Azərbaycanda növbədənkənar parlament seçkiləri olacaq?

Azərbaycanda növbədənkənar parlament seçkiləri olacaq?

26-07-2016 14:19 / Bu xəbər 1216 dəfə oxundu

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu sensasion açıqlamanı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı verib. "Basta” əməkdaşı ilə söhbətində Gülağa Aslanlı bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü artıq Konstitusiya Məhkəməsinin dünənki qərarında da öz əksini tapıb.

Maraqlıdır ki, ölkə başçısının irəli sürdüyü "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü öz əksini tapmamışdı. Lakin Konstitusiya Məhkəməsi öz təşəbbüsü ilə bu sürpriz müddəanı İlham Əliyevin layihəsinə əlavə edib.

Konstitusiya Məhkəməsinin dünənki rəyində bildirilir:

"Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, növbəti seçkilər nəticəsində seçilmiş Azərbaycan Respublikası Milli Məclisindən fərqli olaraq, növbədənkənar seçki nəticəsində seçilən Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddəti məhduddur. Bu halın Referendum Aktının layihəsində öz əksini tapması və layihədə təklif edilən 981-ci maddəyə aşağıdakı məzmunda II hissənin əlavə edilməsi məqsədəmüvafiq olardı:

"II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir”.

Konstitusiya Məhkəməsinin dünənki qərarında da bu müddəa öz əksini tapıb.

Qərarın 2-ci maddəsində deyilir:

"Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif edilən 981-ci maddəyə aşağıdakı məzmunda II hissənin əlavə edilməsi məqsədəmüvafiq hesab edilsin:

"II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir”.

"Konstitusiya Məhkəməsinin belə bir səlahiyyəti varmı?”

Gülağa Aslanlı bu məsələnin artıq hüquqşünaslarla da dəqiqləşdirildiyini, Konstitusiya Məhkəməsinin belə bir səlahiyyətinin olmadığını bildirdi.

Digər bir məqam isə ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin qərarındakı istənilən müddəanın İlham Əliyev iradəsini əks etdirdiyi şübhə doğurmur.

Bəs, nə üçün bu müddəa Referendum Aktı layihəsinə əvvəldən yox, sonra əlavə edilib?

Gülağa Aslanlı "Basta”nın bu sualına cavabında iki ehtimalı önə çəkdi:

"Ehtimal etmək olar ki, bu layihə hazırlanıb Konstitusiya Məhkəməsinə təqdim edildikdən sonra ölkə başçısı həmin sənədə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında da bir müddəanın əlavə edilməsi qərarına gəlib. İstisna deyil ki, iki dəfə layihə verməmək üçün, həmin müddəanın əlavə olunması Konstitusiya Məhkəməsinin özünə tapşırılıb. Konstitusiya Məhkəməsi də öz səlahiyyətlərini aşaraq, ölkə başçısı tərəfindən təklif olunan referendum aktına belə bir təklif verib və ən qəribəsi, həmin təklifi dərhal müvafiq qərara da daxil edib. Bütün bunlar hakimiyyətin Konstitusiyada dəyişikliklər etməkdə tələsdiyini təsdiq edir”, – Gülağa Aslanlı deyib.

İkinci ehtimala görə isə hakimiyyət növbədənkənar parlament seçkiləri ilə bağlı müddəanı layihəyə Qərbin təsiri sayəsində əlavə edib.  

"Hakimiyyət ölkədə islahatların aparılması barədə Qərb dövlətləri qarşısında öhdəliklər götürüb. Bəzi bilgilirə görə, bu öhdəliklərin sırasında növbədənkənar parlament seçkilərinin keçirilməsi də var. İstisna deyil ki, Referendum Aktının layihəsi ilə tanış olan Qərb diplomatları hakimiyyətin əvvəlcədən razılaşdığı növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqqında vədinin layihədə əks olunmadığını görüblər və bu tələbi yenidən ortaya qoyublar. İstisna deyil ki, bundan sonra hakimiyyət həmin müddəanın Konstitusiya Məhkəməsi tərəfindən layihəyə salınmasını məqsədəuyğun sayıb”, -Gülağa Aslanlı bildirib.

Müsavat yetkilisinin fikrincə, istənilən halda bu fakt hakimiyyətin növbədənkənar parlament seçkilərinə hazırlaşdığını sübut edir.

Mustafa Hacıbəyli,

Bastainfo.com