Azərbaycanda yeni agentlik yaradılır

Azərbaycanda yeni agentlik yaradılır

10-02-2017 21:44 / Bu xəbər 1694 dəfə oxundu

Prezident İlham Əliyev ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
 
Prezidentin rəsmi saytında dərc olunan fərmanda deyilir ki, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq.
 
Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb. 

Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovdur.  
 
Komissiyanın üzvləri isə Azərbaycan Respublikasının iqtisadiyyat, maliyyə, səhiyyə, kənd təsərrüfatı nazirləri, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin sədrləridir.
 
Agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən başlayır və həmin gün Komissiyanın səlahiyyət müddəti başa çatır.