Azərbaycanda internet azaddırmı?

Azərbaycanda internet azaddırmı?

05-11-2019 17:23 / Bu xəbər 391 dəfə oxundu

Azərbaycan internet azadlığına görə "qeyri-azad ölkələr" sırasındadır. 

Freedom House-un son hesabatında belə deyilir. Azərbaycanın qonşuları Gürcüstanla Ermənistan isə azad ölkələr arasındadır.

"Mitinqdə şəhərin mərkəzində internetə giriş mümkün olmadı"

Bir il öncəki hesabatda Azərbaycan «qismən azad ölkələr» içində yer almışdı. Ölkədə bu qiymətləndirmə ilə razılaşan da var, razılaşmayan da. Məsələn, videobloger Mehman Hüseynov Azərbaycanda internetin azad olmadığı qənaətindədir. 

O, Milli Şuranın son aksiyasını xatırladır və bu zaman internetin söndürüldüyünü bildirir. 

M.Hüseynovun sözlərinə görə, indiyədək aksiya zamanı internetə belə açıq-aşkar müdaxilə edilməmişdi, bütün mobil operatorlar, provayderlər eyni vaxtda kəsilməmişdi: 

"Azərbaycanda zatən hamı gözəl bilir ki, internet nə gündədir. Daha bir təsdiqedici fakt odur ki, oktyabrın 19-da keçirilən mitinqdə şəhərin mərkəzində internetə giriş mümkün olmadı. Bununla da həm jurnalistlərin peşə fəaliyyətinə maneə yaratdılar, həm də vətəndaşların düzgün məlumat almasına imkan vermədilər. Bəli, buna görə mən düşünürəm ki, Azərbaycanda internet azad deyil".

«Turan» xəbər agentliyinin direktoru Mehman Əliyev də sonuncu aksiya zamanı internetin söndürülməsini və rayonlarda keyfiyyətinin məhdudlaşdırılmasını yada salır və həmin vaxt dövlətin müdaxiləsinin aydın göründüyünü vurğulayır.

«Hakimiyyət nəyinsə görünməsini, işıqlandırılmasını istəmir və bunun qabağını qanunsuz yolla alır. Özü də bunu həm mobil operatorlar, həm də stasionar operatorlar edir. Bu, çox pis bir nümunədir», – M.Əliyev deyir.

R.Məcid

«Elə bir ciddi problem görmürəm»

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, «525-ci qəzet»in redaktoru Rəşad Məcid isə internetin məhdudlaşdırılması haqda deyilənlərlə razılaşmır. Hətta Freedom House-un hesabatında Azərbaycanın «qeyri-azad ölkələr» sırasında yer almasına təəccübləndiyini söyləyir və bunu qərəzli sayır. 

Doğrudur, o da internetdən istifadə zamanı müəyyən məhdudiyyətlərin olmasını istisna etmir: «Bu, şəbəkədən asılıdır və ya məhkəmə qaydasında hansısa sayta giriş bloklana bilər. Amma mən elə bir ciddi problem görmürəm ki, mənzərə o cür qara və mənfi şəkildə təsvir edilsin».

O ki qaldı, kütləvi aksiyalar zamanı mümkün müdaxilələr haqda deyilənlərə, R.Məcid başqa fikirdədir: «Tədbirlər olanda, eyni məkanda çox adam internetdən istifadə edəndə problemlər yaranır. Dünən (noyabrın 4-də -A.R.) Opera və Balet Teatrında da problem yaranmışdı».

Yeri gəlmişkən, sözügedən aksiyadan sonra provayderlər və mobil operatorların bəziləri KİV-ə açıqlamalarında bu yöndə səslənən iradları ya qəbul etməmiş, ya da bu haqda susmağa üstünlük vermişdilər.

M.Əliyev

M.Əliyevin fikrincə, Azərbaycanda bu sahədə ən böyük problemlərdən biri də internetin keyfiyyəti ilə bağlıdır. Onun iddiasına görə, bu yöndə məhdudiyyətlər, aşağı keyfiyyətli internet insanları müasir imkanlardan yararlanmaqdan ya məhrum edir, ya da bu imkanları azaldır.

Mehman Hüseynov daxili senzuradan danışır

AzadlıqRadiosunun müsahibləri daha bir məqama toxunurlar: internet istifadəçilərinin və bloqerlərin ehtiyatlanmasına, daxili senzuranın işə düşməsinə. M.Əliyev sosial mediada fəalların yazdıqları şərhlərə, statuslara görə polisə çağrıldığını, nəzarətdə saxlandıqlarını vurğulayır.

«Bizim hakimiyyət fəal insanları qorxudur, həbs edir, özünəsenzuranı işə salır. Bu mənada azad internet haqda danışmaq çətindir. Bəli, mən girib nəsə oxuya bilirəm, baxa bilirəm, amma ifadə baxımından problem var. Bu, reallıqdır. Bu baxımdan Azərbaycanda azad internetdən danışmaq olmaz», – «Turan»ın direktoru söyləyir.

M.Hüseynov

Videobloger Mehman Hüseynov da sosial mediada hökuməti tənqid edən fikirlərə görə mütləq şəkildə cəzalandırmanın olduğunu bildirir: «Biz azad sözümüzü, həqiqəti paylaşmağa belə qorxuruq, senzuradan keçiririk. Senzura niyə yaranır? Mən özüm iki il həbsdə oldum. Həbsdən öncə daha rahat paylaşımlar edə bilirdimsə, indi hər hansı paylaşım edərkən daxili senzuramdan keçirirəm. Fikirləşirəm ki, bəlkə buna görə də məni cəzalandırarlar? Həbsin yaratdığı xofdur, qorxudur».

M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi. O, həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Özü isə ittihamı qurama sayırdı. Bu il ictimaiyyətin etirazlarından və bloqerin dövlət başçısına müraciətindən sonra yanvarın 22-də Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. O, həbs cəzası başa çatdığı üçün martın 2-də azadlığa çıxıb.

R.Məcid isə Azərbaycanda bloqerlərə və internet istifadəçilərinə basqı olmasını hiss etmədiyini söyləyir.

İ.Əliyev

«Doğrunu yazan saytların bloklanması»

Azərbaycan rəsmiləri beynəlxalq qurumların söz, ifadə azadlığının məhdudlaşdırılması haqda səsləndirdiyi tənqidləri qəbul etmir, onları qərəzli olmaqda suçlayırlar. Dövlət başçısı çıxışlarında internet istifadəçilərinin sayının artdığını vurğulayır, bu sahədə məhdudiyyətlər olmadığını bəyan edir.

Prezident İlham Əliyev Davos İqtisadi Forumunda mətbuat azadlığı haqda suala cavab verərkən deyib ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir: «Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır».

Son iki ildə Azərbaycanda «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanuna edilən dəyişiklikdən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilən bir sıra səlahiyyətlərdən sonra çox sayda sayt bloklanıb, onlara ölkə ərazisində giriş məhdudlaşdırılıb. Bu qərarın qəbulu zamanı bəzən məhkəmə qərarı belə gözlənilməyib.

Arqument.Az saytının baş redaktoru Şəmşad Ağa qanunvericiliyə bu dəyişiklikləri mürtəce adlandırır, «doğrunu yazan» saytların bloklanmasını ifadə azadlığına təzyiq hesab edir və bu səbəbdən də Freedom House-un hesabatında reallıqların əks olunduğunu düşünür.

Ş.Ağanın redaktoru olduğu arqument.az saytı da bir neçə dəfə bloklanıb. İndi o, nazirliyi məhkəməyə verib. 

Redaktor hesab edir ki, Azərbaycanda son illər kağız media sıradan çıxarıldığından yalnız onlayn media fəaliyyət göstərə bilir, indi ona da bu şəkildə təzyiqlər göstərilir: «Youtube, Facebook kimi sosial medialar olmasaydı, Azərbaycanda bu boşluq hiss ediləcəkdi. AzadlıqRadiosu, MeydanTV, «Azadlıq» qəzeti, TuranTV və çox sayda müstəqil media qurumu bloklanıb. İnternet azaddırmı? Bu, 1998-ci ildə senzuranın ləğvinə bənzəyir. Rəsmi şəkildə senzura ləğv edilsə də, basqılar davam edir».

M.Hüseynovsa düşünür ki, hakimiyyət ölkənin beynəlxalq təşkilatların hesabatlarında geriləməsini istəmirsə, işini şəffaf görməlidir, fövqəladə vəziyyətlərdə, aksiyalar zamanı internetə, jurnalistlərin peşə fəaliyyətinə müdaxilə etməməlidir, üstəlik də, vətəndaşların sərbəst məlumat almaq hüququnu təmin etməlidir.

AzadlıqRadiosu