Azərbaycanlı politoloq Ərdoğanın siyasətini yerdən-yerə vurdu: "Dini alətə çevirməsi..."

Azərbaycanlı politoloq Ərdoğanın siyasətini yerdən-yerə vurdu:

29-06-2016 11:52 / Bu xəbər 977 dəfə oxundu

"Rəcəb Tayyib Ərdoğanın dini alətə çevirməsi və siyasətə gətirməsi yalnış addım idi. Bunun nəticəsində belə vəziyyət yaranıb".

Bu sözləri Qaynarinfo.az-a açıqlamasında REAL İdarə Heyyətinin üzvü, politoloq Azər Qasımlı Türkiyədə baş vermiş dəhşətli terror aktının səbəblərindən danışarkən deyib.

Politoloq bildirib ki, son illərdə terrorun coğrafiyası dəyişib: "Əvvəllər terror aktları daha çox türklərin yaşadığı bölgələrdə olurdu. Sonradan terrorun coğrafiyası genişləndi. Artıq nəinki türklər yaşayan yerlərdə, hətta İzmirdə, Ankarada teraktlar baş verdi. Son bir ildə baş verən terror aktlarının məntiqinə baxanda görürük ki, bu hadisələr ciddi yerlərdə törədilir. İcra orqanlarının, məhkəmələrin önündə, hərbi bazalara yaxın yerlərdə baş verir. Bu dəfə isə hava limanında törədildi. Halbuki, Atatürk hava limanı çox ciddi şəkildə qorunur. Ora bombanın və silahın necə keçrilməsini təhlükəsizlik xidməti araşdıracaq və qəti fikrini deyəcək. Çox təəssüf ki, əvvəlki hadisələrdə də ciddi araşdırma görmədik. Hər hansı bir fakt üzə çıxmadı. Görünən budur ki, Türkiyə hakimiyəti ciddi bir addımlar atmır".

Azər Qasımlı
 
Azər Qasımlının sözlərinə görə, bu terror aktlarında çeşidli ölkələrin marağı ola bilər: "Konkret ad çəkmək istəməzdim. Amma söhbət müsəlman ölkələrindən gedir. Türkiyənin Rusiya və İsraillə yaxınlaşması İslam ölkələrini qıcıqlandıra bilər. İlk növbədə İŞİD-in adı daha çox hallanır".

Politoloq qeyd edib ki, Türkiyə İsrail və Rusiya ilə münasibətlərini korladıqdan sonra da terror baş verirdi: "Son bir ildə baş verən hadisələr zamanı Türkiyənin hər iki dövlətlə münasibətləri yaxşı deyildi. Burda əsas problem Türkiyə hakimiyyətinin son 5 ildə yürütdüyü yalnış siyasətlə bağlıdır. Türkiyənin dünyanın əsas və açar ölkələri ilə münasibətləri pisləşdirib. Qardaş ölkənin xarici siyasəti dost qazanmaq yerinə, düşmən qazandırır. Dostları da düşmənə çevrilir. İsraillə Türkiyənin çox yaxın dost münasibətləri olub. Yeri gəlmişkən qeyd edim ki, İsraillə Rusiya arasında da münasibətlər o qədər yaxşı deyil. Əslində onlar bölgədə və yaxın Şərqdə rəqibdilər. Amma Türkiyə hər ikisi ilə münasibətləri pisləşdirdi.

İsrail, Rusiya, Suriya, Misirlə münasibətlər pis, İranla yaxşı deyil, ABŞ-la münasibətlər yenidən soyuqlaşıb. Avropa Birliyi ilə də münasibətlər yaxşı deyil. Avropanın açar ölkələrindən olan Almaniya ilə də münasibətlər pisləşdi ki, Bundestaq qondarama "erməni soyqrımı"aktını tanıdı. Halbuki Almaniya Türkiyənin hər zaman müttəfiqi olub. Avropa Birliyi çərçivəsində də Türkiyəyə dəstək olub. Digər ölkələrdən fərqli olaraq, Türkiyəni Avropa Birliyində gördüyünü bəyan edib. Amma Türkiyənin Almaniya ilə bu gün münasibətləri bərbaddır. Normal münasibətlər yalnız Səudiyyə Ərəbistanı ilə var. Bu da ona görədi ki, maraqları üst-üstə düşür. Ərəbistan da şiə məzhəbinə qarşıdır". 

Azər Qasımlı Ərdoğanın dini alətə çevirməsi və siyasətə gətirməsinin yalnış addım olduğunu vurğulayıb: "Onun düşüncələri də dinidir. O cür düşünüb və siyasi qərar verir. Bunun nəticəsində belə vəziyyət yaranıb. Terror aktının kimlərin sifarişi olduğunu demək çətindir. Terrorun Rusiya və İsraillə münasibətlərin yaxşılaşması ilə əlaqəli olduğunu düşünmürəm. Çünki hələ münasibətlər normallaşmayıb. Sadəcə ilkin addımlar atılıb".
 
Arqument.Az