Azərbaycanda qızıl ehtiyatının həcmi açıqlandı

Azərbaycanda qızıl ehtiyatının həcmi açıqlandı

04-08-2017 23:41 / Bu xəbər 333 dəfə oxundu

World Gold Council-ın (WGC – Ümumdünya Qızıl Şurası) dünya ölkələrinin qızıl ehtiyatları ilə bağlı son hesabatında Azərbaycanın adı yoxdur.

Hesabat avqustun 3-də açıqlanıb.

Hesabat hər ilin ortalarında açıqlanır, orda ümumdünya qızıl bazarında baş verən tendensiyalar əksini tapır. Bundan başqa, World Gold Council hər ilin sonunda dünya ölkələrinin qızıl ehtiyatları ilə bağlı statistik bilgiləri də paylaşır.

Sənəd ölkələrin mərkəzi banklarının Beynəlxalq Valyuta Fonduna təqdim etdiyi bilgilərə əsaslanır. WGC həmçinin onu da bildirir ki, ölkələrin qızıl ehtiyatı ilə bağlı sıralamaya gərəkli bilgiləri təqdim etməyən ölkələrin adları daxil edilməyib.

Son hesabata görə, Azərbaycan Mərkəzi Bankının (MB) qızıl ehtiyatlarında 2016-cı ilin sentyabr ayından başlayaraq, 2017-ci ilin fevralına kimi azalma müşahidə olunub. Sənəddə MB-nin qızıl ehtiyatlarının həcminin sıfıra düşdüyü görünür.

Hesabatdakı bilgilər iyun ayının sonuna kimi olan dövrü əhatə edir.

Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının qızıl ehtiyatları ilə bağlı bilgi 2017-ci ilin əvvəlində açıqlanmışdı. Yanvarda Beynəlxalq Valyuta Fondunun hesabatında MB-nin qızıl ehtiyatının 21,9 ton olduğu bildirilirdi. Azərbaycan bu sıralamada 60-cı idi.

Maliyyə Nazirliyinin ötən ayın son günlərində açıqladığı rəqəmdə isə Mərkəzi Bankın hazırda qızıl ehtiyatı 1,9 tona yaxın göstərilir.

Neft Fondu: "Qızıl Mərkəzi Bankdan fondun xəzinəsinə daşınıb"

Ancaq Azərbaycan Dövlət Neft Fondu (ADNF) hesabatın açıqlanmasından bir gün sonra, avqustun 4-də qorumun qızıl ehtiyatları barədə açıqlama verib. Həmin açıqlamada söhbət ANDF-nin investisiya portfelinə daxil olan qızıl ehtiyatlarından gedir.

Fond bildirir ki, investisiya portfelinə daxil olan qızıl əvvəlcə Mərkəzi Bankda saxlanılıb. Mərhələlərlə həmin qızıllar ADNF-nin inzibati binasındakı xəzinəyə daşınıb. Daşınma prosesi 2017-ci ildə də davam edib və tam başa çatdırılıb.

Fondun məlumatına görə, Mərkəzi Bankdan ADNF-nin inzibati binasındakı xəzinəyə daşınmış qızılın miqdarı 30 ton 175 kiloqram (970 146 troy unsiyası) təşkil edir. Bu il investisiya portfelinə daxil olan qızılın miqdarında hansısa dəyişiklik baş verməyib.

ADNF-dən əvvəl Azərbaycanın qızıl ehtiyatları barədə sonuncu rəsmi bilgi ötən ay, iyulun 27-də Maliyyə nazirliyi açıqlamışdı. Nazirliyin açıqlamasında Gədəbəy qızıl filiz yatağından hasil edilmiş əmtəəlik qızılın İsveçrədə saflaşdırılıb Mərkəzi Banka yerləşdirilməsindən bəhs edilir.

Azərbaycanın nə qədər qızılı var?

Nazirlik bildirib ki, 362,6 kiloqram miqdarında saflaşdırılmış qızıl partiyasını iyulun 27-də qurumun Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti qəbul edib və Mərkəzi Banka yerləşdirilib.

Maliyyə nazirliyi Mərkəzi Bankda saxlancda olan hökumətə məxsus qızılın miqdarının 1891,7 kiloqram (təqribən 1,9 ton) olduğunu qeyd edib.

ADNF və Maliyyə nazirliyinin bilgilərinə görə, Azərbaycanın sahib olduğu birgə qızıl ehtiyatı 32 ton 66,7 kiloqramdır.

Ən çox qızıla ABŞ sahibdir

Dünya ölkələrinin qızıl ehtiyatının həcminə gəlincə, World Gold Council-ın hesabatına görə, ən çox qızıla ABŞ sahibdir. Onların 8133 ton qızılı var. ABŞ-ın qızıl ehtiyatlarında son yarımildə dəyişiklik olmayıb.

Sıralamada ikinci olan Almaniya 3374 ton qızıl ehtiyatına sahibdir.

Sonrakı pillələrdə İtaliyanın 2451, Fransanın 2435, Çinin isə 1847 ton qızılı var. Bu ölkələrin qızıl ehtiyatının həcmində də son 6 ayda ciddi dəyişiklik olmayıb.

6-cı sıradakı Rusiyanın 1715 ton qızılı var. Rusiya son yarımildə qızıl ehtiyatını 100 ton artırıb.

Azərbaycana yaxın ölkələrdən Türkiyənin 456, Qazaxıstanın 279, Belorusun 43, Ukraynanınsa 25 ton qızıl ehtiyatı var.

Azərbaycan kimi Gürcüstan və Ermənistanın da adı qızıl ehtiyatların həcmi ilə bağlı siyahıya daxil edilməyib
 
mənbə: azadliq.org