Bakı bulvarında vətəndaşları necə soyurlar? - FOTOLAR

Bakı bulvarında vətəndaşları necə soyurlar? - FOTOLAR

22-07-2016 01:06 / Bu xəbər 5405 dəfə oxundu

Bakı bulvarında əhalini narazı salan səbəblərdən biri də qiymətlərin, xüsusən də çayın baha olmasıdır. Xüsusən də yay aylarında Dəniz Kənarı Milli Parka üz tutan paytaxt sakinləri dəfələrlə bu cür soyğunçuluq halları ilə üzləşiblər. Bəli, məhz soyğunçuluq...

Sakinlər dəfələrlə bildiriblər ki, Bakı Bulvarında fəaliyyət göstərən çay evlərinin bəziləri qiymətləri qaldırıb, bəziləri isə sadə çay verməkdən imtina edirlər. Məsələn, "Palma” kafesində son günlərə qədər sadə çay içmək mümkün idi. Amma indi müştəri mütləq çayın yanında nəsə əlavə sifariş etməlidir. Sifariş etmədiyi halda, heç bir xidmət göstərilmir, əksinə, müştəri kafedən uzaqlaşdırılır. 

Bu gün Arqument.Az-ın əməkdaşı da axşam saatlarında "Palma" kafesində soyğunçuluğa məruz qalıb. Belə ki, əməkdaşımızdan iki sadə çay və bir mürəbbəyə görə 12 manat məcburu ödəniş tələb olunub. Kafedən bildiriblər ki, bir sadə çay 3 manat, mürəbbə isə 6 manatdan hesablanır. Əlavə sadə çay sifariş verildikdə isə yenə 3 AZN ödəniş olunmalıdır. 

Bundan başqa, Bulvarda müştərilərə əlavə xidmətlər də göstərilir ki, bunlar da hesabda göstərilmir. 

Əməkdaşımız bildirir ki, ona dükanlarda 3 AZN-ə satılan "Kent 4" markalı siqareti 5 AZN-ə satıblar. Beləliklə, əməkdaşımızdan 17 manat pul alınıb. Baha qiymətə satılan siqaret və digər məhsullara görə isə qəbz verilməyib. Bu da açıq-aydın vergidən yayınmaq üçün atılan addımdır. 

Əməkdaşımız pulu ödəyib qəbzi aldıqdan sonra elə kafedə ikən Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla əlaqə saxlayıb. Nazim Məcidov bildirib ki, bu məsələ ilə bağlı Bakı Dənizkənarı Bulvar İdarəsinin (BDBİ) direktor müavini Azər Muradovla əlaqə saxlasın. 

Azər Muradov isə əməkdaşımıza deyib ki, sabah şəxsiyyət vəsiqəsi və ona təqdim olunan qəbzlə idarəyə yaxınlaşsın. Bundan sonra kafe ilə bağlı tədbir görüləcək, həmin xidmətçi - ofisant işdən kənarlaşdırılacaq.

Aydın görünür ki, bulvarda baş verənlərə görə adi işçilər, ofisantlar deyil, onlara qiymətlərlə bağlı təlimatı verən kafe rəhbərliyi məsuliyyət daşıyır. Çünki hesabı məhz kafe rəhbrlikləri müəyyənləşdirir. Bakı Bulvar İdarəsi isə bu halları görməzdən gəlir. Bir sözlə, vaxtaşırı reydlər keçirib bu qanunsuz halların qarşısını almaq əvəzinə, oturub müştərilərin şikayətini gözləməklə problemi çözmək məsuliyyətsilikdən xəbər verir. 

Qeyd edək ki, bu problemlər təkcə "Palma" kafesində yaşanmır. Bir neçə gün öncə müştərilər "Mirvari" kafesində də analoji halla qarşılaşıblar. Belə ki, çay dəstgahı sözügedən kafedə 22 AZN-dən başlayır. 

"Bulvarda Mirvari adlanan kafedə 4 nəfərlik çay içmək istədik. Dəstgah mütləq şərt olduğunu söylədilər. 22 manatlıq dəstgahda həcm elə müəyyənləşib ki, adama 1 kiçik türk рaxlavası, 1 qaşıq mürəbbə, bir neçə dənə ləрə düşdü. Administratoru çağırdım ki, sözümü deyim. Qarson gəldi ki, guya administrator yoxdu, sözümüzü ona deyək. Soruşdum ki, ikinci stəkan çayı içmək üçün yeni çaynik sifariş verməli olduğumuzu başa düşsək də, bəs çayı nə ilə içək, yenidən dəstgah sifariş verməliyik?! Cavab: vallah biz kimik ki, nə verirlər onu gətiririk. Bir sözlə, fürsətçilik edib camaatı rəsmən soyurlar, rəhbərliyi də çağıranda gizlənirlər. Bulvar İdarəsi də guya nəzarət edir!" - bunu isə iyulun 7-də eyni problemlə üzləşən Akif Qurbanov feysbukda yazıb. 

Bakı Dənizkənarı Bulvar İdarəsinə gəlincə, bu qurumun mediaya açıq olması, baş verən hallarla bağlı müntəzəm əlaqə saxlaması diqqətçəkən məqam olsa da, problemlərin həll olunmamasına görə də məsuliyyət məhz bu qurumun üzərinə düşür. 

Ümid edirik ki, qurum mediada işıqlandırdığımız bu mövzu ilə bağlı rəsmi ölçü götürəcək. O ki qaldı bizim idarəyə müraciət etməyimizə, elə problemi faktlarla təqdim etməyimiz də onlara kifayət qədər əsas verir. 

Məsud TURAN
Arqument.Az