Bakı Film İnstitutu növbəti tələbə qəbuluna start verib

Bakı Film İnstitutu növbəti tələbə qəbuluna start verib

28-12-2015 14:38 / Bu xəbər 4804 dəfə oxundu

Bakı Film İnstitutu (BFİ) aktyor, ssenarist, kinoprodüser və videoqrafer ixtisasları üzrə tələbə qəbuluna başlayıb. 

Bununla əlaqədar olaraq BFİ "Biz sizi başa düşürük” adlı tanıtım kampaniyasına da start verib. Tanıtım çarxları "Bumeranq” kreativ agentliyi tərəfindən istehsal olunub. 

BFİ- nin rəhbəri, kinoprodüser Fehruz Şamıyev  Qaynar.info-ya açıqlamasında bildirib ki, 2016- cı ildə kino təhsili mərkəzində yeniliklər olacaq: "Biz Azərbaycanda kino sahəsindəki boşluqları nəzərə alaraq bu kursları yaratmışıq. İndiyək kinoprodüser, kinorejissor, aktyor kurslarının bir neçə buraxılışları olub. İlk dəfə olaraq isə ssenarist və videoqrafer ixtisasları  üzrə kurslar təşkil edirik. Hər ixtisas üzrə sənəd qəbulu 2016-cı il yanvar ayının 15-nə kimi davam edəcək. Kursların müddəti üç aydır. Türkiyə, İran, İngiltərədən olan mütəxəssislərlə danışıqlar artıq başa çatıb. Onların BFİ-də ssenarist ixtisası üzrə dərsləri nəzərdə tutulub”.

Yanvar ayında özünün 3 yaşını qeyd edəcək Bakı Film İnstitutunda indiyədək ölkənin peşəkar kino mütəxəssisləri öz biliklərini gənclərlə bölüşüblər. Kurslarda rejissorlar Şamil Əliyev, Adil Azay, Elşən Zeynallı, operator Kənan Məmmədov, kinoprodüserlər Müşfiq Hətəmov, Nəriman Məmmədov, Fehruz Şamıyev, ssenarist İlqar Fəhmi, aktyor Şövqi Hüseynov və başqalarının dərsləri keçirilib. Ötən buraxılışların kurs rəhbərləri isə kinorejissor Şamil Nəcəfzadə, kinoprodüser Əli İsa Cabbarov, aktyor- rejissor Qurban Məsimov olub. Bundan başqa mərkəzdə Avropa Kino Akademiyasının ən yaxşı prodüseri Zeynəb Özbatur Atakanın da üçlük treninqləri keçirilib. 

Fehruz Şamıyevin sözlərinə görə, BFİ- nin aktyor kursunun məzunları yerli serial və bədii filmlərdə rol alıb, o cümlədən kinoprodüser ixtisasından məzun olanlardan bəziləri hazırda Hollivudda, London Film Məktəbində təhsil alırlar: "Bundan başqa məzunların əksəriyyəti məhz bu kurslardan sonra kino sahəsində çalışmağa qərar veriblər. BFİ bazasında  bir neçə qısametrajlı filmlər, o cümlədən sosial çarxlar hazırlanıb. Həmin audiovisual məhsullar müxtəlif müsabiqələrdə iştirak edərək qalib olublar”. 

"Biz sizi başa düşürük” adlı tanıtım rolikinin ilk seriyasını təqdim edirik: