Azərbaycanda nazirin şəklini çəkmək istəyən jurnalisti döydülər - FOTO

Azərbaycanda nazirin şəklini çəkmək istəyən jurnalisti döydülər - FOTO

09-04-2018 21:58 / Bu xəbər 1223 dəfə oxundu

Bu gün səhiyyə naziri Oqtay Şirəliyevin işçiləri unikal.org-un əməkdaşı Famil Fərhadoğlunu (İbrahimov) döyüblər.

BakuPost xəbər verir ki, hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Belə ki, Yasamal qəbiristanlığında mərhumla dəfn mərasimini lentə alan jurnalist nazirin işçilərinin hücumuna məruz qalıb. O, üz və qol nahiyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.

Bu barədə başına gələnləri danışan F.Fərhadoğlu hadisəni belə şərh edib:

"Dəfn mərasimində iştirak edən səhiyyə naziri Oqtay Şirəliyevi telefonla fotosunu çəkərkən, nazir bir nəfərə işarə edib bildirdi ki, fotomu çəkəni soruşun-görün kimdir. Bu zaman orta yaşlı və cavan oğlan mənə yaxınlaşaraq şəkil çəkməməyimi tələb etdi. Mən isə Kütləvi İnformasiya Vasitələri haqqında qanunu xatırlatdım, vəsiqəmi təqdim edərək bildirdim ki, jurnalistika fəaliyyətimə maneə olmayın. Həmin vaxt 30-35 yaşlı cavan oğlan mənə hücum edərək üzümə sillə və yumruq vurdu. Daha sonra telefonumu əlimdən alaraq özləri ilə götürdülər.

Güclə telefonda olan nömrəmi və yaddaş kartını çıxara bildim. Onlar yenidən hücum edərkən hadisə yerindən uzaqlaşdım. Məsələ ilə bağlı hüquq-mühafizə oraqanlarına müraciət edərək bildirmək istəyirəm ki, məni döyənləri və telefonu əlimdən alanları tapıb cəzalandırdsınlar”.