Azərbaycanda banklara ABŞ dollarının satışına limit qoyulub

Azərbaycanda banklara ABŞ dollarının satışına limit qoyulub

11-08-2018 10:50 / Bu xəbər 422 dəfə oxundu

İqtisadçı: "Manatı əmrlə uzun zaman sabit tutmaq mümkün olmayacaq"

Ölkədə fəaliyyət göstərən banklarda ABŞ dollarının satışına limit qoyulmasına dair məlumatlar yayılıb. Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib ki, limitin tətbiqi, ilk növbədə, valyuta bazarında möhtəkirlik hallarının qarşısını almaq məqsədi daşıyır. Məlumatı "marja.az” yayıb. 

"Bəzi işbazarlar kütləvi şəkildə dolları alıb, sonra onu baha satış çıxarırlar, bazarda gərginlik yaradırlar. Yəni, hansısa siravi vətəndaş nəyə görə birdən-birə 100 min dollar almalıdır ki?

Buna görə də, dolların nağd şəkildə satışına limit qoyulub. Nağdsız satışda isə limit yoxdur. İstənilən qədər məbləği hesaba qoymaq, kartla ödəniş etmək olar. Bu tədbirlərin məqsədi həm də odur ki, nağd hesablaşmalar məhdudlaşdırılsın, nağdsız hesablaşmalar stumillaşdırılsın. Dövriyyədə şəffaflıq təmin olunsun”.

2015-ci ildə iki dəfə Azərbaycanda devalvasiya baş verib. Həmin hadisədən sonra bir müddət ölkə banklarında xarici valyutaların satışına limit qoyulub.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli qərarı şərh edərkən bildirib ki, ən dəhşətlisi odur ki, öz səhvlərindən də nəticə çıxarmırlar, eyni səhvi dəfələrlə təkrar edirlər: 

"Türkiyədə, Rusiyada, İranda baş verən proseslər, bu ölkələrin milli valyutalarının dəyərdən düşməsi onsuz da manata ciddi psixoloji basqı yaradıb, bu gərginliyi azaltmaqdansa bu gün banklarda 1 nəfərə dollar satışına limit qoyublar - 5000 dollardan artıq satmırlar. Qərarın özü mənasız olsa da (yəni, mənə 20000 lazım olsa 4 nəfərlə gedib alaram), panikanı ciddi yüksəldib, insanları əllərində olan manatı tez dollara çevirməyə kökləyib. Bu qədər də savadsız olmaq olmaz axı, zatən avqust ayı dollara tələbatın yüksəldiyi aydır - ölkədə adi karandaş, pozan, dəftər, uşaq tumanı və corabı istehsalı yoxdur deyə, məktəb mövsümü ilə əlaqədar ölkədən 300-400 mln. dollar çıxır ki, mövsümə hazırlıq üçün mal gəlsin. Bu fonda hələ bir dollar satışına məhdudiyyət qoyaraq vəziyyəti lap ağırlaşdırırlar".

İqtisadçı əlavə edib ki, manatı əmrlə uzun zaman sabit tutmaq mümkün olmayacaq. Məzənnəni nə qədər inzibatı yolla zorlasalar, devalvasiya bir o qədər böyük olacaq.