Azərbaycanın tədiyə balansında 2.4 mlrd. dollarlıq profisit yaranıb

Azərbaycanın tədiyə balansında 2.4 mlrd. dollarlıq profisit yaranıb

17-09-2018 14:55 / Bu xəbər 2681 dəfə oxundu

Rövşən Ağayev: "Neftin yüksək qiyməti makroiqtisadi sıxıntıları əhəmiyyətli dərəcədə həll edib”

Mərkəzi Bank 2018-ci ilin birinci yarısı üçün tədiyə balansı statistikasını açıqlayıb.

Statistikaya görə, ötən ilin müvafiq dövrünə nisbətən cari hesablar balansının profisiti 4.5 dəfə artaraq 3.5 mlrd. dollara çatıb.

Tədiyyə balansının ümumi saldosunda 2.4 mlrd. dollar profisit yaranıb.

İqtısadçı Rövşən Ağayev deyir ki, bu, 2017-ci ilin eyni dövrünün göstəricisindən 1 mlrd. dollar çoxdur. 

İqtisadçı bildirir ki, neftin yüksək qiyməti makroiqtisadi sıxıntıları əhəmiyyətli dərəcədə həll edib:

"Cari hesablar balansı çərçivəsində neft-qaz sektoru üzrə daxilolmalar 3 mlrd. dollar (50 faiz) artaraq 9.5 mlrd. dollara çatıb. Qeyri-neft sektoru üzrə daxilolamalar isə 900 milyon dollar artaraq 4.4 milyard dollar olub”.

Onun sözlərinə görə, maliyyə hesabında 1.8 milyard dollar defisit yaranıb. Ancaq 2017-ci ilin 6 ayında 400 mln. dollara yaxın profisit olmuşdu:

"Bu hesab çərçivəsində son illərdə ölkəyə ən böyük məbləğdə - 450 mln. dollar neft bonusu daxil olub. Tədiyə balansının müsbət göstəricilərinin böyüməsində bu amil də rol oynayıb. Statistikada diqqəti cəlb edən başqa bir məlumat neft sektoruna xaricdən cəlb olunan birbaşa investiyaların məbləğinin 6 dəfəyədək azalmasıdır - bu məbləğ 2017-nin birinci yarısında 1.2 mlrd. dollardan çox olmuşdu bu il 206 mln. dollara enib”.