“Azərbaycanda müstəqil jurnalistlər, blogerlər həbs və şantaj olunurlar”

“Azərbaycanda müstəqil jurnalistlər, blogerlər həbs və şantaj olunurlar”

15-05-2020 04:53 / Bu xəbər 615 dəfə oxundu

Janna Kavelye "Mətbuat azadlığı indeksi”ndə Azərbaycanın yerini şərh edib

"Sərhədsiz Reportyorlar” Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye təmsil olunduğu təşkilatın 2020-ci il üçün "Mətbuat azadlığı indeksi”ndə Azərbaycanla bağlı hissəni şərh edib.

"Turan” yazır ki, Janna Kavelye indeksdə Azərbaycan mətbuatın vəziyyətinin çox pis olduğu ölkələr arasında yer almasının müxtəlif səbəbləri olduğunu vurğulayıb.

Janna Kavelye deyib ki, Azərbaycan 180 ölkə arasında 168-ci yerdədir, bu, ötənilki reytinqlə müqayisədə iki pillə geriləmədir.

Janna Kavelyenin sözlərinə görə, Əli Həsənov vəzifədən çıxarıldıqdan sonra onlarda dəyişikliyin olacağına ümid yaranıb:

"Çünki Prezidentin köməkçisi KİV-in əsas düşməni idi. Ancaq jurnalistlərin və mətbuatın qorunacağı ilə bağlı vədlər reallaşmadı. Hakimiyyət beynəxalq tənqidə məhəl qoymur, mətbuat və söz azadlığını boğmağa davam edir. Müstəqil jurnalistlər, blogerlər həbs və şantaj olunurlar. Onlar əsassız ittihamlarla həbs olunurlar. Ona görə də Azərbaycandakı vəziyyət bizi çox narahat edir”.

Janna Kavelye Azərbaycan hakimiyyətinin hətta ölkə sərhədlərindən kənarda yaşayan jurnalistləri də təqib və şantaj etdiyini söyləyib:

O bildirib ki, Azərbaycanda 5 jurnalist həbsdədir. Bundan əlavə bəzi müstəqil saytlara çıxış bloklanıb. Məmurlar tərəddüd etmədən jurnalistləri həbs edirlər. Hətta parlament seçkiləri zamanı azı 18 jurnalistin işi məhdudlaşdırılmışdı və onlar öz işlərinə görə fiziki hücumlara məruz qaldılar.

Son zamanlar mətbuata artan təzyiqin səbəbinə gəlincə, Janna Kavelye deyib ki, koronavirus böhranı ölkədə senzuranı gücləndirir. Onun fikrincə, hökumət karantin tədbirlərindən sui-istifadə edir:

"Məsələn, ötən həftə "Azadlıq” qəzetinin jurnalisti Səadət Cahangir müxalifət liderindən müsahibə almaq istəyəndə saxlanılmışdı və guya karantin rejimini pozduğuna görə cərimələndi. Halbuki, elə hakimiyyətin öz bəyanatlarına görə, jurnalistlər karantin müddətində də fəaliyyətlərini davam etdirə bilər.

Həmin hadisədən üç gün sonra qaz idarəsinin işçiləri olduqlarını söyləyən prokurorluq əməkdaşları S.Cahangirin evində axtarış aparıblar. O, səkkiz saat dindirilib və vəkil çağırmağına icazə verilməyib. Axtarış zamanı götürülən şəxsi pullar da qaytarılmayıb. Digər nümunə Natiq İsbatovdur. Bu müstəqil jurnalist etiraz aksiyasını işıqlandırarkən saxlanılıb və karantin rejimini pozduğuna görə 30 sutka inzibatı həbsə məhkum edilib”.

Janna Kavelye Milli Məclisin 17 mart tarixində informasiya haqqında qanuna edilən düzəlişlərin mətbuat azadlığı üçün "çox təhlükəli” adlandırıb:

"Məmurlar onlayn-KİV sahiblərini qeyri-dəqiq məlumatın dərcinə görə ittiham edərək cəzalandıra bilər. Jurnalistlər pandemiya haqda ancaq rəsmi məlumatlardan istifadə edə bilər. Hətta sosial şəbəkələrin istifadəçiləri də qeyri-rəsmi məlumatı paylaşa bilmirlər. Bu, bizi çox narahat edir”.

"Beynəlxalq birlik bu təqiblərin qarşısını almaq üçün nələr edə bilər” sualına J.Kavelye belə cavab verib: "Beynəlxalq birlik Bakıya, xüsusilə də Azərbaycanla ticarət edən Avropa ölkələrinə təzyiq göstərməlidir”.