"Azərbaycanda satılan dərmanların əksəriyyətinin mənşəyi bilinmir" - Vasif İsmayıl

05-05-2018 14:27 / Bu xəbər 8498 dəfə oxundu

Səhiyyə Nazirliyi məsələyə münasibət bildirməyib. 

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aprelin 30-da məlumat yayıb ki, bir qrup şəxs mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil edib.  

Rəsmi açıqlamada qeyd olunur ki, Prokurorluq 11 ünvana, o cümlədən "Sanimed" və "Epidbiomed" MMC-lərə baxış keçirib. 

Məlumata görə, axtarış hər iki şirkətin inzibati binalarını, anbarları, aptekləri, yaşadıqları mənzilləri, qanunsuz dərman prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarını əhatə edib.

"Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, "Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər. 

Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar vermiş və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. 

Açıqlamada bildirilir ki, istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.

Toplum.Tv mövzu ilə bağlı ekspert-uroloq Vasif İsmayıldan münasibət öyrənib: 

- Vasif bəy, prokurorluğun məlumatında adı keçən mənşəyi bilinməyən dərmanlar insanların sağlamlığı üçün nə qədər təhlükəlidir?

- Azərbaycanda satılan dərmanların əksəriyyəti mənşəyi bilinməyən dərmanlardır. Bunların nə qədər zərəri və ya nə qədər faydası olduğunu heç kəs bilmir.

- Hadisədən bir neçə gün keçsə də, Səhiyyə Nazirliyi məsələyə münasibət bildirməyib. 

- Bu barədə Səhiyyə Nazirliyindən soruşmaq lazımdır.

- 2011- ci ildən ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələri gətirlib və dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlə əməkdaşlıq edilib. 

- Bu statistikanı haradan almısınız?

- Prokurorluq rəsmən yayıb...

- Prokurorluğun yaydığı məlumatda xeyli uyuşmazlıqlar var.

- Səhiyyə Nazirliyində bu şəxslərlə əməkdaşlıq edənlərin olduğu da iddia edilir...

- Hər şey mümkündür...

- 9 adda müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib. Satışı qadağan olunan dərmanların bazara çıxarılması nə qədər doğrudur? 

- Buna adminstrativ resurs, yəni nazrilik və onun əməkdaşları cavabdehdir. 

- Bəzi dərmanlar var ki, onların ölkədə tapılması mümkün olmur. Lakin həkim reseptdə həmin dərmanı qeyd edir. Bir çox xəstələr əlacsızlıqdan qonşu ölkələrdən, məsələn, Rusiyadan, Türkiyədən gətizdirirlər. Sizcə, həkimlərin bu qədər "çətin" tapılan dərmanları məsləhət görməsi nə dərəcədə doğrudur? Yoxsa həkimlər dolayı yolla mənfəət qazanırlar? 

- Əgər xəstənin sağalması üçün yeganə yol budursa, bu hərəkət mümkündür.

Təbii vasitələrin preparatlardan daha təhlükəli ola biləcəyini qeyd etmisiniz. Ancaq yaşlı nümayəndələr uzun ömürlü olduqlarını təbii vasitələrdən istifadə etmələrinə borclu olduğunu bildiriblər. Sual yaranır ki, firma dərmanlarının təbii vasitələrdən daha zərərsiz olduğunu biz necə müəyyən edə bilərik?

-  Yaşlı nəsilin nümayəndələri təbii vasitə deyəndə sadə şüyüd, razyana və s. kimi ədviyyatları nəzərdə tutur. Bu gün "təbii vasitə"lər adı altında nə satıldığını heç kəs bilmir.

Samirə Əliyeva