"Azərbaycana Yeni "Zellandiya yağı 5 manat 34 qəpiyə idxal olunur" - Ekspert

08-11-2017 10:47 / Bu xəbər 2339 dəfə oxundu

"Ötən il  kərə yağı və digər məhsulların  idxal əməliyyatları  üzrə 31,8  milyon  dollarlıq mal qeydiyyata almayıb. Rəsmi məlumatlara görə, ölkəyə 1 kq Yeni Zellandiya yağı 5 manat 34 qəpiyə idxal olunur. Rüsum endirldikdən sonra 1 kq kərə yağının qiyməti orta hesabla 63 qəpik ucuzlaşa bilər". 

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu feysbukda yazıb. 

Ekspert yazır: "Son günlərin əsas mövzularından olan  ölkəyə kərə yağının idxalının tənzimlənməsi sahəsində görülən işləri nəzərə alaraq,  bu sahədə apardığım araşdırmanın əhəmiyyətli olan 3 əsas nəticəsini sizə təqdim edirəm:

1) Əvvala qeyd edim ki, Azərbaycana idxal olunan kərə yağı malların nomenklaturası üzrə 0405  kodu ilə "Kərə yağı və digər süddən hazırlanmış yağlar; südlü pastaları" adı altında təsnif olunur.  Bu təsnifat  04  saylı "Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları" mal nomenklatirasının alt kodu sayılır. Dövlət Gömrük Komitəsi (DGK) 2 rəqəmli kodlar üzrə mal idxalına və ixracına dair məlumatları açıqladığına görə, mən də ilk növbədə 04 kodu üzrə idxal əməliyyatlarında əsasən qeydiyyatın tam  aparılmaması və gömrük dəyəri bazar qiymətindən  aşağı  rəsmiləşdirilməsi səbəbindən yaranan fərqi aşkara çıxarmağa çalışdım. "Uncom trade" məlumat bazasında olan real  göstəricilərlə Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarının qarşılıqlı üzləşdirilməsi nəticəsində məlum oldu ki, 2016-cı ildə Azərbaycana 04 kodu altında 124 milyon 955 min 355 dollarlıq  məhsul idxal olunmasına baxmayaraq onun 93 milyon 176 min 910 dolları və ya 74,5 faizi qeydiyyata düşüb. Yəni 31 milyon 778  min 445 dollarlıq "Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları" kodu altında  idxal  olunan mallarda qeydiyyat fərqi var.  DGK ən çox idxal olunan mallar hesatında 2016-cı ilin dekabr ayı üzrə statistik göstəriciləri açıqlamadığına görə, anoloji müqayisəni kərə yağı üzrə ayrıca aparmaq mümkün olmur.

2) Araşdırmadan məlum olur ki, Azərbaycana kərə yağı əlavə olunan cədvəldə əks etdirilən15 ölkədən idxal olunur. Onlar arasında Yeni Zellandiya, Almaniya, Belarus, Finlandiya və Fransadadan daha çox kərə yağı gətirilir. Azərbaycana gələn kərə yağının miqdarca 85 faizi Yeni Zellandiyanın, yerdə qalan 15 faizi isə 14 ölkənin  payına düşür. Azərbaycana ən ucuz yağ Estoniyadan  (1 kq qiyməti - 2,62 dollar), ən bahalı yağ isə Lüksemburqdan (1 kq qiyməti 10,18 dollar) idxal olunur. Yeni Zellandiya yağının 1 kq-nın idxal qiyməti 3 dollar 14 sent, hazırkı məzənnə ilə 5 manat 33 qəpik təşkil edir. Statistik xətaları  korrektə etmək üçün cədvəldəki ən yüksək qiyməti və ən aşağı qiyməti kənarlaşdırıb, orta qiyməti hesablayarkən məlum olur ki, ölkəyə 1 kq kərə yağı orta hesabla 4 dollara və ya 6 manat 80 qəpiyə idxal olunur. Hətta ən aşağı və ən yuxarı qiymətləri kənarlaşdırmayanda belə 1 kq kərə yağının idxal qiyməti 4,32 dollara və ya 7 manat 34 qəpikdən baha olmur.  

3) DGK 1 kq kərə yağının orta hesabla 5,2 dollara və ya 8 manat 84 qəpiyə idxal olunduğunu açıqlayıb. Ola bilər ki, DGK bu zaman həm də idxal rüsumları və  əlavə dəyər vergisi (ƏDV) də həmin qiymətə daxil edib.  Gəlin onu da hesablayaq.  Metodoloji yanaşmaya görə, gömrük dəyərinin üzərinə rüsum əlavə olunandan sonra ona 18 faiz idxala görə ƏDV hesablanır.  Belə olan halda 3,14 dollar və ya 5 manat 34 qəpik  gömrük dəyəri olan Yeni Zellandiya yağı üçün əvvəlki qaydalara görə hesablanan 15 faiz gömrük rüsumu 80 qəpik edir, onu da əlavə edəndə gömrük dəyəri və rüsumlar birlikdə 6 manat 14 qəpiyə bərabər olur. Bu məbləğə hesablanan  ƏDV 1  manat 10 qəpiyə bərabər olur. Belə olan halda idxlatçı şirkət Yeni Zellandiya  mənşəli kərə yağını  gömrükdən 7 manat 24 qəpiyə  (6 manat 14 qəpik + 1 manat 10  qəpik) çıxarmalıdır.

Gömrük rüsumu 15 faizdən 5 faiz  endiirildikdən sonra isə qiymətdə aşağıdakı dəyişiklik baş verə bilər. Malın rüsumla birlikdə dəyəri 5 manat 60  qəpik, ƏDV  hesablandıqdan sonra gömrükdən çıxış dəyəri 6 manat 61 qəpik olur. Göründüyü kimi rüsumun 3 dəfə  aşağl salınması hesabına 1 kq kərə yağı digər şərtlər nəzərə alınmadığı halda orta hesabla  63 qəpik ucuzlaşa bilər. Bu isə kərə yağının satışında o qədər də  böyük endirimə gətirib çıxarmayacaq. Hesab edirəm ki,  1 aydan sonra  başlayan 50-60 qəpiklik  ucuzlaşma  qısa müddətli dövrdə  müşahidə olunacaq və çox keçmədən  qiymətlər yenə də əvvəlki səviyyəsinə qayıdacaq".