Azərbaycanda terror təhlükəsi varmı? - DTX-nin keçirdiyi əməliyyata şərh

Azərbaycanda terror təhlükəsi varmı? - DTX-nin keçirdiyi əməliyyata şərh

06-12-2016 00:40 / Bu xəbər 3697 dəfə oxundu

"Bu olayın geniş formada izahı verilməyib. Şəxsin hansı təşkilata məsub olması haqda konkret açıqlama yoxdur. İŞİD Suriyada və İraqda məğlubiyyətə uğradıqca, qaçış çoxalacaq və oradan Azərbaycana gəlmə halları da istisna deyil. Onlar həm Azərbaycan vətəndaşları, həm də Şimali Qafqazdan ola bilərlər".

İlham İsmayıl: "Avropadan tutmuş Azərbaycana kimi bu təhlükə realdır"

Bunu Toplum.Tv-yə keçmiş MTN zabiti İlham İsmayıl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) noyabr ayında Bakıda həyata keçirdiyi anti-terror əməliyyatı ilə bağlı yayılan rəsmi məlumata münasibət bildirərkən deyib. 
Картинки по запросу İlham İsmayıl
"Bildiyiniz kimi, İŞİD tərkibində Şimali Qafqazdan çox sayda insan var. Ölkədə iqtisadi böhran artıqca, məsələnin siyasi tərəfini də gərginləşdirmək üçün müxtəlif qüvvələr bu faktordan istifadə etmə variantı da var. Adətən, İŞİD tipli qruplaşmalar məğlub edildikcə, onlar digər ölkələrə sirayət edirlər. Avropadan tutmuş Azərbaycana kimi bu təhlükə realdır”, - İ.İsmayıl qeyd edib. 

Azər Rəşidoğlu: "Mötədil partiyalar və vətədandaş cəmiyyəti təqib olunduqca...”
Картинки по запросу Azər Rəşidoğlu
Siyasi şərhçi Azər Rəşidoğlu Toplum Tv-yə verdiyi şərhdə qeyd edib ki, baş vermiş hadisə ilə bağlı verilən məlumat azdır: ”Konkret olaraq baş vermiş olayla bağlı nəsə demək çətindir, çünki bu haqda informasiya məhduddur, gerçəkdə nə baş verdiyi haqda ətraflı məlumat verilməyib. Amma ümumi baxdıqda demək olar ki, Azərbaycanda terror təhlükəsi hər zaman mövcud olub və ayrı-ayrı radikal qrupların terror aktlarından ölkə siğortalanmayıb. Belə təhlüklərin qarşısını almaq üçün həbslər, sərt tədbirlər kifayət etmir. Demokratik resursların, vətəndaş cəmiyyətinin, azad mətbuatın inkişafı bunun qarşısını ala bilər. Digər tərəfdən sosial problemlər artdıqca, mötədil partiyalar və vətədandaş cəmiyyəti təqib olunduqca bu kimi hallar arta bilər. Bu baxımdan vətəndaş cəmiyyətini inkişaf etdirmək daha məqbuldur”. 

Elman Məmmədov: "Müvafiq orqanlar bu təhlükələrlə çox ciddi mübarizə aparırlar və qarşısını ala bilirlər”

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov Toplum Tv-yə bildirib ki, Azərbaycanın hüquq mühafizə orqanları ölkədə təhlükəsizliyin təmin olunması və bu halların qarşısının alınması üçün hər zaman ayıq-sayıqdırlar: "Bu, onların xidməti borcudur və bu borcu onlar yüksək səviyyədə yerinə yetirirlər. Dünyada terrorun gücləndiyi bir zamanda onlar hər zaman bu təhlükələrə qarşı ciddi tədbirləri görməlidirlər. Azərbaycan elə regiondadır ki, istənilən vaxt müəyyən qüvvələr, istər düşmən Ermənistan – onlar dəfərlərlə ölkəmizdə terror aktları törədiblər, istər ekstremist dini qruplaşmalar hər an terror törədə bilərlər. Müvafiq orqanlar bu təhlükələrlə çox ciddi mübarizə aparırlar və qarşısını ala bilirlər. Ümid edirik ki, əhali ilə aparılan məqsədyönlü işlər sayəsində bu bəladan qorunmaq mümkün olacaq”.
Картинки по запросу Elman Məmmədov
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 1978-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər" ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlunun cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə ölkə ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar, 3 noyabr Bakı şəhərinin "Binə" ticarət mərkəzi yaxınlığında Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri"ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən neytrallaşdırılıb.

Baş vermiş olayla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.