"Azərsu"da qrup savaşı: böyük pulların "qaranlıq taleyi"

22-05-2016 01:52 / Bu xəbər 3934 dəfə oxundu

Sədrin səlahiyyəti qeyri-rəsmi olaraq məhdudlaşdırılıb, Rövşən Kazımov-Qabil Kərimov ittifaqı qurumu içərindən "fəth" edir; böyük pulların taleyi sual altına düşüb

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun səlahiyyətləri qeyri-rəsmi məhdudlaşdırılıb. 

Bu barədə "Reytinq"ə ASC-nin adının çəkilməsini istəməyən əməkdaşları məlumat veriblər. 

Məlumatda bildirilir ki, son illər Qorxmaz Hüseynovun fəaliyyəti "Azərsu"ya bu və ya digər formada nəzarət edən qurumlar və onların rəhbərləri tərəfindən müsbət qarşılanmayıb. Xüsusən, Qorxmaz Hüseynovun ayrı-ayrı qurumlarda çalışan qardaşları, bacısı uşaqları, həyat yoldaşının qohumlarına bu və ya digər formada bağlı olan MMC-lərin "Azərsu"yun milyonluq tenderlərinin şübhəli qaliblərinə çevrilməsi, qarşıya qoyulan vəzifələrin tam icra edilməməsi, icra edilən işlərin "pintiliyi", ASC sədrinin birinci müavini, hazırda düşdüyü qəza səbəbindən işə çıxmayan Teyyub Cabbarovun qardaşının kürəkəni ilə yol verdiyi ciddi korrupsiya faktına görə aparılan həbslər və s. "Azərsu" ASC-yə rəsmi və qeyri-rəsmi nəzarət edən qurum rəhbərlərinin əlinə fürsət verib. 

Belə ki, ötən il "Azərsu" ASC-yə əvvəllər ARDNŞ-də işlədiyi deyilən Rövşən Kazımov və digər bir neçə şəxs göndərilib. Rövşən Kazımov Bakının Nizami rayon su-kanal idarəsinə rəis təyin edildikdən sonra orada "fırtına" yaradıb. Onunla bağlı plan bundan sonra sürətlə həyata keçirilib: "Hazırda Rövşən Kazımov "Azərsu"da satış şöbəsinə rəhbərlik edir. O, elə bir statusa sahiblənib ki, ASC-nin bəzi yüksək vəzifəli şəxsləri də artıq onun qəbuluna girə bilmirlər". 

Əslən Şahbuz rayonundan olduğu bildirilən Rövşən Kazımovun özünəvurğunluğu və himayəçilərinin daha yüksək vəzifədə olmaları hətta Qorxmaz Hüseynovu da "oyundankənar" vəziyyətdə qoyub: "Hazırda şöbə müdiri bütün rayonlar üzrə Su-kanal idarələrində öz istəyinə uyğun "idarəetmə sistemi" yaratmağa çalışır. İdarə rəisləri isə Rövşən Kazımovun böyük gücə sahib olduğunu bildiklərindən ona müqavimət göstərə bilmirlər. Bu da Rövşən Kazımovun "Azərsu"yu qeyri-rəsmi ələ keçirməsinə səbəb olub". 

İddia edilir ki, R.Kazımov "Azərsu"da müstəqil formada ciddi kadr dəyişiklikləri də reallaşdırır: "O, özünə bir qrup yaradıb. Guya yoxlama-təftiş qrupudur. Həmin qrup istənilən sahəyə girib, orada xırda bir nöqsan tapıb, dərhal Kazımova məruzə edirlər. Beləliklə, işçini sorğulamadan, araşdırmadan Rövşən Kazımov idarə rəisinə "bu adamları qov, getsin",- deyir. Maraqlıdır ki, Rövşən Kazımovun "Burada mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə hərəkətinə Qorxmaz Hüseynov müdaxilə edə bilmədiyini nümayiş etdirir. Sədrin cəsarətsizliyi isə nəinki ASC-nin satış şöbəsi əməkdaşlarının, eyni zamanda mərkəzi aparatının da Rövşən Kazımovun dost-tanışı ilə əvəzlənməsini sürətləndirib". 

Məlumatlı şəxslər qurumda baş verən digər maraqlı proseslərdən da söz açıblar. Onların sözlərinə görə, mart ayında vəzifədən çıxarılan Salyanın icra başçısı Tahir Kərimovun qardaşı Qabil Kərimov da "Azərsu"da təhcizat sektorunu ələ keçirib: "Bu gün Rövşən Kazımov nə qədər problemdirsə, Qabil Kərimov da bir o qədər "Azərsu"yun "ayağı"na bağ olub. Keçmiş icra başçısının qardaşı ARDNŞ-dəki yaxınlarına arxayın olaraq, "Azərsu"yun təhcizatına ayrılan pullar, alınan mal-materiallar üzərində istədiyi qərarları verir. Məhz buna görədir ki, "Azərsu"yun gördüyü işlərdə, xüsusiylə bölgələrdəki layihələrdə ciddi problemlər ortaya çıxır. Ya hansısa material çatışmır, ya da kağızda qeyd edilən keyfiyyətli malın əvəzinə keyfiyyətsizi işlədilir. Bölgələrdəki karxanalarla sövdələşməyə gedərək, hansı oyunlardan çıxdıqları isə başqa mövzunun söhbətidir". 

Məlumatda bildirilir ki, hazırda "Azərsu"yun müxtəlif beynəlxalq təşkilatlardan aldığı milyonlarla dollarlıq kreditlərin təyinatı, onun xərclənmə şəffaflığı və geri ödənişi də sıxıntılara yol açıb. Xüsusən dolların manat qarşısında ciddi itkiyə məruz qalması, ASC-nin müqaviləyə necə əməl edəcəyini sual altına salıb. 

"Azərsu"ya Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı, digər donor təşkilatları ilə yanaşı, büdcədən çox böyük vəsaitlərin ayrıldığını bildirən mənbə qeyd edib ki, bu vəsaitlərin hara və necə xərclənməsi bir sıra dövlət qurumları tərəfindən araşdırılıb. Məsələn, Hesablama Palatasının hesabatından aydın olur ki, bu vəsaitlər şəffaf xərclənməyib. Çünki "Azərsu"da Qorxmaz Hüseynovun dönəmi başlayandan sonra onun qardaşlarının, bacısı uşaqlarının, qayınları ilə yanaşı, 1-ci müavini Teyyub Cabbarovun, Qabil Kərimovun və digərlərinin dəyəri bir neçə milyon olan villaları hansı pulla aldıqları sirr deyil: "Adamdan soruşarlar ki, siz 500-1000 manat maaşla milyonluq mülkləri, bahalı maşınları necə almısınız? Məsələn, vaxtı ilə mağzalara balıq paylayan Qabil Kərimovdan soruşan lazımdır ki, bu pulları "Ramstore"nin "polka"sına balıq verməklə qazanmaq olarmı? Əgər o sahədən bu qədər pul qazanmaq imkanı vardısa, niyə o biznesini atıb, "Azərsu"ya gəlib? Yəni elementar məntiq də deyir ki, bu adamlar dövlət vəsaitlərini şəxsi maraqlarına yönəldiblər. Bu milyonlar isə tərəfləri toqquşma həddinə çatdırıb". 

Yazıda qeyd edilən faktlarla bağlı araşdırmalarımız davam edəcək. Adları hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Arqument.Az