Azərbaycanlı bloger alman polisi tərəfindən saxlanılıb

Azərbaycanlı bloger alman polisi tərəfindən saxlanılıb

04-09-2019 02:22 / Bu xəbər 292 dəfə oxundu

Almaniyanın Deggendorf şəhərindəki qaçqın kampında baş verən kütləvi davaya görə daha bir nəfər azərbaycanlı da saxlanılıb. 

O, jurnalist, hazırda Almaniyada mühacirət həyatı yaşayan Azər Kazımzadədir.

"Meydan.Tv"nin verdiyi xəbərə görə, bu barədə Almaniyada fəaliyyət göstərən "Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib.

Bildirib ki, bu barədə ona Deggendorf Kriminal Polisindən zəng edərək məlumat veriblər:

"Avqustun 20-də Deggendorfda afrikalılarla azərbaycanlılar arasında baş verən kütləvi dava faktına görə jurnalist Azər Kazımzadəni saxladıqlarını bildirdilər. Bildiyiniz kimi həmin tarixdə Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı düşərgədə baş verən kütləvi dava faktına görə cinayət işi başlamış və davada iştirak edən dörd həmvətənimiz bu vaxta kimi həbs edilmişdi”.

Əlövsət Əliyev deyir ki, Azər Kazımzadə də həmin faktla bağlı saxlanılıb və o, vəkilsiz ifadə verməkdən imtina edib:

"Daha sonra Azər mənimlə danışdı. O, saxlandığını təsdiq etdi. Hazırda cinayət hüququ üzrə ixtisaslaşan vəkillərlə danışıq aparıram və yaxın saatlarda ona vəkil tapmağa çalışacağam. Azər həmin hadisənin iştirakçısı deyil, orada olsa da, insanları sakitləşdirməyə çalışıb”.

Əlövsət Əliyev deyir ki, Azər Kazımzadə hadisənin azərbaycanlı olmayan şahidlərindən birinin ifadəsi əsasında saxlanılıb:

"Azər Kazımzadənin kollektiv olaraq müdafiəsinə qalxmalı və onun müdafiəsini kollektiv olaraq həyata keçirməliyik. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi tanınmış jurnalist Azər Kazımzadənin müdafiəsinə qoşulmağa dəvət edirəm”.

Avqustda Almaniyanın Deggendorf şəhərindəki qaçqın sığınacaqlarından birində Nigeriya və Azərbaycandan olan 30-a yaxın şəxs arasında kütləvi dava olub. Əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanların olduğu deyilir. Kamp binasına ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla ən azı 10 nəfər yaralanıb.

Yalnız bölgədəki polis idarəsi əməkdaşlarının və federal təhlükəsizlik xidməti polisinin müdaxiləsindən sonra vəziyyəti sakitləşdirmək mümkün olub.

Prokurorluğun məlumatına görə, səkkiz şübhəli şəxs müvəqqəti həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər beş sığınacaq axtaran şəxs sərbəst buraxılıb.

Cinayət Polisi ictimai asayişin pozulmasına, vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlamaqla araşdırma aparır.

2019-cu ilin ilk altı ayı ərzində 999 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib. Məlumatı Almaniyada fəaliyyət göstərən "Leqat” İnteqrasiya Mərkəzi yayıb.

Bildirilir ki, qaçqın statusu almaq üçün Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edən 999 azərbaycanlıdan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.

"2019-cu ilin 6 ayı ərzində qaçqın statusu üçün müraciətlər üzrə 1400 qərar qəbul edilib. Onlardan 6 nəfərinin sığınacaq haqqında ərizəsi üzrə müsbət cavab, 46 nəfərə qaçqın statusu verilib”.

Mərkəz bildirir ki, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib. Onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib. 768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib.