Azərbaycanın nə qədər borcu var?

Azərbaycanın nə qədər borcu var?

18-02-2018 16:02 / Bu xəbər 886 dəfə oxundu

Azərbaycanın 10 milyard dollara yaxın xarici borcu var. 

Maliyyə Nazirliyinin fevralın 14-də verdiyi açıqlamada belə deyilir. 

Borc manatla ifadədə 16 milyarda yaxındır. 

2015-ci ilə kimi Azərbaycanın xarici borcunun Ümumi Daxili Məhsulda payı 7-8 faiz idisə, hazırda 22 faiz həddindədir.

Toplum.Tv ekspertlərdən borclanmanın nə qədər davam edəcəyini və hansı problemlər yarada biləcəyini soruşub. 

"Xarici borcun Ümum Daxili Məhsulun 22 faizini təşkil etməsi o qədər də təhlükəli deyil” 

Deputat Vahid Əhmədov hesab edir ki, sözügedən borclanma hələ o qədər də təhlükəli həddə çatmayıb: "İstənilən halda borclanmanın artması müsbət addım deyil. Amma elə dövlətlər var ki, borclanmaları təxminən dövlət büdcəsinə bərabərdir. Amerika Birləşmiş Ştatlarının xarici borcu elə təxminən dövlət büdcəsinə bərabərdir. Amma biz o qədər də böyük dövlət deyilik, ona görə dövlətin xarici borcu 8-10 faiz səviyyəsində olması arzuolunandır.

Son vaxtlar beynəlxalq layihələr həyata keçirilməsi üçün müəyyən kreditlər götürülüb və ölkəyə investisiyalar qoyulub. Ona görə də xarici borc artıb. Hesab edirəm ki, xarici borcun Ümum Daxili Məhsulun 22 faizini təşkil etməsi o qədər də təhlükəli deyil, amma istənilən borc əhalinin gələcəyinə təsir edir. Dövlət də bu borcu qaytarmalıdır, biz də bu borcdan narahat olmalıyıq”.

"Kredit alınmasının həm həcmi, həm sürəti artıb”

İqtisadçı Natiq Cəfərli isə borclanmanın sürətlənməsinin Azərbaycan üçün təhlükəli həddə çatdığını deyib: "Azərbaycanın xarici borcunun artmasının əsas səbəbi cənub qaz dəhlizi layihəsinin tərkibi olan TAP və TANAP layihələrinin həyata keçirilməsidir. 

Bu layihələrə kifayət qədər böyük vəsait tələb olunur və Azərbaycan təkcə daxili resurslar hesabına yox, xarici borclarla özünü maliyyələşdirməyə çalışır. Buna görə də kredit alınmasının həm həcmi, həm sürəti artıb. Həm də intensiv xarici borclanmaya getməyə məcbur olub. Bu da Azərbaycanın gələcəyi üçün ciddi təhdidlər yaradır. Xarici borcun artmasının yaratdığı ən böyük problem ondan ibarətdir ki, Azərbaycan 2020-ci ildən sonra daha intensiv şəkildə borcların qaytarılmasına başlayacaq. Həmin dövrdə Azərbaycanın borc qaytarma intensivliyinin də həcminin artması daxili xərcləmələrdə kəsintilərin artmasına səbəb ola bilər. Yəni daxili məsələlərin həllinə yönələcək vəsait məcburən xarici borcu qaytarmağa yönəldiləcək. Bu da daxildə sosial və digər layihələrə ayrılan vəsaitin azalması ilə müşahidə olunacaq”.

2017-ci ilin yanvarında isə Azərbaycanın xarici dövlət borcu 12 milyard 241 milyondan artıq (6 milyard 913,2 milyon ABŞ dolları) idi.