"Bahar Muradovanın çıxışları siyasi şou olduğundan təngənəfəslik yaradıb" - Ekspert

28-11-2018 17:23 / Bu xəbər 426 dəfə oxundu

Ekspert: "Bugünkü qurultay Azərbaycan təhsilinə heç nə verməyəcək"

Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı öz işinə başlayıb.

Tədbirdə ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən çox nümayəndənin iştirak etdiyi bildirilir.
Qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, dövlət və hökumət nümayəndələri, deputatlar, elm xadimləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən təhsil naziri Ceyhun Bayramov xatırladıb ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində bu sahədə müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib:

"Cari il üçün "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib. İslahatlar nəticəsində müəllim peşəsinin nüfuzu artıb, məsələn, ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım var. Son 5 ildə 18 min 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 min 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib”.

Nazirin sözlərinə görə, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə 2014-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir. Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.

Baş nazirin müavini Əli Əhmədov isə bildirib ki, təhsildə neqativ hallar tam aradan qaldırılmayıb. Hələ də təhsil sahəsində neqativ hallar var: "Azərbaycan cəmiyyəti bunu görür, Təhsil Nazirliyinin apardığı islahatlar bu neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar kimi qiymətləndirilir. Qarşıda duran vəzifələr çoxdur. Daha ciddi addımların atılmasına ehtiyac var”.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu Meydan TV-yə deyib ki, qurultaya dəvət olunsa da, sona qədər iştirak etməyib. Ekspert hesab edir ki, tədbirin əsas məqsədi təhsil strategiyasını müzakirə etmək və qarşıda dayanan vəzifələrin necə yerinə yetirilməsi olmalıdır.

Nabatəli Qulamoğlu bildirib ki, dövlətin təhsil strategiyası tam mənasında fiaskoya uğrayıb, yerinə yetirilməyib:

"Sabiq təhsil naziri Mikayıl Cabbarov bu istiqamətdə müəyyən qədər iş görüb. Cənab Cabbarov təhsili icra hakimiyyətlərinin təsirindən qurtarmağa cəhd etdi, hətta təhsil strategiyasının istiqamətlərindən biri də təndiq olunurdu, yəni idarəetmədə ikilik vardı. Təhsil orqanlarının idarəetmədə hüquqları digər orqanlardan daha azdır, icra strukturlarının idarəetməyə müdaxiləsi təhsilin keyfiyyətinə mənfi təsir edir. Mikayıl Cabbarov istədi məktəb direktorlarını da özü dəyişsin, alınmadı, səbəb aydındır, çünki direktorlar saxta seçkilərin təşkilatçılarıdır. Nəticədə Cabbarovla icra hakimiyyətləri arasında ziddiyyət yarandı. Prezident də Mikayıl Cabbarovu icra başçılarının əlindən xilas etdi. Ceyhun Bayramov nazir təyin olunandan sonra icra başçıları direktorlara tam sərbəstlik verir. Yeni nazirin fəaliyyətində təhsilin inkişafı ilə bağlı yeni heç nə yoxdur. Çünki məktəblər, tədris şöbələri icra hakimiyyətlərinin nəzarətindədir”.

Nabatəli Qulamoğlu

Ekspert bildirib ki, nazirin hesabatından sonra Baş nazirin müavini Əli Əhmədovun və vitse-spiker Bahar Muradovanın çıxışları siyasi şou olduğundan onda təngənəfəslik yaradıb, ona görə sona qədər otura bilməyib: "Açıq demək lazımdır, bugünkü qurultay Azərbaycan təhsilinə heç nə verməyəcək”.

Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib.