Azərbaycanın xarici dövlət borcu nə qədərdir?

Azərbaycanın xarici dövlət borcu nə qədərdir?

17-10-2019 18:05 / Bu xəbər 1977 dəfə oxundu

Prezident İlham Əliyev oktyabrın 16-da Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.

Həmçinin "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.

Əlavəyə görə, Maliyyə Nazirliyi, ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda dövlət vəsaiti hesabına maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək vəzifəsini də həyata keçirəcək.

Həmçinin nazirliyə, "Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsini, dövlət zəmanətlərinin verilməsini təmin etmək və dövlət borclarının ödənilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək vəzifəsi də tapşırılıb.

İqtisadçı ekspert Natiq Cəfərli ToplumTv-yə Azərbaycanda son illər qəribə bir tendensiya yarandığını bildirib: "Bu günə qədər bir çox yeni agentliklər yaradılıb. Bunun əsas səbəbini yeni idarəetmə formasına bağlayırlar, amma fəsadlı tərəfləri, yeni agentliklər yaranarkən köhnə strukturlarda olan səlahiyyətlər hələ də onlarda qalır”.

Ekpertin sözlərinə görə, həmin qurumların strateji olaraq hansı hədəflərə xidmət üçün yaradılığı bildirilmir: "Nəticədə, belə bir paralellik yaranır. Bu da işin effektivliyinə, gedişatına maneə olan bir faktora çevrilir. Ona görə də yeni yaranmış qurumların strategiyası hələ bu günə qədər açıqlanmayıb. Həmin qurumların strateji olaraq hansı hədəflərə xidmət üçün yaradılır?”

Ekspert Natiq Cəfərli bildirir ki, köhnə qurumların icra etdiyi eyni vəzifələri yeni qurumların öhdəliyinə verilir: "Əslində, Maliyyə Nazirliyinin nəzdində yeni yaradılan agentliyin işlərini görən bir departament var idi. Eyni işi görürdü. İndi bu, ayrıca bir qurum kimi təsis olunduqdan sonra eyni işi görməklə məşğul olacaq: eyni göstəricilərin hesablanması, müəyyən nəzarət funkisiyalarının həyata keçirilməsi yeni yaradılan qurumun öhdəliyinə veriləcək. Məsələ burasındadır ki, yeni yaradılmış qurum yeni qaydalarla, yeni konsepsiya ilə işləyəcəkmi, yoxsa yox? Əgər köhnə qayda ilə yeni ad altına fəaliyyət göstərəcəksə, bunun heç bir ciddi effekti də, təəssüf ki, olmayacaq”, – deyə ekspert qeyd edib.

Maliyyə Nazirliyi yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun təqribi 8 milyard 920 milyon ABŞ dolları təşkil etdiyini bildirib. 

İlham Əliyev isə oktyabrı 16-da keçirdiyi iqtisadi müşavirədə deyib ki, Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir: "Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir”.