Baba Rzayev Azərbaycandan xaricə milyonlar çıxarır (FOTOFAKT)

Baba Rzayev Azərbaycandan xaricə milyonlar çıxarır (FOTOFAKT)

19-09-2019 17:56 / Bu xəbər 2600 dəfə oxundu

Bu günlərdə xidməti kabinetindəki cadu olayı ilə gündəmə gələn "Azərenerji” ASC-nin prezidenti Baba Rzayev də ölkə xaricinə milyonlar çıxarıb.

Bu barədə aztoday.az məlumat yayıb. 

Məlumata görə, Bala Rzayevin "ofşor” hesabları var. Belə ki, ölkənin bir nömrəli enerji şefinin adı Azərbaycanda sahib olduğu "Santral Elektrik”lə tez-tez hallanır. Bir zamanlar qardaşı Emin Rzayevin nəzarətində olan "Santral Elektrik” hazırda oğlu Fuad Rzayevin idarəsi altındadır və görünür, Rzayevlər ailəsi üçün bahalı çilçıraqların satıldığı "Santral Elektrik” təkcə tenderlər kralı olmağa yox, həmçinin külli miqdarda vəsaiti ofşor zonalara daşımaq üçün vasitə olub.

Araşdırma nəticəsində "Santral Elektrik” adına Kiprdə və Böyük Britaniyada rast gəlinir. Böyük Britaniyada açılan şirkətllə bağlı reyestrdə heç bir məlumat olmasa da, Kiprdəki şirkətlə bağlı nüanslar bir xeyli maraq doğurur.

Yerli mediada çıxan xəbərlərdə bildirilir ki, Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan "Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur. 

"Santral Elektrik”in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. "Bakelektrikşəbəkə”yə sədr keçdikdən sonra onun, "Santral Elektrik”i də qeyri-rəsmi idarə etdiyi bildirilir. Sonradan "Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.

Büdcədən maliyyələşən sifarişləri həyata keçirən "Göknur Bakı LTD”, "GBS” MMC şirkətləri "Santral Elektrik”lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir. "General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və "Landmark"ın işıqlandırmasını təmin etmək olub.

Dövlət Nəzarəti Şöbəsinin apardığı yoxlamalar nəticəsində verdiyi rəyə əsasən, "Bakıelektrikşəbəkə” ASC təqribən 90 milyon manat məbləğində 236 müqaviləni dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pozaraq tender keçirmədən, razılıq almadan birbaşa bağlamış, bəzi malların alınmasına təcili zərurət yarandığını əsas gətirərək birbaşa müqavilələrin bağlanmasına icazə alsa da, bəzən müqavilələri razılıqdan 4-11 ay sonra imzalamış, bir sıra hallarda isə tenderdən yayınmaq məqsədilə malların məbləği süni surətdə ayrı-ayrı hissələrə bölüşdürülüb. 

Təkcə 2011-ci il üçün tender reyestrində göstərilənlərə görə, "Bakıelektrikşəbəkə”nin "Gök-Nur Bakı”ya rəsmi müqavilələr əsasında ödədiyi pulların ümumi həcmi: 338368,86 manatdır. "Gök-Nur Bakı LTD” müxtəlif növ kabellərin istehsalı və quraşdırılması ilə məşğuldur.

"Azadlıq” Radiosunun araşdırmaları məlum olub ki, Santral Elektrik LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi.

İndi Santral Elektrikə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib. Həm də təkcə Santral Elektrik deyil, əldə etdiyimiz sənədlərə görə bu ailə Azərbaycanda elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir.

Ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan "Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir.

Məhz həmin dövrdə paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən – Barmek şirkətindən alınaraq, bərpa edilmiş dövlət qurumuna – "Bakıelektrikşəbəkə”yə keçib.

İxtisasca elektrik mühəndisi, ADNA məzunu olan Baba Rzayev Bakelektrikşəbəkəyə rəhbər göndərilməzdən əvvəl "Bakelektro” ASC-nin icraçı direktoru işləyib. Hazırda "Bakelektro”ya da onun qardaşı Emin Rzayev rəhbərlik edir.

Qeyd edək ki, Santral Elektrik Azərbaycanda elektrik avadanlığı, onların quraşdırılması və xidmət sahəsində iri özəl şirkət hesab edilir. İnternet səhifəsindəki məlumatlara görə, "Legrand” (Fransa), "Pirelly” "GEWISS”, "KEMMR.I” (Finlandiya), "Vortice” (İtaliya), "Stanley” (ABŞ), Philips, Osram "Dewallt”, "Massive” və başqa şirkətlərin Azərbaycanda rəsmi distribütoru da Santral Elektrikdir…

Baba Rzayevin də mövqeyini dərc etməyə hazırıq.