''Azərsu'' yollarımızı qazdı, sonra bərpa etmədi

''Azərsu'' yollarımızı qazdı, sonra bərpa etmədi

07-06-2018 16:01 / Bu xəbər 894 dəfə oxundu

"Şəhərdə yaşayırıq, ancaq küçələrimiz kənddəkindən betərdir”

İmişlinin Əliağa Vahid küçəsinin sakinlərinin şikayəti var. Onlar yağış yağan kimi məhəllələrindəki yolların su ilə dolduğunu deyirlər.

"Yaz gəlib, yağışlar başlayıb, artıb qəmimiz. Yollar su ilə dolur. Gediş-gəlişimiz çətinləşir. Küçənin suyu həyətlərə axır. Nəmişlik, ağcaqanad, pis qoxu yaradır. Elastik çəkmələrlə gəzirik, başqa cür mümkün olmur. Biz şəhərdə yaşayırıq, ancaq küçələrimiz kənddəkindən betərdir”, – deyir sakinlərdən Xatirə Abışova.

Xatirə Abışova

Olmaz bunların problem həll etməyindən

Sakinlər bildirirlər ki, əvvəllər belə problemləri olmayıb. Öz hesablarına normal yol çəkdiribmişlər. Ötən il "Azərsu” ASC kanalizasiya çəkmək üçün yollarını qazıb. Sonra isə qazdığı yeri bərpa etməyib. Nəticədə, həmin qazılan ərazi yağış olan kimi su ilə dolur.

"Demirik ki, bizə yeni yol çəkin. Qonşularla 20-30 manat toplayıb gül kimi yol çəkdirmişdik. Bizim normal yolumuz var idi. Heç olmasa, qazdıqları yolu düzəltsinlər. Tələbimiz budur. Necə qazıblar, eləcə də təmir etsinlər. Yox, bizdə belədir. Bir problem düzəldək deyib, başqa bir problem yaradırlar. Olmaz bunların problem həll etməsindən”, - Sənubər Qubadova belə deyir.

Kərbalayi Elman 

İbadətə gələnlərə böyük çətinliklər yaranır

İmişlinin tarixi məscidi də bu küçədə yerləşir. Məscidin axundu Kərbalayi Elman da deyir ki, xüsusən qış aylarında, yağıntı olan vaxtlar küçələr su ilə dolur. İbadətə gələnlərə böyük çətinliklər yaranır:

"Təkcə ibadətə gələnlər deyil, elə uşaqlar da məktəbə gedib- gələ bilmirlər. Yollar qazılıb, sonra təmir edilmədiyindən xəstəmizə təcili tibbi yardım da çağıra bilmirik. Çağırdığımız da bu yoldan keçib gedə bilmir. Qazdılar, nəsə çəkdilər, sağ olsunlar. Bəs sonra korlanan yeri düzəltmirlər?”

Məscid

Xaraba günə qoyub getdilər

Axund deyir ki, qazıntı aparan fəhlələrə də sonda yolu əvvəlki vəziyyətində təhvil vermələrini söyləyib. "Narahat olmayın, sonda hər şey əvvəlki qaydasına salınacaq”, - cavabını alıb:

"Ancaq xaraba günə qoyub getdilər. Heç nəyi də əvvəlki vəziyyətinə qaytarmadılar. Ay keçib, il keçib gəlib maraqlanan da yoxdur. Bu da bunların bizə yaxşılığı…”.

Gəlsinlər, görək nə məsələdir

Meydan TV məsələyə münasibət öyrənmək üçün İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən sakinlərin problemləri ilə bağlı onlara müraciət etmələri söylənib:

"Gəlsinlər, görək nə məsələdir. Görünür hələ "Azərsu”nun işi tam bitməyib ki, bərpa işləri görülməyib. Adətən belə hal olmur, sökülən yerlər sonra bərpa edilir”.

İmişlinin Əliağa Vahid küçəsi

"İmişlidə işlərimiz yarımçıqdır, tam bitməyib

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə dedi ki, bir neçə ildir İmişli şəhərinə içməli su və kanalizasiya xətləri çəkilir. Şəhərdə işlərini hələ bitirməyiblər:

"Odur ki, ola bilər, hələlik, sökülən yerlər bərpa edilməyib. Bəli, su xətti çəkilişləri başa çatıb, ancaq kanalizasiya yarımçıqdır. İndi mən tapşıracağam, həmin küçəyə bir baş çəksinlər, problemin tam olaraq nə olduğunu öyrənsinlər. Hər halda, maraqlanıb problemi həll etməyə çalışacağıq. Yenə də deyirəm, İmişlidə işlərimiz yarımçıqdır, tam bitməyib, bununla əlaqəli müvəqqəti çətinlik ola bilər”.

"Azərsu” ASC İmişlidə içməli su və kanalizasiya xətlərinin çəkilməsi işlərinə 2011-ci ildən başlayıb. Bu istiqamətdə İmişli şəhəri ilə yanaşı magistral kəmər boyunca yerləşən 4 kəndə də təmiz su verilməlidir. Layihə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 40 min nəfər üçün hesablanıb. Beləliklə, şəhərin dayanıqlı su təchizatının aparılması üçün ümumi uzunluğu 180 km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi, çirkab suların toplanması üçün 170 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılmalıdır. Bundan əlavə, 25 nasos stansiyası, məhsuldarlığı sutkada 10 min kubmetr olan yeni çirkab sutəmizləyici qurğu da tikiləcək.