Azərbaycanda pensiyaçıların sayı azalıb

Azərbaycanda pensiyaçıların sayı azalıb

11-02-2019 15:46 / Bu xəbər 1198 dəfə oxundu

Nemət Əliyev: ''Minlərlə yaşlı insan pensiya təminatından məhrum olub''

2018-ci ilin əvvəlinə ölkədə pensiyaçıların ümumi sayı 1318,4 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, onlardan 11,1 faizi işləyən pensiyaçılardır:

"Ölkə iqtisadiyyatında məşğul olanların hər 1000 nəfərinə hesabı ilə pensiyaçıların sayı 273 nəfər, yaşa görə pensiya alanların sayı isə 161 nəfərdir”.

Məlumatda o da bildirilir ki, 2018-ci ilin əvvəlinə əhaliyə ödənilən pensiyaların orta aylıq məbləği 208,4 manat olub. Bu da orta aylıq nominal əmək haqqının 39,5 faizini təşkil edib.

Komitənin hesabatında görünür ki, bu il pensiyaçıların sayı ötən illərdəkinə nisbətən azalıb. Ötən illərə baxanda 2018-ci ildə pensiyaçıların sayı 20,9 min nəfər azalıb. Say 1320,4 mindən 1299,5 minə düşüb.

İqtisadçı Nemət Əliyev deyir ki, burada pensiya yaş həddinin qaldırılmasına dair dövlət başçısının bir müddət əvvəl imzaladığı sərəncamın böyük rolu var:

"Azalma kifayət qədər çoxdur. 20 min nəfərdən artıq. Orta aylıq pensiya məbləğinin 222,6 manat olmasını nəzərə alıb sadə hesablama etsək, məlum olur ki, hökumət pensiyaçıların hesabına bir aya 4,6 milyon manat, bir ilə 56 milyon manat irəli düşüb”.

Nemət Əliyev

Nemət Əliyev deyir ki, minlərlə yaşlı insanın pensiya təminatından məhrum olması bahasına başa gələn bu "islahat” yeni pul qaynağı kimi cəlbedici olduğuna görə növbəti bir neçə ildə də davam edəcək.

Ötən ilin noyabrında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasındakı çıxışında demişdi ki, gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər olacaq. Bu isə pensiya alanların sayının azalmasından xəbər verir.

2018-cı il 1 oktyabr tarixinə görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 309 min nəfər olub.

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.///meydan.tv