"Azərbaycana vaxt verilə bilər" - Akif Qurbanov

25-10-2016 23:45 / Bu xəbər 1050 dəfə oxundu

"Bildiyiniz kimi, "EİTİ" İdarə Heyətinin Astanada bu gün və sabah iclası keçirilir. Gündəmdə duran məsələlərdən biri də Azərbaycanın üzvlük statusu ilə bağlıdır. Ümumiyyətlə, "EİTİ"-nin standartlarında konkret islahedici planı həyata keçirmək üzrə hər hansı bir ölkə ilə bağlı 4 variantda qərar çıxarma qaydası var. Qərarın birincisi üzvlüyün bərpası, ikincisi namizədlik statusunun saxlanılması, üçüncü ehtimal üzvlüyün dayandırılması və dördüncü qərar isə üzvlükdən tamamilə çıxarılma ola bilər". 

Bunu Toplum.tv-yə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, "Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyası Şurasının üzvü Akif Qurbanov Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) İdarə Heyətinin Azərbaycanla bağlı Astanada keçirilən toplantıda çıxaracağı qərarı şərh edərkən deyib. 
 

Akif Qurbanov

Akif Qurbanovun sözlərinə görə, Azərbaycan hökuməti islahedici plan üzrə konkret addımlar atsa da, problemlər tam aradan qaldırılmayıb: "Hazırki situasiyanı qiymətləndirdikdə, biz görürük ki, Azərbaycan islahedici plan üzrə bəzi işlər görüb, xüsusən hesabatlılığın həyata keçirilməsi istiqamətində plana uyğun olaraq, müəyyən addımlar atıb. Eyni zamanda Koaliasiya üzvlərinin problemləri istiqamətində də bəzi işlər görülüb və konkret bir sıra şəxslərin problemlərinin həlli ilə bağlı müəyyən bir proses başladılıb. Amma islahedici planda göstərildiyi kimi, bu problemlər tamamilə əhatə olunmayıb. Eyni zamanda əsas problemlərdən biri kimi Vətəndaş Cəmiyyətinin Azərbaycandakı fəaliyyətini mümkünsüz edən şərtlər aradan qaldırılmayıb, onların normal fəaliyyəti üçün şərait təmin olunmayıb. Yəni QHT qanunvericiliyi və "Qrant haqqında" Qanunda heç bir dəyişiklik edilməyib. Hətta bir neçə gün öncə prezident bununla bağlı fərman imzalasa da, ümumiyyətlə, bu fərman mahiyyət etibarilə problemlərin həllinə yönəlməyib. Prosedurun sadələşməsi kimi görünsə belə, həmin fərmanı qiymətləndirdikdə bunun söz oynundan başqa bir şey olmadığı görünür. Ona görə də bu fərmanın qanunun mahiyyətinə heç bir təsiri olmayıb. Belə olduğu halda, Vətəndaş Cəmiyyətinin fəaliyyət göstərməsi faktiki olaraq, mümkünsüz olur. Baxmayaraq ki, şəxslərin və ya Kolisiya üzvü olan QHT-lərin fərdi problemləri həll olunub, bank hesabları açılıb, Ədliyyə Nazirliyinin reystrindən çıxarışı alıb, köhnə qrantların bəzilərinin qeydiyyatı baş tutub və s. yəni bunlar vəziyyəti dəyişmir. Çünki cari problemləri həll olunsa belə, onların fəaliyyət göstərməsi ilə bağlı heç bir institutsional addım atılmayıb. Belə olduğu təqdirdə, hesab etmək olmaz ki, Azərbaycan islahedici plan üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib". 

A.Qurbanov bildirib ki, Azərbaycanla bağlı üzvlüyün saxlanılması və ya dayandırılması qərarı çıxarıla bilər: "Gözləntim odur ki, Azərbaycanın statusu saxlanıla və əlavə vaxt verilə bilər. Amma üzvlüyü dayandırılması da gözlənilir. Çünki üzvlüyün bərpası və ölkənin üzvlükdən çıxarılması çox kritik hallarda baş verir və indiki situasiyada bunun baş verməsi gözlənilmir. Amma Koalisiya şurasının üzvü kimi arzu edərdim ki, Azərbaycana yenidən islahedici plan tətbiq olunsun və qısa müddətdə vaxt verilsin. Həmin planda da konkret məsələlər əksini tapsın və Azərbaycan onu yerinə yetirmək prosesi ilə üzləşsin. Hesab edirəm ki, Azərbaycan islahedici planı qəbul etikdən sonra yenidən vaxt qazanıb siyasi manevrlər etmək istəyəcək. Amma buna da imkan vermək olmaz. Yaxşı olardı ki, İdarə Heyəti Azərbaycana xüsusi missiya göndərsin və hökuməti inandırsın ki, bu problemlərin həlli daha faydalı olacaq. Eyni zamanda "EİTİ"-nin İdarə Heyəti həmin plan üzrə beynəlxalq maliyyə qurumları ilə də effektiv işləməlidir ki, islahedici planın səmərəliyini təmin edə bilsin. Çünki Azərbaycanın gələcək layihələrin icrasında ciddi maliyyəyə ehtiyacı var və Azərbaycan hökuməti bu maliyyə problemləri ilə bağlı müəyyən güzəştlərə getmək məcburiyyətində qalacaq. Şəxsən mən Koalisiya üzvü kimi bu plan üzrə addımların atılmasını doğru hesab edirəm. Amma bir məsələni də qeyd edim. Azərbaycanın məsələsinə baxılmadan öncə bir məsələ də var ki, o bu gün bilinəcək. Deməli, İdarə Heyəti cəzalarla bağlı qaydalara yenidən baxacaq. Çünki indiki qaydalarla sərt cəzalar tətbiqetmə məcburiyyəti yaranır. Sərt cəzaların təbiqetmə məcburiyyəti də "EİTİ"-də  təşəbbüsdə iştirak edən ölkələrinin bir çoxuna qarşı yönəlir və mahiyyət etibarilə bu da bir çox ölkələrin oradan çıxması və fəaliyyətini dayandırması ilə nəticələnir. Bu da ölkələrin iştirakçılığı baxımından arzuolunan nəticələrə gətirib çıxarmır. Bu nöqteyi-nəzərdə ola bilər ki, qaydalar dəyişdirilsin və yumşaq qaydalar tətbiq olunsun. Belə olduqda Azərbaycanın statusu ilə bağlı daha yumşaq münasibət göstərilə bilər". 

"Amma arzu etməzdim ki, bu yumşalma hökumətimizin Azərbaycanın üzvlüyə bərpası və öz siyasətini düzgün yönəltməsi kimi təbliğata başlamasına şərait yaratsın. Belə bir halda, biz "EİTİ" çərçivəsində Vətəndaş Cəmiyyətinin inkişafına yaranmış şəraiti, şansı itirmiş olaraq. Ona görə də Koalisiya Şurasının üzvü kimi real problemləri icra etməyənə qədər Azərbaycanın statusunun bərpa olunması Vətəndaş Cəmiyyətinin həllinə nəinki müsbət təsir edəcək, əksinə, problemlərin həllinin mümkün olmadığı qənaətini yaradacaq və biz bu dövrü də itirmiş olacağıq". 

MSŞT QHT Koalisiyasının keçmiş koordinatoru və şura üzvü Zöhrab İsmayıl da feysbuk profilində sözügedən məsələ ilə bağlı fikirlərini bölüşüb.

Zöhrab İsmayıl həmin statusda qeyd edib: "Bir çoxlarımız Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) İdarə Heyətinin Azərbaycanla bağlı sabahkı Astana qərarını gözləyirik. Durum belədir ki, İdarə Heyəti Azərbaycan kimi ölkələrə görə qaydalarını dəyişir. Bəhanə budur ki, güya üzvlüyün dayandırılması mexanizmi işə düşsə bu, çoxlu sayda ölkələrə tətbiq oluna bilər. Ehtiyatlanırlar ki, belə getsə EITI cəza mexanizminə çevrilə bilər ki, bu da şəffaflıq sahəsində iməkləyən ölkələrin təşəbbüsü tərk etmələri ilə nəticələnər.

Azərbaycanla bağlı durum bir az başqadır. Həmişə olduğu kimi,  hökumət yenə beynəlxalq təşkilatların "qulağına lapşa asır". Bir tərəfdən, əhəmiyyəti dəfələrlə şişirdilən "qrant qeydiyyatı ilə bağlı" yeni prezident fərmanı, MSŞT üzrə QHT koalisiyasının bəzi üzvlərinin problemlərinin qismən həll edilməsi və bağlı qapılar arxasındakı merkantil danışıqlar, o biri tərəfdən də QHT şurasının maliyyə asılılığında olan təşkilatlar qlobal İdarə Heyətinə bəh-bəh məktublarına köklənməsi  "abı-havanı" dəyişib.


Zöhrab İsmayıl

Əgər qlobal İdarə Heyəti MSŞT-dəki cəzalandırma qaydalarına düzəliş edərsə, Azərbaycanın MSŞT-dəki statusu ilə bağlı iki varint qalır: 1) üzvlüyün bərpası; 2) namizəd statusunun müəyyən müddətə (təxminən 1 il) saxlanması və ikinci islahedici planın təsdiq edilməsi. 

Əgər birinci variant qəbul edilsə, müstəqil vətəndaş cəmiyyəti üçün EITI kitabı bağlanmış olacaq. Eyni zamanda Azərbaycan hökuməti də "EITI deyir bizdə problem yoxdur" deyibən "qılıncını yenidən üstümüzə çəkəcək". Həmçinin beynəlxalq maliyyə institutlarından da kredit pəncərələri taybatay açılacaq.

İkinci variantda isə yenə müəyyən ümidlər var, qarşıdakı bir il ərzində Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə aid olan 3-5 problemi də həll edə bilər. Amma sözsüz ki, problemlərin fundamental həllini - qanunvericiliyin dəyişdirilməsi və 2013-cü ildəki mühitin bərpasını gözləmək əbəsdir".

Qeyd edək ki, oktyabrın 25-də Qazaxıstanın paytaxtı Astanada təşkilatın beynəlxalq rəhbər komitəsinin 35-ci iclası başlayıb. Həmin toplantıda Azərbaycanın təşəbbüsdəki statusu da müzakirə edilməlidir.

Toplum.tv