Azərbaycanda iş yerləri bağlansa da, işsizlik statistikası dəyişmir

Azərbaycanda iş yerləri bağlansa da, işsizlik statistikası dəyişmir

15-11-2017 16:15 / Bu xəbər 1120 dəfə oxundu

Seymur Kazımov

Azərbaycanda manatın iki dəfə ucuzlaşmasından iki il, dünya bazarında neftin qiymətinin aşağı düşməsindən üç il keçsə də, yerli təşkilatların bağlanması, beynəlxalq kommersiya şirkətlərinin ölkəni tərk etməsi, dövlət büdcəsindən xərcləmələrin azalması bu gün də "işsizlər ordusu” nun mövcudluğunu davam etdirir. 

"Bu gün Azərbaycanda işləmək istəyən hər kəs iş tapa bilər” - Azərbaycan prezidenti İlham Əliyev bu ilin avqust ayının 4-dəki çıxışında belə deyib. 

O əlavə edib ki, 2014-cü ildən bugünədək 1,5 milyon iş yeri yaradılıb ki, bunların da əksəriyyəti daimidir. 

Bu hadisələrin fonunda hökumət  optimistliyini qoruyub saxlayır. Belə ki, maliyyə böhranına, iş yerlərinin bağlanmasına baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov  jurnalistlərə verdiyi açıqlamasında, 2015-ci ildə rəsmi yoxsulluq həddindən, yəni əmək haqqı 148.5 AZN-dən  (87 USD) aşağı olan  insanlar əhalinin cəmi 5.9 faizini təşkil edib. 

Nazi əlavə edib ki, Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir və bunu "ciddi nailiyyət” adlandırıb.  

Rəsmilər optimist, qeyri-rəsmilər pessimistdir

2015-ci ilin fevralında Azərbaycan manatı 33 faiz dəyərini itirdi və hökumət bunu rəsmən devalvasiya hadisəsi kimi qiymətləndirdi. Manatın növbəti dəfə qüvvədən düşməsi həmin ilin dekabr ayına təsadüf etdi. Baxmayaraq ki, 2016-cı ilin dövlət büdcəsi artıq təsdiqlənmişdi, məlum hadisədən sonra büdcə yenidən parlamentə qaytarıldı və xərclər hissəsi azaldıldı. 

Maliyyə böhranı səbəbindən kütləvi ixtisarlar baş verdi, ticarət obyektləri bağlansa da, nazir Səlim Müslümov 2015-cü il üçün yoxsulluq səviyyəsinin 5,9 faiz olduğunu açıqladı. Belə ki, onun səsləndirdiyi rəqəmlə, Dövlət Statistika Komitəsinin rəqəmi o qədər də çox fərqlənmir, əksinə DSK devalvasiyadan sonra Azərbaycanda 50 minə yaxın yeni iş yerinin açıldığı barədə məlumat yaymışdı. 

Statistika Komitəsinin 2017-ci il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 26,6 min nəfər olub, onlardan 4 milyon 774,3 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari il aprelin 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 5156 min  nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 890 min  nəfər, qeyri-dövlət sektorunda isə 627 min  nəfər olub. İqtisadiyyatın neft sektorunda 34 min 400 nəfər, qeyri-neft sektorunda isə 1 milyon 482 min nəfər çalışıb.

İqtisadi mövzularda jurnalist araşdırmaları aparan Hafiz Babalı hesab edir ki,  statistikanın açıqladığı məlumatlar sadəcə ölkədə iqtisadi fəal əhalinin məşğul əhaliyə nisbətini "idarəolunan" səviyyədə saxlamaq, işsizlərin sayının aşağı-yuxarı 250 min nəfərlik "qırmızı xətdən" o yana keçməməsi kimi siyasi sifarişə xidmət edir. 

"2005-2016-cı illərdə maaş alanların sayı təxminən 315 min nəfər artıb. Hökumət isə bu dövrdə 1,3 milyon yeni iş yerinin yaradıldığını iddia edir. Bunların böyük əksəriyyətinin fiziki şəxslər olduğu bildirilir. Vergilər Nazirliyinin özü də etiraf edir ki, hər 3 bu cür yeni vergi ödəyicisinin 2-si aktiv deyil”.

REAL hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli birmənalı olaraq, nazirin açıqladığı 5 faiz rəqəmi ilə razılaşmır. 

"İşsizliklə bağlı hökumətin verdiyi rəqəmlər və indikatorlar beynəlxalq standartlara cavab vermir. Hökumət pay torpağı olanı və onun ailə üzvlərini artıq işlə təmin olunmuş kimi qeydiyyata alır. Rəsmi rəqəmlərə görə, 800 min nəfərin pay torpağı var. Belə ki, bu insanlar və onların əmək qabiliyyətli ailə üzvləri artıq işsiz sayılmır. Dünyada belə bir yanaşma yoxdur. Bundan əlavə, hökumət "gizli işi olan” kateqoriya da düşünüb. Bunlar əmək fəaliyyəti ilə məşğul olan, amma qeydiyyata düşməyən – dayələr, sürücülər, ev qulluqçuları, repetitorlar və b.işlə təmin olunmuş kimi qəbul edir”, - Cəfərli əlavə edir. 

Cəfərli  hökumətin statistika aparma xüsusiyyətini "qəribə” hesab edir.  

"Açılan iş yerləri qeydiyyata düşür, amma qapanan iş yerləri ilə bağlı ciddi məlumatlar yoxdur”.

2017-ci il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35,9 min nəfər olub. 

Bu işsizlərdən biri də 55 yaşlı İbadət Məmmədovdur. 2016-cı ilin noyabrından bu statusla rəsmən qeydiyyatdadır. 

"Devalvasiyadan sonra çalışdığım Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki Dövlət İmtahan Mərkəzi) işçilərin də dövlət qulluğuna xitam verildi. Baxmayarq ki, ştatların sayı mənim müvafiq vəzifəyə təyin edilməyimə imkan verdiyi halda, bugünədək işlə təmin olunmamışam. Qurumun sədri deyir ki, ehtiyatda olan dövlət qulluqçuları elan olunmuş müsahibəyə sənəd verə bilərlər. İcracılar isə mənim sənədlərimi qəbul etmək istəmir”.

İbadət Məmmədov dövlət qulluğu haqqında Qanunun müvafiq maddəsinə görə, iş hüququnun bərpasını tələb edir. Qanunda göstərilir ki, dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, şəxs vəzifə maaşına, ixtisasına və vəzifəsinə uyğun işlə təmin olunmalıdır. 

Bankların bankrot olması və ölkəni tərk edən kommersiya şirkətləri

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti, banklar üzrə mütəxəssis Samir Əliyevin sözlərinə görə, devalvasiyanın təsiri olaraq 13 bank bağlanıb ki, həmin bankların 2-si birinci, 11-i isə ikinci devalvasiyadan sonra bağlanıb, iki bank isə konsolidasiyaya gedərək bir brend altında çıxış etməyə qərar veriblər. 

"Bununla da bankların sayı devalvasiyadan əvvəlki 45-dən 31-ə düşüb. Əvvəllər tənzimləyici qurum  Mərkəzi Bank olsa da, 2016-cı ilin fevralından sonra bu səlahiyyət yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına keçib".

Bankların bağlanması bank sektorunda işsizliyə gətirib çıxarıb. Maliyyə Bazarlarına Nəzarət Palatasınını rəsmi məlumatına görə, bank sektorunda işçilərin sayı 1 iyun 2017-ci il tarixinə 8,3% azalaraq 16 min 34 nəfərə düşüb. 1 oktyabr 2016-cı ildə bu göstərici 17 min 490 nəfər olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuata açıqlamasında bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət etdiyini bildirib. 

Ekspert Samir Əliyev deyir ki, işsizlik təkcə bağlanan bankların işçilərinə məxsus deyil. "Hazırda fəaliyyətdə olan banklar xərclərin optimallaşdırılması çərçivəsində zərərlə işləyən filialları bağlayırlar və işçi heyətində ixtisarlar aparırlar. Rəsmi məlumata görə, bank filiallarının sayı devalvasiyadan əvvəl 752 olduğu halda hazırda 560-a düşüb. Təkcə 2017-ci ilin 5 ayında 9 bank filialı bağlanıb”, - Əliyev deyir. 

Belə ki, banklar böhrandan çıxa bilməyib. Kapitallaşma problemi hələ də qalmaqdadır. Kreditləşməni lazımi səviyyədə olmayan bankarın getdikcə xərcləri azaltmaq siyasətini davam etdirəcəklər.

Son 2 ildə Azərbaycanda fəaliyyətini dayandıranlar arasında Almaniya, Fransa, Böyük Britaniya, Rusiya, Türkiyə, Avstriya və digər ölkələrə məxsus beynəlxalq kommersiya şirkətləri də var. Bu təşkilatların qapanması ilə bağlı bütün məlumatlar Vergilər Nazirliyinin mətbu orqanı Vergilər qəzetində yazılıb. Mətbu orqanda təşkilatların bağlanması ilə bağlı səbəblər göstərilməyib. Müstəqil ekspertlər buna əsas kimi bir neçə səbəbi göstərirlər; bank sistemində pulun çıxarılmasına qoyulan məhdudiyyət, bank hesabına pul transferi məhdudiyyəti, valyutadəyişmə məntəqələrinin bağlanması və s. 

Araşdırmaçı-jurnalist  Hafiz Babalı isə "devalyasiyanın bu məsələdəki rolunu şişirtməyin” əleyhinədir. 

"Hazırda qeydiyyatdan keçən şirkətlər fəaliyyətini dayandıran şirkətlərin sayından qat-qat çoxdur. Düzdür, devalvasiyadan sonra ölkədə iqtisadi fəallıq aşağı düşüb, xarici şirkətlərin də dövriyyəsi daralıb, amma gedənlər çox deyil. Qalanlar da yeni dövrə adaptasiya olurlar”.

Ərzağın qiyməti qalxsa da, əmək haqqı aşağı düşür

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti, Samir Əliyevin sözlərinə görə, devalvasiyanın təsiri olaraq 13 bank bağlanıb. İki bank isə konsolidasiyaya gedərək bir brend altında çıxış etməyə qərar veriblər. 

Əliyev hesab edir ki, rəsmi məlumatlarda maaşların artımı göstərilsə də, reallıqda bu, baş vermir. 

"Əksinə, özəl sektorda ixtisarlar və maaşların azaldılması baş verib. Maaşların azaldılması daha çox bank sektorunda özünü göstərib”.

Devlavasiya nəticəsində miili valyutanın dollar nəzərən ucuzlaşması qeyri-əzaqla yanaşı ərzağın da qiymətini artıtıb.

"Təsadüfi deyil ki, rəsmi statistika ərzağın 14-15% civarında bahalaşdığını göstərir”, - Əliyev deyir. 

Neft sektorunda işsizliyin artım dinamikası

Dövlət büdcəsinin əsasən neft gəlirlərindən formalaşan Azərbaycanda kütləvi işsizliklə ilk üzləşənlər SOCAR əməkdaşları oldu. 2014-cü ildə neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi prosesiə təkan verən ilk hadisədir. 

Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İB-nin sədrinin sözlərinə görə, ölkədə neft hasilatının və neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar SOCAR-ın özündə və onun tərəfdaş şirkətlərində aparılan ixtisarların nəticəsində çoxlu sayda insan işsiz qalır.  

Mirvari xanım növbəti problem kimi 2015-ci ildə baş vermiş devalvasiyaları da göstərir. O qeyd edir ki, SOCAR və onun əsas tərəfdaşlarından olan Global Energy-ə aid 5 əməliyyat şirkəti əmək qanunvericiliyinə zidd olaraq işçilər işdən azad olunub və kompensasiya almayıblar. 

SOCAR-ın illik hesabatlarını təhlil edərkən işə qəbul və işdən azad olunma ilə bağlı rəqəmlər arasındakı fərqlər diqqətdən kənarda qalmır:

 


Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatından aldığımız məlumata görə, hazırda SOCAR və onun tərəfdaş təşkilatlarından ixtisarlarla bağlı 40-a yaxın məhkəmə işi var. Mövzu ilə əlaqədar ixtisara düşmüş işçilərdən açıqlama almaq mümkün olmadı. 

"Məhkəmə prosesinin gedişinə mənfi təsir edə bilər”, - kimi fikirlər səsləndirərək, danışmaqdan imtina etdilər.
 
Tikinti sektorundakı işsizlik

Ekspert Natiq Cəfərli deyir ki, devalvasiyadan sonra son 2 ildə dövlət investisiyalarının 40 faiz azaldığını nəzərə alsaq, işsizlikdən "əziyyət çəkən” sahələrdən biri də tikinti sektorudur. 

Müstəqil ekspertlər bu sektorda işsizlərin sayını ortalama 80 min nəfər qeyd etsələr də, Statistika Komitəsinin rəqəmləri 20 min nəfəri əhatə edir. 

"Tikinti sektorunda bir zamanlar müşahidə edilən inkişaf, sadəcə olaraq neft vəsaitlərinin hesabına baş verirdi. Hökumət tərəfindən də investisiya xərclərinin həcmi çox sürətlə artırılmışdı. Pul mənbəyi hesab olunan büdcə xərclərinin aşağı düşməsi, bank kreditlərinin verilməsinin dayandırılması, xaricdən ölkəyə gələn vəsaitin azalması, bütövlükdə tələbatı da aşağı saldı”, - Natiq Cəfərli bildirir. 

Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda bütövlükdə 1 milyon 927,2 min kvadratmetr mənzil sahəsi istifadəyə verilib. Bu rəqəmi 2014-cü illə müqayisə etdikdə, 12,3 faiz azdır. 

Araşdırmaçı-jurnalist Hafiz Babalı hazırda vəziyyətin normallaşmaya yaxınlaşdığı qənaətindədir.

"Statistika təsdiq edir ki, ötən ilin iyun ayı ilə müqayisədə tikintidə işləyənlərin sayı 11 faizi artıb və 107 min nəfərə çatıb. Səbəb isə bu sektorda müəyyən liberallaşmaların- lisenziyaların verilməsində sadələşmə, razılaşdırmaların müddətinin azalması, tikintiyə icazələrin asanlaşması hallarıdır”.

Devalvasiya inşaat sektorunu sarsıtsa da, bir çox bağlanan şirkət rəsmi olaraq statusunu dəyişməyib. Buraya  böyük korporasiya olan AKKORD-un bir neçə şirkəti daxildir, onların fəaliyyəti avqust ayının əvvəllərində dayandırılıb. Mətbuata sızmış məlumata görə, AZENCO və EVRACON kimi digər şirkətlər işçilərinin əmək haqqını ödəməkdə çətinlik çəkiblər.

Devalvasiyanın "tikinti qurbanı”

27 yaşlı Məsud Əsgər 2016-cı ilin noyabrından işsizdir. O, Bakıdakı Trump Tower -də  logistic manager assistant  vəzifəsində çalışıb. Sabiq nəqliyyat nazirinin oğlu Anar Məmmədov layihənin tərəfdaşı idi.  Məsud deyir ki, 2015-ci ilin dekabrında manatın ikinci dəfə dəyərdən düşməsindən sonra tikinti dayandı, ixtisarlar baş verdi. 

"The Washington Post"un yazdığına görə, maliyyə çatışmazlığı əsasən manatın qiymətdən düşməsindən sonra başlandı. Tikinti 2015-ci ilədək bitməliydi. 

"Mənim çalışdığım şirkət isə bütövlükdə fəaliyyətini dayandırdı,” - Məsud Əsgər əlavə edir. 

Turizm və Menecment İnstitutunun məzunu olan Məsud əvvəl ixtisasına uyğun çalışsa da, indi sərfəli iş tapmaqda çətinlik çəkir. 

Kütləvi ixtisarlara hüquq nə deyir? 

Əsasən mülki məhkəmə proseslərinə çıxan hüquqşünas Rəşad Əliyev deyir ki, rəsmi əmək müqaviləsinin müddəti başa çatmadan işdən çıxarılma çətin olduğu üçün, işəgötürənlər işçilərə öz ərizələri ilə işdən çıxmalarını təklif edirlər. 

"Bir çox hallarda razılaşmayan işçiləri  "əmək vəzifələrini kobud şəkildə pozmaq” maddəsi ilə işdən çıxarırlar. Bu da, şəxsin gələcəkdə iş tapması müşkülə çevrilir”.

Hüquqşünasın sözlərinə görə, bəzi hallarda işçilərlə əmək müqaviləsini qısamüddətli bağlanır və  "əmək müqaviləsinin müddətinin başa çatması” səbəbilə yeni əmək müqaviləsi imzalamır: "Bu məsələni işçinin hüquqlarının müdafiəsi baxımından tənzimləmək hüquqi cəhətdən mümkün deyil. Çünki qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasına imkan verir.”

Dövlət böhrandadır?

Samir Əliyevə görə, hökumət iqtisadi böhranı rəsmən tanımır və bunu müvəqqəti çətinlik kimi qəbul edir. Elə buna görə də bir sıra ölkələrdə antiböhran proqramı qəbul edildiyi halda Azərbaycanda böhrana Yol Xəritələri vasitəsilə reaksiya verildi. 

"Böhranın etirafı bu günə qədər aparılmış iqtisadi-siyasətin iflasının etirafı olardı. Ona görə də hökumət mövcud vəziyyəti gözlənilməz çətinlik kimi təqdim etməklə iqtisadiyyatın neftdən asılığının azaldılması üçün zəruri addımlar atılmadığını etiraf etmək istəmir”, - Əliyev deyir. 

Bu məqalə, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən icra olunan "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramının komponentlərindən biri olan "Dövlət idarəetməsində, o cümlədən dövlət satınalmalarında şəffaflığın artırılması” xidmət sifarişi çərçivəsində yazılıb. 

Bu məqalə, daha əvvəl  OC Media-da dərc olunmuş (http://oc-media.org/az%C9%99rbaycanin-q%C9%99bul-olunmayan-issizl%C9%99r-ordusu/ ) yazının genişləndirilmiş versiyasıdır. Materialda əks olunan fikirlər jurnalistə məxsusdur və sifarişçinin mövqeyini əks etdirməyə bilər.