Bahalaşma nə qədər davam edəcək?

Bahalaşma nə qədər davam edəcək?

16-01-2017 18:13 / Bu xəbər 2270 dəfə oxundu

"Ötənilki bahalaşmada rol oynayan əsas amil manatın məzənnəsinin kəskin aşağı düşməsi oldu. Manatın məzənnəsinin aşağı düşməsinə bazardakı malların əsasən idxal olması, dolların məzənnəsinin yuxarı qalxması təsir göstərdi".

Bunu Toplum.Tv-yə iqtisadçı ekspert Azər Mehtiyev ölkədə ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib. 

"2017-ci ildə də manatın məzənnəsi qiymətlərə təsir edəcək. Əgər hökümət manatın məzənnəsini sabitləşdirə bilsə, təbii ki, qiymətlərin artımında da sabitlik yarada bilər. Bu il də manatın məzənnəsində sürətli dəyişikliklər olarsa, qiymətlərin artımına təsirsiz ötüşməyəcək. Hər halda hökumətin bəyan etdiyi manatı sabitləşdirmək istəyi gerçəkləşərsə, qiymətlərin sabitləşməsində müəyyən rol oynaya bilər”, - Azər Mehdiyev bildirib. 

Azər Mehtiyev: "Qiymət artımının sürəti hökumətin il ərzində atdığı addımlardan asılı olacaq"


Ekspertin sözlərinə görə, Azərbaycanda yerli istehsal tələblərə uyğun formalaşmayıb: ”Nəzərə almaq lazımdır ki, Azərbaycanda hələ yerli istehsal kifayət qədər inkişaf etməyib, ölkə idxal mallarında asılıdır, bununla belə idxal mallarının gətirilməsinə məhdudiyyətlər var. Yəni ölkədə hələ inhisarçılıq aradan qalxmayıb, azad rəqabət formalaşmayıb, yerli istehsal tələblərə uyğun inkişaf etmir. Bu baxımdan qiymət artımının sürəti hökumətin il ərzində atdığı addımlardan asılı olacaq. Bahalaşmada iki mühüm amil özünü göstərir: birincisi, inhisarçılıq, ikincisi isə manatın məzənnəsi məsələsi. Hökümət bu iki istiqamətdə ciddi addımlar atarsa, yəni manatın məzənnəsinin nisbətən sabitləşməsinə nail olub, inhisarçılığın aradan qaldırılmasını təmin edərsə, təbii ki, qiymətlərdə sabitlik yarada bilər və ən azından ötənilki qiymət artımının yenidən baş verməməsinin qarşısını ala bilər”.

Qubad İbadoğlu: "Qiymət məsələsi dinamikdir; arta və azala bilər"
İqtisadçı Qubad İbadoğlu bahalaşmaya münasibət bildirərkən gündəlik tələbat mallarının bahalaşmasını ölkədəki inhisarçılığın və manatın devalivasiyasının təsirini ilə əlaqələndirib: ”Bu yaxınlarda "Azərsun” yağ, çay, un və un məmulatlarının hamısının qiymətlərində artım elan etdi. Bu artım istehlak bazarı üçün çəkisi yüksək olan şirkətin qərarı ilə baş verib. Növbəti dövr üçün kommunal xidmətlərdə bahalaşma və nəqliyyatda gedişhaqqının artımı müşahidə oluna bilər. Əlavə olaraq onu da deyim ki, qiymət balaşması dərman preparatlarında da müşahidə olunacaq və bu insanların preparatları əldə etməsini çətinləşdirəcək. Ola bilsin ki, qeyri-ərzaq mallarında qiymətlər nisbətən ucuzlaşsın, çünki ilin əvvəlində işgüzar fəaliyyət azalır və alıcılıq qabiliyyəti aşağı düşür. Həm də qonşu ölkələrdə, Rusiyada, xüsusilə, Türkiyədə baş verən devalivasiya Azərbaycanda həmin ölkələrdən gətirilmiş qeyri-ərzaq mallarının qiymətini ucuzlaşdıra bilər. Qiymət məsələsi dinamikdir; arta və azala bilər”.

Vahid Əhmədov: "Obyektiv və subyektiv səbəbləri var"

Deputat Vahid Əhmədov bahalaşmanın obyektiv səbəblərdən baş verdiyini qeyd edib: ”Bahalaşma özünü iki formada göstərir: obyektiv və  subyektiv. 
Obyektiv bahalaşma ərzaq mallarının dollar ilə idxalında ortaya çıxır. Subyektiv bahalaşmada isə sahibkarlar süni olaraq ərzağın qiymətini qaldırırlar. Nə qədər ki manatın məzənnəsi ucuzlaşacaq, o qədər də ərzaqın bahalaşması problemi olacaq. Manat stabil bazar dəyərini aldığı təqdirdə ərzağın qiyməti də stabilləşəcək”.
Image result for Vahid Əhmədov
Xatırladaq ki, Azərbaycanın milli valyutası bir il ərzində iki dəfə devalvasiyaya məruz qalıb. Belə ki, birinci devalvasiya 2015-c il fevralın 21-də, ikinci devalvasiya isə dekabrın 21-də baş verib.

Bundan sonra isə ölkəyə idxal olunan məhsulların qiymətlərində bahalaşma müşahidə edilib. 

Ekspertlərin hesablamalarına görə isə 2017-ci ilin ilk 15 günündə Azərbaycanda ərzaq məhsullarının qiymətində 10-30 faiz artım müşahidə olunub. 

Ofelya Ramilqızı