. Rusiyada olanda yoldaşım özünə "Facebook” açmışdı. Orada başımıza gələnləri yazmışdı. Azərbaycana qayıdandan sonra yoldaşımı Mingəçevir polisi apardı. Dedilər, hakimiyyət barədə paylaşdıqlarını silməlisən. Yoldaşım razı olmadı. Dedi, kirayədə yaşayıram, bir maşınım vardı, qoymadınız işləməyə, ailəmi dolandıra bilmirəm. Niyə silməliyəm?”

K. Hüseynova deyir ki, bundan sonra yoldaşı daha da irəliyə gedib, Bakıdakı mitinqlərə qatılıb. Nəticədə onu dəfələrlə Mingəçevir Polis Şöbəsinə aparıb, döyüblər, günlərlə həbs ediblər: "Sonra bir neçə dəfə də Rusiyaya gedib-gəldik. Gördük alınmır. Yenə döndük Azərbaycana. Yenə hər yerə yazdıq, xeyri olmadı. Yoldaşım da xəstə idi artıq. Başında şiş yaranmışdı. Mən işləyirdim, müəlliməyəm. 158 manat maaş alırdım. Bilmirdim, kirayəyə verim, yoldaşıma dərman alım, yoxsa uşaqlarımı dolandırım. Bir ucdan da əl çəkmirdilər ki, "Facebook”u bağla. Yoxsa uşağını yolda maşın vurar ölər, yoldaşının başına bir iş gələr. Qorxu içindəydik. Ondan sonra yoldaşım getdi Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət etdi ki, həyatım təhlükədədir, mənə kömək edin. Cavab ala bilmədik. Almaniyanın Nürdberq şəhərinə məktub yazdıq. Poçtda dedilər ki, içini oxumamış göndərə bilmərik. Məktubun içini oxudular, gördülər dövlət əleyhinə cümlələr var. Poçtda işləyən xanım polisi yığdı. Dedi, bəs burada bir xanım dövlət əleyhinə məktub yazıb, gəlin onu buradan yığışdırın. Nəticədə mən hirsləndim, çıxdım ordan. Evə gəlib çatmamış, arxamca polis gəldi. Məni təhdid etdilər, hədələdilər. Dedilər, başına 100 oyun açarıq. Övladlarımla şantaj etdilər. Axırda məcbur oldum, Bakıya gəldim. Məktubu karqo ilə göndərdim. Bir ay sonra cavab gəldi ki, öz vəsaitinizlə gəlin, biz sizə yardım edərik. Biz də durub gəldik”.

Könül Hüseynova indi Almaniya hökumətinin onları niyə deport etməsinin səbəbini anlaya bilmir. Deyir, səbəb də göstərmirlər: "Deyirik ki, geri qayıtsaq, bizi təhlükə gözləyir. Bura gələndən də güvəndə olduğumuzu bilib, daha sərt şeylər yazmışıq. Deyirlər, siz var-dövlət içində yaşayan ölkəsiz, prezidentiniz deyir ki, ölkəmiz demokratikdir, yağ-bal içindəyik, qayıdın öz ölkənizə. Polislər bizi deportasiya üçün aeroporta aparmağa gələndə yoldaşım mən çantaları hazırlayanadək damarlarını doğrayıb. İçəri girdim ki, qan qapının ağzınacan gəlib. Polislər də qapının ağzında idilər. Gecəni necə keçirdik, bilmirik. Tikiş qoydular, indi xəstəxanadadır”.

K.Hüseynova deyir, görün insanları nə vəziyyətə salıblar ki, onlar doğma ölkələrinə qayıtmaq istəmirlər: "Bizim ölkəmizin altı da, üstü də qızıldır, düzdür. Amma onlar bizə, biz kasıblara aid deyil. Mən milyardlar istəmirəm, insan kimi yaşamaq arzusundayam. Balalarımın gələcəyi var. Orada bizi rahat buraxmayacaqlar. Damarını o qədər dərindən doğrayıb ki, narkozla tikiblər. Mənim orada 73 yaşlı qoca anam var. Görün nə qədər məcbur olmuşam ki, onu tək qoyub çıxmışam. Sabah uşaqlarımın başına bir iş gəlsə, vicdan əzabı çəkəcəm. Kim istəyər vətənini tərk edib, uzaqlara getsin? İlham Əliyev yaxşı dövlət başçısı olsa, milləti pərən-pərən düşməz. Burada hər qapı döyüləndə həyəcan keçirirəm. Deyirəm, yəqin yenə bizi aparmağa gəliblər. Biz onların əlindən qaçıb gəlmişik, onlara görə bu əzabı çəkirik”.

Ötən il, iyunun 18-də 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Məlumatı Almaniyada fəaliyyət göstərən "Legat” İnteqrasiya Mərkəzi yayıb. Bildirilib ki, deportasiya edilənlərin şəxsiyyətləri son bir həftə ərzində "Readmissiya haqqında” sazişə əsasən müəyyən edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub.  

Deportasiyanın isteriya ilə qarşılanma halları yeni deyil. Azərbaycanlılar arasında özünəqəsd, polisə müqavimət və immiqrasiya xidmətinin əməkdaşlarının girov götürülməsi halları da baş verib.