Azərbaycanda hansı rektorlar işsiz qalacaq?

Azərbaycanda hansı rektorlar işsiz qalacaq?

08-12-2016 23:45 / Bu xəbər 1791 dəfə oxundu

Məlum olduğu kimi, təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib ki, yaxın günlərdə ali məktəblərin optimallaşdırılması məsələsinə baxılacaq.

Qaynarinfo.Az-ın məlumatına görə, nazir həmin sözləri ilə faktiki olaraq, Azərbaycanda müəyyən universitetlərin birləşdirilə biləcəyinin siqnalını verib. Bu isə ölkədəki bəzi ali məktblərin bağlanacağını, beləcə, bir sıra rektorların işsiz qala biləcəyi anlamına gəlir. 

Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələrinin birləşdirilməsi təcrübəsi var. Belə ki, 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib. Bundan başqa, Müəllimlər İnstitutunun bir neçə filialı bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib. Rabitə və Nəqliyyat Kolleci Texniki Universistetin nəzdinə, Maliyyə İqtisad Kolleci isə Dövlət İqtisad Universitetinin nəzdinə verilib. 

Bəzi ekspertlərin fikrincə, bir çox ali təhsil müəssisələrində bir-birini təkrarlayan fakültələrin və ixtisasların tədris edilməsi onların bəzilərinin birləşə biləcəyini mümkün edir.

XXI Əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bir müddət əvvəl mətbuata verdiyi açıqlamada demişdi ki, eyni ixtisaslar olan ali məktəblər rasionallaşmalıdır: "Azərbaycanda bəzi ali təhsil müəssisələrinin də birləşdirilməsinə ehtiyac var. Hansı ali məktəbin kadr hazırlığı yüksək səviyyədədirsə, bunlar analiz olunmalı və onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində iş görülməlidir. Bəzi universitetlərdə təkrar ixtisaslar tədris olunur”.

Amma bu fikiri paylaşmayan mütəxəssislər də az deyil. Onların fikrincə, universitetlərin eyni istiqamətdə təhsil verməsi, heç də onun ləğv edilməsinə əsas vermir, çünki ola bilər, biri digərindən daha keyfiyyətli təhsil verir.

Bəs gələn il Azərbaycanda hansı universitetlər birləşdirilə bilər? Saytımızın əldə etdiyi məlumata görə, birləşdirilməsi real olan ali təhsil müəssisələri sırasında Bakı Ali Neft Məktəbi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (keçmiş Dövlət Neft Akademiyası - ADNA) adı ön plana çıxır. 

Həmçinin Texniki Universitetlə Memarlıq və İnşaat Universitetinin də birləşdirilməsi mümkündür. Bakı Musiqi Akademiyasının isə Mədəniyyət və İncəsənət Universitetinə birləşdirilməsi mümkündür.