"Azərbaycanda blogerə ehtiyac yoxdur" - Deputat

08-01-2019 19:18 / Bu xəbər 1137 dəfə oxundu

"Azərbaycanın necə inkişaf etməsini Mehman Hüseynova çatdırmaq lazımdır"

"Mehman Hüseynov gənc olduğu üçün ölkə rəhbərinin gördüyü uğurlu işləri hələ dərk etmir. Cənab Prezidentin gördüyü işləri, Azərbaycanın necə inkişaf etməsini, gənclərə olan böyük diqqət və qayğını Mehman Hüseynova çatdırmaq lazımdır".

Bu fikirləri demokrat.az-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov bildirib.

Deputat deyib ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə gənclərə bu qədər dəstək verilmirdi.

Onun sözlərinə görə, cəmiyyətdə heç bir nüfuzu olmayan radikal müxalifət Mehman Hüseynovdan yeni "qəhrəman" yaratmaq istəyir: "İndi də başlayıblar aləmə car çəkməyə ki, ay Mehman Hüseynov özünü öldürəcək və buna görə ölkəmizə xələl gələcək və sairə. Xaricdən maliyyələşən Orduxan Teymurxan və digər bu kimi adamlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü var. Amma dövlətimiz onların problemlərinbin həlli istiqamətində böyük işlər görür. Məgər həmin qüvvələr Azərbaycanda görülən bu qədər böyük işləri görmürlər? Yalandan şou yaradırlar ki, Mehman Hüseynov ay belə edir və sairə".

"Bu, yeni termindir, xaricdən daxil olub"

Deputat Azərbaycanda blogerliyə ehtiyac olmadığını söyləyib: "Ümumiyyətlə Azərbaycanda blogerə ehtiyac yoxdur. Bilirsiniz, bu yeni termindir, xaricdən daxil olub. Burada da bəzi adamlar bunu Orduxan kimilərdən öyrəniblər. Onlar az qala blogeri "milli qəhrəman"a çevirmək istəyirlər. Amma blogerlik qəhrəmanlıq deyil. Bu, Qərbin başqa ölkələrə sırıdığı bir şeydir. Otururlar Hollandiya və digər xarici ölkələrdə, insanları zəhərləyərək dövlət əleyhinə çevirirlər. Mən hələ keçmiş Sovet İttifaqı dövründə də həmin ölkələrdə olmuşam. O ölkələr öz millətlərinə yiyəlik edə bilmirlər, indi gəlib Azərbaycana nə isə öyrətmək istəyirlər. Əslində, bu əksinə olmalıdır. Avropa insanının mədəniyyəti elədirsə, biz onlara qoşulub zay olmamalıyıq! Mənim bir böyük kimi Mehman Hüseynova məsələhətim odur ki, doğru yola gəlsin. Mən YAP Siyasi Şurasının üzvüyəm, bizim partiyanın tutduğu yol gənclərə diqqət, yüksək təhsilə yiyələnmək və digər faydalı məsləhətlərdir. Yoxsa ki aləmə car çəkiblər ay Mehman Hüseynov özünü öldürəcək və sairə. Axı buna nə gərək var? Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti gənclərimizin tərbiyəsində böyük rola malik olan insanlardır. Hər kəs yaxşı bilir ki, xarici ölkələr insanlarımızın beynini zəhərləməyə çalışır. Digər tərəfdən isə mən Mehman Hüseynovun atasına müraciət edirəm: ağsaqqal adamsız, Azərbaycanın milli adət-ənənələri var. Övladınızı başa salın ki, belə etmək doğru yol deyil. Bu, bizim dövlətçiliyimizə ziyan olan haldır".